Dünən Yeni Azərbaycan Partiyasının "Yay məktəbi" layihəsi Oğuz rayonunda növbəti tədbirini keçirib. Öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar keçirilir. Oğuz rayonunun ən səfalı guşələrindən olan "Afra" istirahət mərkəzində toplaşan gənclər, əvvəlki günlərdə olduğu kimi, görüşün dördüncü gününü də uğurlu başa vurublar. İlk tədbir "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması prosesi" mövzusunda olub. Moderator Ərəstun Baxşəliyev giriş sözü ilə tədbiri açıb. Gənc fəallar mövzu ilə bağlı fikirlərini bildiriblər. Sonra qrupun rəhbəri millət vəkili Mirkazım Kazımov bildirib ki, bu gün Ermənistanın heç bir potensialı yoxdur: "Bunlar faktiki olaraq, Rusiya Federasiyasına əmindirlər. Onların "Silhdaşlıq, əməkdaşlıq" haqqında qanunu var ki, Ermənistanda yerləşən Rusiyanın silahlarıdır. Amma biz problemin sülh yolu ilə həll olunmasını istəyirik. Bildiyiniz kimi, Ümummilli Liderimiz Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə atəşkəsə nail olundu. Nəticədə, ölkəmizdə sabitlik yarandı, iqtisadiyyatımız yüksəldi. Bu gün artıq Azərbaycan bir dövlət kimi iqtisadi potensialı güclü olan ölkələr cərgəsindədir".
Nahardan sonra Oğuz rayonunda olan gənc fəallar həftənin dördüncü gününü daha fərqli və yaddaqalan tərzdə keçirdilər. Belə ki, gənclərin Şəkidəki "Xan Sarayı"na ekskursiyaya getmələri daha yaddaqalan oldu. Gənclər, ilk öncə, rayonun mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra, Heydər Əliyev Mərkəzində olublar. Sonra Oğuz rayonunda "Yay məktəbi" layihəsinin fəal gəncləri Şəkiyə səfər ediblər. "Xan sarayı" başda olmaqla, digər tarixi zənginliyi ilə seçilən yerlərə də ekskursiyalar olub.
Mövzu ətrafındakı diskussiyalarda iştirak edən gənclər öz təklif və fikirlərini iştirakçılarla bölüşdülər. Çıxış edən gənclər Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən, Onun Azərbaycanın milli-mənəvi sərvətlərinin qorunması üçün göstərdiyi qayğıdan, diqqətdən, Azərbaycanın milli-mənəvi sərvətlərindən söhbət açdılar. Çıxış edən gənclər, öz növbələrində, Yeni Azərbaycan Partiyasının bu kimi əhəmiyyətli tədbirlərində iştirak etdiklərinə görə, sevinc hisslərini və məmnunluqlarını bildirdilər.
Günün sonunda iştirakçı gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə proqramın davamı olaraq müxtəlif intellektual oyunlar keçirdilər.
RƏFİQƏ HÜSEYNOVA