Dünyanın böyük bayramı olan XXX London Yay Olimpiya oyunları başa çatdı. İyulun sonlarından başlayaraq, avqustun 12-dək davam edən möhtəşəm idman bayramı, demək olar ki, bütün ölkələr tərəfindən maraqla izlənildi və gündəmin əsas məsələsinə çevrildi. İdmana böyük diqqət və qayğının olduğu, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda da böyük Olimpiya həyəcanı yaşandı.
Azərbaycan idmançıları London Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək, ölkəmizə 10 medal qazandırdılar.
Bu isə ölkə idmanı üçün böyük uğur kimi qiymətləndirilməlidir. 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanan idmançılarımız Azərbaycan idmanını London Yay Olimpiya Oyunları kimi möhtəşəm idman bayramında uğurla təmsil etdilər. Olimpiadada idmançılarımızın ortaya qoyduğu mübarizə əzmi, iradə, olimpiya ruhuna sadiqlik Azərbaycanda həyata keçirilən idman siyasətinin mahiyyətini ortaya qoyur.
Bu günlərdə ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrindən olan insanlar bu sevinci yaşayır və bunu mətbu orqanlarda ifadə edirlər. Ölkə ziyalıları, dövlət və hökumət nümayəndələri müxtəlif KİV-də çıxış edərək, xalqımızı qazanılan uğurlar münasibətilə təbrik edir və bu qələbələrin özlüyündə yüksək əhəmiyyət daşıdıqlarını qeyd edirlər. Böyük qələbə ilə bağlı təəssüratlarını bölüşən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov da idamançılarımızın ölkəmizə gətirdiyi medalların hamımızın sevindirdiyini, qürur mənbəyi olduğunu və buna görə cənab Prezident İlham Əliyev cənablarına minnətdar olmağımızı nəzərə çatdırdı: "Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət ölkəmizin sürətli inkişafını təmin edib. Dövlətimizin dinamik inkişafı ilə paralel olaraq, idmanımız da yüksək sürətlə inkişaf etməkdədir. Dövlət başçısının idman sahəsini daim diqqətdə saxlaması, idmançıların qayğı ilə əhatə olunması Azərbaycan idmanının möhkəm və sağlam təməllər üzərində inkişafını təmin edib. Prezidentin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq, son illər ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər həyata keçirilib. Görülən bu işlər təkcə idmançılar deyil, bütün ölkə vətəndaşları tərəfindən rəğbətlə qarşılanır.
İdmanda olan nailiyyətlər göz qabağındadır. Bunları danmaq mümkün deyil. Bu inkişafın məntiqi nəticəsini London Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı medallarda gördük. 10 medal Azərbaycan idmanının inkişaf göstəricisi, ölkəmizdə Olimpiya hərəkatının nə qədər geniş yayıldığına əyani sübutdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz bu gün dünya idmanının və Olimpiya hərəkatının liderlərindən biri sayılır. Azərbaycan bayrağı Dünya və Avropa çempionatlarında, Olimpiya yarışlarında yüksəklərdə dalğalanır. Əbəs yerə deyil ki, Azərbaycan son illərdə əldə etdiyi uğurlar nəticəsində, Avropada və dünyada idman ölkəsi kimi tanınır. Bu mənada, ölkəmizdə Olimpiya hərəkatının inkişafının xüsusi yeri var. Sağlam həyat tərzinin təbliği, fiziki və mənəvi baxımdan sağlam gənc nəslin yetişdirilməsi, ölkəmizin beynəlxalq arenalarda müsbət imicinin formalaşdırılması baxımından idmanın inkişafının böyük əhəmiyyəti var. Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz bu gün dünya idmanının və Olimpiya hərəkatının ən fəal üzvlərindən biri sayılır.
Bu gün Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Heç bir qələbə təsadüfi deyil. Bu qələbə üçün əzmlə, dəyanətlə çalışmaq lazımdır. Elə Azərbaycan idmançılarının ortaya qoyduğu nailiyyətlər də məhz bu əsaslara söykənir. Burada sevindirici hal odur ki, komandamızın tərkibində müstəqillik dövründə dünyaya gəlmiş və ilk dəfə ölkəmizi Olimpiadada təmsil edən gənc idmançılarımız var idi.
Bu, Azərbaycan xalqının, Azərbaycan idmanının, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin qələbəsidir. London zəfəri dövlət başçısının Azərbaycanı dünya Olimpiya hərəkatının liderlərindən birinə çevirməsinin, ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasının məntiqi nəticəsidir. Azərbaycan xalqının möhtəşəm qələbəsinə sevinir, zəfər çalan idmançıları, o cümlədən, xalqımızı təbrik edirəm. Azərbaycan bayrağının daim yüksəklərə qaldırılmasını arzu edirəm".
ZÜMRÜD BAYRAMOVA