PDF Oxu

Əsas

  • 65

Azərbaycan mətbuatının bu günü və sabahı

Azərbaycan mətbuatının bu günü və sabahı

(Əvvəli ötən sayımızda)


"Səs" qəzetinin redaksiyasında Milli Mətbuatın 137 illiyi münasibətilə dəyirmi masa keçirilib. Ənənəvi keçirilən dəyirmi masada Milli Mətbuatın bu illər ərzində keçdiyi tarixi və şərəfli yola nəzər yetirilib. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev bildirib ki, 1875-ci ildə "Əkinçi" qəzeti ilə təməli qoyulan mətbuat tarixinin müxtəlif dönəmlərində çətinliklərlə üzləşsə də, bütün sınaqlardan üzüağ çıxıb. Milli Mətbuatın çiçəklənmə dövrü isə Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə tarixi qaydışından sonrakı dövrləri əhatə edir. Onun məbuata xüsusi diqqət və qayğısı nəticəsində mətbuat bu gün inkişaf dövrünü yaşayır. Daha sonra dəyirmi masada iştirak edələr "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin baş redaktorunun müavini Zeynal Vəfa, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Üç nöqtə" qəzetinin redaktoru Elməddin Muradlı və AzərTAc-ın multimedia və videoxəbər şöbəsinin müdiri Orxan Yolçuyev çıxış etdilər.


"Səs" qəzetinin əməkdaşı:


- Azərbaycan həqiqətlərinin, xüsusilə, Dağlıq Qarabağ kimi Azərbaycanın qaysaq bağlamayan yarası olan bir problemin dünya mediasına çıxarılmasında üzərinə düşən vəzifəni yerinə yerirə bilirmi?


Zeynal Vəfa:


- Ümumiyyətlə, tarixin müxtəlif dönəmlərində erməni mənfurları Azərbaycana qarşı işğalçılıq siyasəti yeridib. Ermənilər azərbaycanlıların başına nə qədər müsibətlər gətirdilər. Nə qədər kəndlərimizi yandırıb külə döndərdilər. Bu cür faktlarla "Əkinçi" qəzetində də obyektiv yazılar dərc olunduğu üçün o dövrdə imkan vermirdilər ki, qəzet fəaliyyət göstərsin. Bununla bağlı xüsusi şöbə yaradılmışdı. Hətta Nuru paşanın Bakıda olan ermənilərə bir müraciəti də "Əkinçi" qəzetində çap olunmuşdu. Amma ermənilər yenə də öz işğalçılıq niyyətindən əl çəkmirdilər. İndiki qəzetlər də bununla bağlı çox işlər görür. Xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük səy göstərir. Bu gün çap olunan qəzetlərin əksəriyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektləri ilə bağlı ciddi araşdırma xarakterli yazılar dərc olunur. Söhbət obyektiv və qərəzsiz çap olunan qəzetlərdən gedir. Amma çox təəssüflər olsun ki, bunun əksini yazan qəzetlərdə var. Mən buna çox təəssüflənirəm ki, onlar da öz səhifələrində ermənilərin azərbaycanlılara qarşı zaman-zaman işğalçılıq siyasətini ifşa etmir. Biz, ümumilikdə, bu məsələnin dünya birliyinə çıxarılmasında ciddi işlər görməliyik. Çünki ölkə Prezidenti İlham Əliyevin bu münaqişənin həlli ilə bağlı kifayət qədər çıxışları olur. Dövlət başçısı daim öz obyektiv mövqeyini ortaya qoyur. Ermənilər bizim nə qədər tarixi abidələrimizi məhv edib. Biz bunları dünya ictimaiyyətinə çatdırmalıyıq. Bunun üçün mətbuatın üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, Azərbaycanda çoxlu sayda xarici dilli qəzetlərin nəşrinə ehtiyac var. Baxmayaraq ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün Heydər Əliyev Fondu mütərəqqi işlər görür, layihələr həyata keçirir. Amma bu işdə qəzetlərdə fəal olmalıdır. Mən xüsusilə, qeyd edim ki, qəzetlərimizdə Dağlıq Qarabağla bağlı silsilə yazılar gedir. Bunların çərçivəsi genişləndirilməlidir. Daha da geniş miqyasda işlər görməliyik. Bütün bunları həyata keçirmək üçün bizim şəraitimiz var. Dövlət qəzetlərin fəaliyyəti üçün bütün maneələri aradan qaldırıb, lazımi şəraiti yaradıb. Lakin bundan sui-istifadə edən qəzetlər də var, əgər onlara qəzet demək olarsa. Bir daha qeyd edim ki, hələ də mətbuatı gözdən salmaq istəyən qəzetlər, mətbu orqanlar fəaliyyət göstərir. O qəzetlərə baxanda, məni dəhşət bürüyür. Bəzi qəzetlər var ki, səhifələrində ölkədə gedən analoqu olmayan inkişaf bir yana qalıb, amma xaricdən qrantlar almaqla xoşagəlməyən hərəkətlər edir, reallığı, obyektivliyi özündə əks etdirməyən yazılar dərc edir. Bütövlükdə, qeyd etmək lazımdır ki, bu gün mətbuatın inkişafına dövlət qayğısı var. Böyük məsuliyyətlə deyə bilərəm ki, hələ Ulu Öndərimiz 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışı mətbuat tarixində önəmli səhifələr açdı. Ulu Öndər bütün junalistlərin fikirlərinə, ideyalarına, ümumilikdə, qələmlərinə azadlıq verdi. Ardıcılı olaraq, başqa sahələrdə olduğu kimi, mətbuat sahəsində də qanunvericilik bazası formalaşdı. Yeni mərhələdə bu addımlar uğurla davam etdirilir. Təsadüfi deyil ki, məhz jurnalistlərin sosial problemlərinin həlli istiqamətində uğurlu addımlar atıldı.


