PDF Oxu

Əsas

  • 57

Mübariz Əhmədoğlu: "İran nazirlərinin biri barışıq istədiyi halda, digəri Azərbaycana casuslar göndərir"

Mübariz Əhmədoğlu: "İran nazirlərinin biri barışıq istədiyi halda, digəri Azərbaycana casuslar göndərir"

İranın antiazərbaycan siyasəti o qədər açıq şəkildə üzdədir ki, bunun yanından ötüb-keçmək, görməmək və ya görməzliyə vurmaq mümkün deyildir. Məşhur bir deyim var- "dəvəquşu siyasəti". İranın indiki dini və icra rəhbərliyinin daxili və xarici siyasətini "dəvəquşu siyasəti" termini düzgün xarakterizə edir. Balaca başını kolluğa soxan dəvəquşu bütün bədənini gizlətdiyini düşünür. İranın dini və icra rəhbərliyi yaxşı yaşayır; İranla bağlı neqativ informasiyaları ətraflarına buraxmırlar. Elə başa düşürlər ki, İran əhalisi də firavan yaşayır və xarici informasiyaları inkar etməklə bu tip informasiyalar ümumiyyətlə mövcud olmayacaqdır. Bu fikirlər eynilə İranın Azərbaycan Respublikası ilə əlaqəli siyasətinə də aiddir.

Qurani-Kərimdə sələmi qadağan edən ayələri görməyən İran hicabla bağlı nəsihətverici ayələri hökm kimi təfsir edir. "Hicab şəhidi" də təzə termindir. Əslində, İran ayətullahlarının bir qismi İranda sələmçiliyin inkişafında iştirak etməklə, başqa bir qrupu isə sələmçiliyin inkişafına münasibət bildirməməklə, "sələmçilik şəhidliyi" üçün kifayət qədər əsas yaradırlar. Əgər doğrudan da İran həqiqi islam dövlətidirsə, niyə İranın başda oturan din xadimləri ölkələrindəki sələmçilik barədə bircə kəlmə də olsun söz deməyiblər.

İranın müdafiə etdiyi Suriyada qadınların hicaba münasibəti eynilə Azərbaycan qadınlarının hicaba olan münasibəti kimidir. Suriyada partiyalara münasibət Azərbaycan Respublikasında olduğu kimidir. Qarabağ məsələsində İranın mövqeyi ümumiyyətlə tragikomediyadır: 1000 km özündən kənarda olan Fələstin torpaqlarından ötrü, guya dava etməyə hazır olduğunu nümayiş etdirir, birbaşa sərhəddinə toxunan Azərbaycan torpaqlarının işğalında isə işğalçıya yardım edir. Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə məhz Qarabağ məsələsinə görə Ermənistanla heç bir diplomatik, siyasi, iqtisadi əlaqə qurmayıblar. İranın düşmən elan etdiyi dövlətlər sırasında Səudiyyə Ərəbistanının adı birinci yerdədir. O cümlədən, elə Azərbaycan Respublikasının da adı İranın düşmən elan etdiyi dövlətlər arasında birincilər sırasındadır. İraq ərəb-şiə dövlətidir. Həqiqi müsəlman üçün islamı ərəbin təbliğ etməsilə farsın təbliğ etməsi fərqlənməlidir. Ən azı, Qurani-Kərim ərəb dilində nazil olub. İraq əhalisi həm Quranın nazil olduğu dildə danışır, həm də əksəriyyəti Azərbaycanın əksər əhalisi kimi şiə təriqətlidir. 17 milyonluq İraq hətta indiki dağıdılmış vəziyyətində 65-70 milyonluq İrana təslim olmadı, onun təzyiqlərini uğurla neytrallaşdırdı. İraq şiələri öz dinlərini və milli kimliklərini indiki ağır vəziyyətlərində də İranın qarşısında qorumaları böyük təcrübədir. Nə qədər İran yaşayır, İraqın bu təcrübəsini öyrənmək Azərbaycan olaraq bizim borcumuzdur.

