Mübariz Əhmədoğlu: "Dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollara çatmış Ermənistanın və onun rəhbərliyinin pula ciddi ehtiyacı var"
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri, politoloq Mübariz Əhmədoğlu "Qarabağ saatı" mövzusunda mətbuat konfransı keçirib. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son proseslərə toxunulub. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan hər an Dağlıq Qarabağı qaytara bilər: "DQ-nin hərbi yolla işğaldan azad etmək Azərbaycanın hüququdur: bu hüquq beynəlxalq sənədlərdə də təsbit olunub. Bu kontekstdən Azərbaycan ordusu günü-gündən güclənir, maddi-texniki bazası möhkəmləndirilir".
Politoloq qeyd etdi ki, Ermənistan və Rusiya prezidentlərinin Moskva görüşü erməni hiyləgərliyinin S.Sarkisyan tərəfindən ifadə olunmasının bir formasıdır: "S.Sarkisyan bu görüşə Ermənistanda qarşıdan gələn prezident seçkilərində RF-nin rəğbətini qazanmağa görə razılıq verdi, görüş ərəfəsində məzuniyyətə çıxmaqla bu görüşün siyasi tutumunu "neytrallaşdırdı". Belə ki, görüşdə S.Sarkisyanın maraqlarına cavab verən hallar olacaqdısa, legitim görüş kimi təqdim ediləcəkdi".
Politoloq onu da bildirdi ki, Abxaziya və Cənubi Osetiyanın DQ-dəki prezident seçkilərinin nəticələrinə görə qalib elan edilən B.Saakayanı təbrik etməmələri Rusiyanın DQ münaqişəsinin tənzimlənməsində mövqeyinin ziyanına dəyişdiyinin ən bariz sübutudur. Erməni ekspertlərinin və ermənipərəst Rusiya siyasətçilərinin bu məsələyə münasibət bildirməmələri vəziyyəti qətiyyən dəyişmir. DQ münaqişəsinin Rusiya modelində bu ərazilərin müstəqil olması və ya Ermənistana birləşdirməsi mümkün deyil və ola da bilməz. Bu, Rusiyanın Cənubi Qafqazda mina hazırlayıb həmin minanı Şimali Qafqazın altına qoyması demək olardı.
Daha sonra politoloq qeyd etdi ki, Ermənistan rəhbərliyi Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi istiqamətində ciddi səylər göstərsə də, bu məsələdə lazımi effekt ala bilmədi: "Dağlıq Qarabağda maksimum 12 suriyalı erməni ailəsi işğal olunmuş Laçın və Zəngilan rayonlarında yerləşdirildi. Suriya erməniləri əvvəlcədən Ermənistanda olub, Ermənistandakı və Dağlıq Qarabağdakı vəziyyətlə maraqlanıblar. Ona görə Suriya erməniləri, ümumiyyətlə, Ermənistana gəlməkdən imtina edirlər. Ermənistan rəhbərliyinin Suriya ermənilərini Dağlıq Qarabağa köçürmə istiqamətindəki işləri dünya ermənilərindən pul qoparmaq cəhdindən başqa bir şey deyildir. Dövlət və qeyri-dövlət borcu 7,5 milyard dollara çatmış Ermənistanın və onun rəhbərliyinin pula ciddi ehtiyacı var".
Babək Hacıyev