"Səs" qəzetinin əməkdaşı:


- Azərbaycan mətbuatına dövlət qayğısı və diqqəti hansı formada özünü göstərir?


Cəmaləddin Quliyev:


- Fürsətdən istifadə edib həmkarlarımı təbrik edirəm. İlk öncə, qeyd edim ki, milli mətbuatın yaranması tarixi, həqiqətən də, çox önəmli bir gündü - bayramdı. Biz bu tarixi böyük iftixarla qeyd edirik. Xüsusilə, mən Mətbuat Şurasının yaradılmasına toxunmaq istərdim. Belə bir qurumun yaradılması çox vacib və əhəmiyyətli idi. Çünki statistik rəqəmlərə nəzər salsaq, görərik ki, Mətbuat Şurası məhkəmələrə müraciətlərin sayı xeyli azalıb. Belə bir halın qarşısını məhz Mətbuat Şurası ala bildi. Mətbuat Şurası yaranandan bu yana qəzetlərin fəaliyyətinə ciddi nəzarət edir. Xüsusilə, hər hansı xoşagəlməz hallar baş versə, dərhal həmin qəzetə xəbərdarlıq olunur. Bu, müsbət haldı. Hətta reket jurnalistikaya qarşı ciddi tədbirlər görülür və düşünürəm ki, yaxşı nəticələr də verir. Ümumilikdə, mətbuat sahəsinə diqqət və qayğı davamlıdır. Ölkə başçısının diqqət və qayğısı nəticəsində qəzetlər təkmilləşib. 1998-ci ilin avqust ayında Ümummilli Lider Heydər Əliyevin sayəsində mətbuat üzərindən senzuranın götürülməsi önəmli hadisələrdən idi. Deyərdim ki, bu hadisə Azərbaycan mətbuatında yeni inkişaf mərhələsi idi. Həmin vaxtlardan başlayaraq, Azərbaycanda mətbuat sahəsində qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırıldı, ölkədə yeni qanunvericilik bazası formalaşdırıldı. Xüsusilə, qanunvericliyin təkmilləşdilirməsi elə əsas rol oynadı ki, bu sahədə mənfi halların qarşısı alınsın. Bununla yanaşı, Mətbuat Nazirliyinin ləğv olunması, onun əvəzinə 2003-cü ildə mətbuatın özünütənzimlənməsini həyata keçirən Mətbuat Şurası yarandı. Eyni zamanda, bu illər ərzində "İnformasiya əldə olunması haqqında" qanun da daxil olmaqla KİV sahəsində xeyli qanun qəbul olunub. Təkcə "İnformasiya əldə olunması haqqında" qanunun qəbulu milli mətbuatımız üçün daha geniş imkanlar yaratdı. Bununla yanaşı, 2000-ci ildə KİV-in inkişafına dəstəyin artırılması ilə bağlı dövlət ciddi addımlar atdı və ölkə başçısının iki mühüm Sərəncam imzaladı. KİV-in inkişafına dövlət dəstəyi ilə bağlı konsepsiya qəbul olundu. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Ölkə mətbuatı əlavə dəyər vergisindən azad olundu, qəzetlərin borcu ləğv olundu və sair.