İraq müctəhidləri, o cümlədən ayətullah Sistani o dini liderdir ki, İran islam inqilabının lideri Seyid Ruhulla Musəvi Xomeyni çətinə düşəndə ondan kömək diləyib. Səhv və ya düz olmasından asılı olmayaraq, Xomeyninin yaşamasında, onun ideyalarının inkişafında müctəhid Sistaninin mühüm rolu olmuşdur. Azərbaycan şiələri də müctəhid Sistaniyə təqlid edə bilərlər. İranın üçüncü-dördüncü dərəcəli müctəhidlərindənsə, birbaşa ayətullah Sistaniyə və ümumiyyətlə, İraqdakı digər müctəhidlərə təqlid etmək ən düzgün seçimdir.

ABŞ və İsrailin İranı anlaması qəliz məsələdir. Lap yaxınlarda iranlıların ali dini lideri S.Ə.Xamneyinin on ikinci imam Mehdi Sahib əz-Zamanla bağlı səsləndirdiyi fikrin dünya mətbuatında yaratdığı effekt bunun bariz nümunəsidir. On ikinci imam Mehdi Sahib əz-Zamanla bağlı dini konsepsiyanın yaşı on dörd əsrdir. Dünya, ümumiyyətlə Qərb mətbuatı sanki indi ayılıb. Eləcə də İranın sonuncu imama münasibəti də əcaibdir: bir tərəfdən camaata zülm edib, ədalətsizlik yaradırlar, o biri tərəfdən deyirlər ki, on ikinci imam gəlib zülmü və ədalətsizliyi yaradanlara qarşı mübarizə aparacaqdır. Belə şeyləri qərblilər başa düşə bilməzlər.


İranın siyasi islamını Avropanın başa düşməsi üçün on altı əsr vaxt lazımdır


Qarşıdan bir-birinin ardınca Ramazan və Məhərrəmlik ayları gəlirlər. Hər il bu dini ayinlər zamanı İran dini təbliğat məqsədilə müsəlman ölkələrinə molla və Qumda oxuyan tələbələr göndərir. Bu niyyətlə ən çox molla və tələbə göndərilən dövlət Azərbaycan Respublikasıdır. Göndərilənlərin formal işi dini moizələr etmək, nöfhələr oxumaqdırsa, əsl məqsədləri dindarları Azərbaycan Respublikasına, hakimiyyətinə qarşı qızışdırmaq və casusluq fəaliyyətidir. İran ABŞ və İsrailə belə casus təbliğatçılar göndərmədiyi üçün onlar bunun mahiyyətini anlaya bilməzlər. Müsəlman dövlətlərinin hamısı İranın belə siyasəti ilə bu və ya digər dərəcədə əyani şəkildə rastlaşmışlar. Yeri gəlmişkən, bizim rəsmilərimiz, xüsusilə MTN-in bu məlumatları nəzərə alması vacibdir. Casusluqla heç bir əlaqəsi olmayan iki şairimizi dünyanın bütün xüsusi xidmət orqanlarının casusu elan edərək həbs edən İran özü utanmaz-utanmaz ölkəmizə "molla" adı ilə 50 və ya 100 nəfər təbliğatçı-casus göndərəcəkdir. Gələnlərin içərisində Azərbaycandan İrana oxumağa gedənlərin də olacağı gözləniləndir. Qum şəhərində belə təbliğatçı-casusların müsəlman ölkələrinə, o cümlədən Azərbaycana yola salınma mərasimində İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) rəhbəri Heydər Mösləhi iştirak etdi və onlara xeyir dua verdi. İran rəsmiləri qarşıdan gələn Ramazan və Məhərrəmlik bayramlarında Azərbaycanla əlaqəli məsələlərdə rəsmi Bakıya uduzmaqlarının əvəzini çıxmağı qarşılarına məqsəd qoymuşlar. Hər halda, bizim MTN hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq, "molla" adı ilə İrandan gələn təbliğatçı-casusları nəinki aşkarlayacaq, hətta onlardan İranın antiazərbaycan siyasətinin kim tərəfindən idarə olunduğunu soruşa biləcək.

