Dünən Yeni Azərbaycan Partiyasının "Yay məktəbi" layihəsi Oğuz rayonunda növbəti tədbirini keçirib. Öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar keçirilir. Oğuz rayonunun ən səfalı guşələrindən olan "Afra" istirahət mərkəzində toplaşan gənclər həftənin dördüncü gününü də daha fərqli və yaddaqalan tərzdə keçirdilər. Belə ki, Şəkidəki "Xan sarayı"na ekskursiyaya getmələri gənclərin hadisəsində daha yaddaqalan olub. Sarayın bələdçiləri Sücanə Cabbarova, Kamal Kərimov Şəki Xan Sarayı haqqında gənclərə geniş məlumat verib. Bələdçilər qeyd ediblər ki, dünyada öz orijinallığı ilə seçilən, Azərbaycan memarlığında möhtəşəm yeri olan Şəki Xan Sarayının hər şəbəkə beş min ədəd bir-birinə geydirilən hissələrdən ibarətdir. Həmçinin, saray naxışları əsasən dörd qrupa bölünür: həndəsi və bitki naxışlar, süjetli və quşların təsviri həkk olunmuş naxışlar.
Sarayla tanışlıqdan sonra gənc fəallar üçün Oğuz rayonunda yerləşən istirahət mərkəzlərinin birində piknik təşkil olunub. Onlar təbiət qoynunda istirahət ediblər.
Günün ikinci yarısı "Yay məktəbi" çərçivəsində Seçki kampaniyalarında ərazinin, ictimai rəyin öyrənilməsi, siyasi partiyaların seçki kampaniyalarında rolu" mövzusunda tədbir keçirilib. YAP GB-nin sədr müavini, moderator Aygün Əliyeva çıxış edərək, layihə haqqında gəncləri məlumatlandırıb. Moderator qeyd edib ki, lahiyədə iştirak edən bütün gənclər fəal olmalıdır. Bundan sonra gənclər bərabər olaraq qruplara bölünüb. Bölünən gənclər hər biri siyasi partiya rolunu oynayıb. Gənclər təmsil olunduğu partiyanın liderini seçmək üçün öz aralarında səsvermə keçirib. Seçilən 4 lider təmsil etdiyi partiyasının platformasını, şüarını hazırlayıb təqdim edib. Hazırlanan platformalar çərçivəsində gənc liderlər çıxış edib. Eyni zamanda, siyasi partiyaların yaradılması, fəaliyyəti və rolu ilə bağlı gənclər fikirlərini bildirib.
Daha sonra gənclərin çıxışlarını izləyən millət vəkili Məlahət İbrahimqızı gənclərin fəallığını qeyd edərək, vurğulayıb ki, "Yay məktəbi" çərçivəsində gənclərin bu cür layihələrə qoşulması və bu layihələrdə aktiv iştirakı gənclərin gələcək ictimai-siyasi həyatında önəmli rol oynayır. M.İbrahimqızı onu da bildirib ki, gənclər Yeni Azərbaycan Partiyasının namizədlərinin seçkilərdə təbliğat-təşviqat kampaniyanının şahidi olub: "Bu günkü gənclərin aktivliyi də sübut edir. Ümumilikdə, gənclər Yeni Azərbaycan Partiyasının siyasi təcrübəsindən çox yararlanmalıdır".
Sonda moderator Aygün Əliyeva bildirdi ki, "Yay məktəbi" müddətində layihənin davamı olacaq. Daha sonra bu mövzuda gənclər arasında fikir mübadiləsi aparılıb, diskussiyalar təşkil olundu.
RƏFİQƏ