Bu günlərdə qondarma erməni soyqırımının yenidən Fransa dövləti tərəfindən gündəmə gətirilməsi narazılıqlara səbəb olub. Belə ki, bir neçə gün bundan öncə yayılan məlumatlarda bildirilir ki, Fransa qondarma erməni soyqırımı haqqında iddiaları dərsliklərə salır. Fransada sentyabrın 4-də başlayacaq dərs ilində şagirdlərin kitabında "Erməni soyqırımı" başlıqlı bölüm olacaq.
Artıq orta məktəbin 3-cü sinif tarix və çoğrafiya dərsliklərində, 1915-ci il hadisələri "soyqırım" olaraq tədris ediləcək. Qeyd edək ki, Fransa və Türkiyə münasibətləri yanvar ayında erməni iddiaları səbəbilə dondurulmuşdu. Belə ki, ilin əvvəlində 1915-ci il hadisələrinin "soyqırımı" olduğunu inkar edən qanun layihəsi parlamentdən keçsə də, Konsitusiya Şurası qanun layihəsini ləğv etmişdi.
Beynəlxalq arenada daim Ermənistanı dəstəkləyən dövlət rolunda çıxış edən Fransa cari ildə də ölkədə bir sıra vacib proseslərin getməsinə baxmayaraq, qondarma erməni soyqırımına ayırmağa da vaxt tapa bildi. İlin əvvəlində "soyqırımı" məsələsinin Fransa parlamentinə çıxarılması, ötən ay Fransada qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə təkrar baxılması və nəhayət, son günlərdə qondarma soyqırımının dərsliklərə salınması ilə bağlı qərarlar bir daha Fransanın Ermənistana dəstəyini göstərmiş oldu. Bu gün özünü dünyaya demokratik ölkə kimi tanıdan və haqqın cırçısı kimi çıxış edən Fransanın belə addımlara əl atması onun əsil üzünü açıb ortaya qoyur. Yəni Fransa heç də haqq-ədalət carçısı deyil, işğalçı rejimi dəstəkləyən bir ölkədir. Bu isə, onun nəinki Türkiyə ilə münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər, həmçinin, beynəlxalq aləmdə də ona olan inamın, nüfuzunun azalmasına səbəb ola bilər. Türkiyə ilə münasibətlərin korlanması isə artıq baş vermək ərəfəsindədir. Yanvar ayında müşahidə olunan durğunluğun davamlı olması ehtimalı istisna olunmur. Bundan əziyyət çəkən tərəf isə Fransa olacaq. Ermənistanla münasibətlərin yaxşılaşmasından heç bir şey əldə edə bilməyəcəyi təqdirdə, Fransa Türkiyə ilə əməkdaşlıqdan çox böyük xeyir götürə bilərdi ki, bunun da artıq mümkün olmayacağı ehtimal olunur.
Türkiyə dövləti Fransanı mövqeyindən döndərmək, onu erməniləri dəstəkləməkdən çəkindirməkdən ötrü ölkə rəhbərliyi ilə danışıqlar aparsa da, bu, heç bir nəticə vermədi. Yeni seçilən prezident də özündən əvvəlki prezidentlərin ənənəvi "erməni sevgisi" siyasətini davam etdirərək, onları dəstəkləməyə davam edir. Burada isə, təbii ki, erməni lobbisinin "xüsusi fəaliyyəti" də nəzərə alınmalıdır. Ermənistana dəstək məhz onların fəaliyyətinin nəticsidir. Hökumətdə təmsil olunanların ermənilərə bağlılığı da onların ermənipərəst siyasət aparmalarına səbəb olur.
Bütün bunlara baxmayaraq, artıq Fransa dövləti də başa düşməlidir ki, Ermənistanı dəstəkləməklə heç nəyə nail ola bilməz. Aydındır ki, Ermənistan işğalçı ölkədir və onun apardığı siyasətin sonu yoxdur. Bu siyasət süquta məhkumdur. Ona verilən istənilən dəstək isə əhəmiyyətsizdir və özünü doğrultmayacaq.
MURAD