ABŞ və İsrailin başa düşə bilmədiyi məsələlərdən biri də hicab və sələmə İranın dini rəhbərliyinin münasibətidir. İranın ali dini rəhbərliyi Qurani Kərimin, islam dinin qadağan etdiyi sələmçiliyi təbliğ və təşviq etməklə məşğuldur. Materialist dünyanın adamları bunu belə başa düşəcəklər ki, İranın ali dini rəhbərliyinə pul lazımdır və ona görə də sələmçiliyi dəstəkləyirlər. İranın ali dini lideri asketik həyat tərzi sürür, ona pul lazım deyil; pul lazım olarsa, islam dinin normaları ona külli miqdarda pul qazanmağa imkan yaradır. İranda sələm və hicab məsələlərinin müxtəlif cür izah olunması siyasi islamdır. Hicab məsələsi Azərbaycanın daxilinə təzyiq etmək üçün İrana lazımdır.

ABŞ və İsraildən fərqli olaraq, Səudiyyə Ərəbistanı, İraq və Azərbaycan həqiqi islamın necə və nə qaydada İran tərəfindən siyasi islama çevrildiyini çox gözəl bilirlər. Belə olan təqdirdə, Azərbaycanın İrana qarşı mübarizə üçün kənarda müttəfiq axtarması absurddur. İrana qarşı mübarizədə ABŞ və İsrailə nəyi başa salsaq da, İran həmin postulatları dərhal neytrallaşdıra biləcəkdir. ABŞ və İsrail heç bir zaman İrana qarşı müttəfiqlərimiz olmayıblar, Səudiyyə Ərəbistanı və İraq isə ola bilər.

Müasir İran rəhbərliyi ABŞ-la əlaqələr qurmağa can atır. İran rəhbərliyi ABŞ-a və İsrailə "Azərbaycanı neynirsiz, mən sizin sınanmış qulunuzam" fikrini deməyə həmişə hazırdır. İsrail-İran əlaqələri heç kimə sirr deyildir. İran bu kontekstdən Səudiyyə Ərəbistanını və İraqı aldada bilməyəcəkdir. İrana qarşı ABŞ və İsrailin müttəfiqliyi kiminlə olmasından asılı olmayaraq, süni müttəfiqlikdir. İranın apardığı siyasət isə Səudiyyə Ərəbistanı, İraq və Azərbaycanı ona qarşı birləşib təbii müttəfiq olmağa təhrik edir. Burada bir nüans var: İran son vaxtlar müsəlman həmrəyliyi istiqamətində ritorikasını gücləndirmişdir. Hər gün qonşuluğundakı ərəb dövlətinin birinin liderini "öldürən" İran siyasəti açıq şəkildə Azərbaycan-Səudiyyə Ərəbistanı və Azərbaycan-İraq münasibətlərinə etiraz edə bilməyəcəkdir. Ona görə də Səudiyyə Ərəbistanı və İraqın ikisindən birini "ABŞ", digərini "İsrail" kimi adlandırıb, bu adla da Azərbaycanı "İsrail"in və "ABŞ"-ın müttəfiqi hesab etməkdə davam edəcəkdir.

İsrail siyasətinə görə daha çox İran və Ermənistana bənzəyir. Bizim müttəfiqimiz ola bilməz. Normal dost münasibətlər müttəfiq münasibətləri demək deyildir. Tək İran deyil, bizim ən yaxın müttəfiq hesab etdiyimiz digər dövlətlərin də İsraillə problemləri vardır.

İsraillilərin Dağlıq Qarabağda çıxartdığı son şəbihgərdənlik və İranın buna susması bu üç dövlətin bir-birinə yaxın olması ilə asan izah olunur. Həm yəhudilər, həm ermənilər, həm də iranlılar "bir millət, bir din" modelini qurmağa ciddi cəhdlər edirlər. İranın antiazərbaycançılığının mahiyyətində bu da var.

İndi Azərbaycan cəmiyyətində İranla bağlı barış əhval ruhiyyəsi güclənir. İranın təhsil naziri H.Hacıbabayinin Bakı səfəri barış üçün əsas yaratdı, İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) rəhbəri Heydər Mösləhi isə Azərbaycan Respublikasına təbliğatçı –casus göndərir. Dini və rəsmi Tehran şübhəli hərəkətlərilə barış niyyətlərini puç edə bilərlər. Ona görə də ciddi düşünmələri məsləhətdir. Barış istəyirlərsə, özlərini ona uyğun aparsınlar.

Sia

Digər xəbərlər