Artıq üçüncü həftədir ki, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələri olan Oğuz və Lerik rayonlarında gənclər üçün "Yay məktəbi" layihəsi çərçivəsində tədbirlər həyata keçirilməkdədir. Öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar keçirilir. Onu da xatırladaq ki, bu kimi tədbirlər artıq ənənə şəklini alıb. Beləliklə, dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsi Oğuz rayonunda növbəti tədbirini keçirib. Ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 70-dən çox gənc üzvü Oğuz rayonuna səfər çərçivəsində 5 gün ərzində müxtəlif görüşlər keçirib, aktual mövzulara aid müzakirələr aparıb, diskussiyalar təşkil ediblər. Oğuz rayonunun ən səfalı guşələrindən olan "ARFA" istirahət mərkəzində toplaşan "Yay məktəbi" layihəsi çərçivəsində 70 nəfərdən çox iştirakçı gənclər layihənin üçüncü həftəsinin ilk günü Oğuz rayonu ilə tanış oldular. Həmçinin, rayonun mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra Heydər Əliyev Muzeyi ilə tanış olublar. Mərkəzlə tanışlıq zamanı gənc fəallara mərkəzdə toplanmış Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verildi. Mərkəzlə yaxından tanış olan gənclər Ulu Öndərin zəngin irsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi ediblər. Bu mövzuda gənclərlə fikir mübadiləsi aparan qrupun rəhbəri, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Ulu Öndər Heydər Əliyev haqqında çoxlu sayda kitablar yazılsa da, Onun həyat və fəaliyyətini öyrənmək kifayət etmir. Çünki Ulu Öndərin xidmətləri tək müstəqillikdən sonrakı dövrləri əhatə etmir. Eyni zamanda, müstəqilliyə qədər olan dövrlərdə də Dahi Şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətinə, dövlətçiliyinə mütərəqqi xidmətləri olub. Bu gün hər bir gənc Ulu Öndərin zəngin irsini öyrənməlidir və bu geniş təcrübədən yararlanmalıdır. Çünki bu gün müstəqil Azərbaycan gəncinin cəmiyyətdəki fəal istiqamətinin təməlini məhz Ulu Öndər müəyyənləşdirib. Yeni mərhələdə cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Daha sonra fəal gənclər Oğuz rayon tarixi-diyarşünaslıq muzeyi ilə tanış olublar. Rayon tarix və diyarşünaslıq muzeyi ilə yaxından tanış olan fəal gənclər burada qədim eksponatları izləməklə yanaşı, onların tarixi ilə də yaxından tanış olublar. Burada arxeoloji qazıntılar zamanı tapılan bir çox əşyalar gənclərin diqqətini xüsusilə cəlb edib. Muzeyinin direktoru Arizə Xudiyeva gəncləri muzeydə olan eksponatla tanış edərək, bildirib ki, muzey 4 bölmədən: təbiət, qədim dövr, sovet imperiyasının süqutuna qədərki dövr və müasir dövr bölmələrindən ibarətdir. Daha sonra gənclər muzeyi gəzərək, Azərbaycanın tarixini, mədəniyyətini əks etdirən eksponatlara yaxından maraqlanıb. Xüsusilə, bu görüş gənclərdə böyük maraq oyadıb.
Sonra maraqlı diskussiyalar keçirən partiyanın fəalları əhəmiyyətli fikir mübadilələri aparıb, intellektual və interaktiv oyunlar təşkil ediblər.
R.HÜSEYNOVA