"Səs" qəzetinin əməkdaşı:


- Azərbaycan mətbuatını region dövlətlərlə müqayisə etsək, bu müqayisə nələrlə ehtiva oluna bilər?


Orxan Yolçuyev:


- Əvvəlcə, bütün qələm sahiblərini bu gün münasibətilə AzərTAc-ın rəhbərliyi adından və öz adımdan təbrik edirəm. Qeyd etmək istərdim ki, bu gün Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır. Azərbaycanda mətbuat sahəsinə göstərilən diqqət və qayğı nəticəsində mətbuat çox irəliləyişlər və uğurlar qazanıb. Azərbaycan mətbuatını region dövlərlərlə müqayisə etsək, ilk öncə, deyə bilərək ki, Azərbaycanın mətbuatı region dövlətlərinə nümunədir. Birmənalı şəkildə Azərbaycan mətbuatının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də mətbuata qayğı var və həmin ənənə davam olunur. Qeyd etmək lazımdır ki, Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə qorunur. Bu da region dövlətləri ilə müqayisədə fərqi ortaya qoyur.


Müşfiq Ələsgərli:


- Tamailə haqlı qeyd olundu. Amma bir şeyi deyim ki, biz Azərbaycan mətbuatını Amerika, Böyük Britanıya kimi nəhəng dövlətlərin mediası ilə müqayisə etsək, bu tələskənlik ola bilər. Çünki orda yüz illərin təcrübəsi var. Amma Azərbaycanı yaxın qonşu ölkələrlə müqayisə edəndə, məlum olur ki, həqiqətən də Azərbaycan mətbuatı qısa zaman kəsiyində ciddi uğurlar əldə edib. Ümumilikdə, MDB məkanında ilk dəfə olaraq, Azərbaycanda mediaya özünütənzimləmə statusu verilib və ilk dəfə medianın inkişafı üçün dövlət fondları yaradıldı. İlk dəfə milli donor qrumunun yaradılması xüsusilə, qeyd olunmalıdır. Ortada müəyyən qüsurlar və çatışmazlıqlar mövcuddur. Bunun üçün ciddi tədbirlər görülür. Amma bütövlükdə götürdükdə, həqiqətən, bu illər ərzində mətbuatın inkişafı üçün xeyli işlər görülüb.


"Səs" qəzetinin əməkdaşı:


- Jurnalistikanın peşəkarlığından çox danışılır. Burda çoxlu sayda fikirlər səsləndirilir. Qeyd etmək lazımdır ki, Azərbaycanda çoxlu sayda mətbu orqanlar var. Eyni zamanda, qeyri-peşəkarların da olduğu danılmazdır və bu məsələnin kökündə bəzi yeni yaranan qəzetlərin öz ştat cədvəlini doldurmaq üçün qeyri-peşəkarlığı qəzet səhifələrinə cəlb etmək dayanmır ki?


Elməddin Muradlı:


- Haqlı olaraq qeyd edirsiniz. Belə hallar mövcuddur. İstər çap mediasında, istər internet mediasında sanballı mətbuat orqanları var ki, onları gözdən salır. Bu gün təkcə internet mediasına nəzər salsaq, görərik ki, nə qədər saytlar açılıb. Əksəriyyətində şantaj xarakterli yazılar yerləşdirilir. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən sanballı və tarixdə iz qoymuş mətbuat orqanları bununla bağlı ciddi işlər görməli və konkret addımlar atmalıdır. Ölkədə 15-18 illik tarixi olan qəzetlər birləşib, bu üzdəniraq medialara qarşı bir tədbir görməlidir. Nə zamana, qədər bunlar Azərbaycan jurnalistikasının imicinə ziyan gətirəcək?! Ölkədə mətbuat sahəsində yaradılan gözəl şəraitdən öz məqsədləri üçün istifadə edən bu qurumlara qarşı ciddi tədbirlərin görülməsinin tərəfdarıyıq. Düşünürəm ki, həqiqətə uyğun olmayan məlumatlar dərc edən bəzi saytlar və qəzetlər var ki, mətbuatın adına ləkədir. Öz fəaliyyətlərini yalnız təhqir və şantaj əsasında qurub.


"Səs" qəzetinin əməkdaşı:


- Vüqar müəllim, hələ də bəzi mətbu orqanlar var ki, Mətbuat Şurasının "Reket jurnalitika"ya qarşı mübarizə Komissiyasının uğurlu fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır. Bununla bağlı daha hansı tədbirlərin görülməsi nəzərdə tutulur?


Vüqar Rəhimzadə:


- Azərbaycanda mətbuat sahəsi üzrə kifayət qədər qanunvericilik aktları var. Deyərdim ki, qeyri-peşəkar şəxslər də var ki, mətbuat sahəsinə siyarət edir. Öz sahələrinə uyğun fəaliyyət göstərirlər. Bir neçə mətbuat orqanları təsis edirlər. Onların məqsədi mətbuatda çalışmaq yox, öz çirkin məqsədlərini nail olmaqdan ibarətdir. Onlar insanlara böhtan atmaqla, şəxsi həyatına müdaxilə edir. Belə hallar da yolverilməzdir. Xüsusilə, yalan informasiyalar yaymaqla öz şəxsi maraqlarına çatmaq üçün şantajdan da istifadə edirlər, bununla da müəyyən maliyyə vəsaiti əldə edirlər. Hesab edirəm ki, Mətbuat Şurası yarandığı gündən bu günə qədər bu istiqamətdə çox uğurlu fəaliyyət göstərib. Bununla bağlı Mətbuat Şurasında "Reket jurnalitika"ya qarşı mübarizə Komissiyası fəaliyyət göstərir. Bu gün təxminən 100-ə yaxın mətbuat orqanı Mətbuat Şurasının qara siyahısında yer alır. Ümumilikdə, mən deyərdim ki, qara siyahıya düşən qəzetlərin redaktorları Mətbuat Şurasına gəlib öz səhvlərini etiraf edib və təşəkkür ediblər ki, Mətbuat Şurası bizi uçurumdan geri döndərdi. Hətta qeyd edim ki, bəzi qara siyahıya düşən qəzetlər ki, var ki, yenə də onlar bəd əməllərini davam etdirir. Bunun üçün qanunların daha da sərtləşdirilməsinə ehtiyac var. Aparıcı mətbuat orqanlarının bu məsələ ilə bağlı fikir mübadiləsinə ehtiyac var. Düşünürəm ki, bunlarla bağlı daha sərt ölçü götürülməlidir. Ya bu qəzetlərin müəyyən müddətə çap olunmasına icazənin verilməməsi, qəzetin redaktorunun müəyyən dövr ərzində redaktorluqdan uzaqlaşdırılması və ya başqa tədbirlərin aparıcı mətbuat orqanların müzakirə olunmasını vacib hesab edirəm. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti də Mətbuat Şurasının bu istiqamətdə apardığı işləri dəstəkləyir.


Babək Hacıyev

Digər xəbərlər