Təmraz Tağıyev: "Xaricdə təhsil alan gənclərimizin vəzifəsi yüksək biliklərə yiyələnməklə yanaşı, oxuduqları ölkələrdə Azərbaycanı geniş təbliğ etməkdən ibarət olmalıdır"
Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında xaricdə təhsil alan bir qrup azərbaycanlı tələbələrlə görüş keçirilib. Rayon təşkilatının sədri Təmraz Tağıyev Azərbaycan dövlətinin təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirdiyini bildirib. O, qeyd edib ki, məqsəd gənc nəslin yüksək biliklərə yiyələnməsi, layiqli vətəndaş kimi formalaşmasından ibarətdir. Bu baxımdan rayon təşkilatının sədri azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramının əhəmiyyətini vurğulayıb: "Bu proqram çərçivəsində minlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar. Onlar yüksək biliklərə yiyələnməli və dövlətimizin etimadını doğrultmalıdırlar.
Təbii ki, bu fakt neft kapitalının insan kapitalına çevrilməsinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir. Bu yaxınlarda Azərbaycan Ordusunun gənc zabiti Ramil Səfərovun Macarıstandan ekstradisiyası və əfv olunması hörmətli Prezidentimizin qətiyyətinin nümunəsidir. Bu fakt onu göstərir ki, dövlətimizin başçısı hər bir vətəndaşın hüquqlarını yüksək səviyyədə qoruyur. Xaricdə təhsil alan gənclərimizin vəzifəsi yüksək biliklərə yiyələnməklə yanaşı, oxuduqları ölkələrdə Azərbaycanı geniş təbliğ etməkdən ibarət olmalıdır. Siz gənclər təhsilinizi başa vurduqdan sonra qayıdıb ölkəmizin inkişafına öz töhfələrinizi verməlisiniz".
YAP Nərimanov təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı bildirib ki, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Onun sözlərinə görə, dövlət hər bir addımında gəncləri müdafiə etdiyini və dəstəklədiyini nümayiş etdirir. Y.Babanlı xaricdə təhsil alan gənclərin qazandığı uğurları yüksək qiymətləndirib.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov ölkəmizdə gənclə siyasətinin böyük nəticələr verdiyini bildirib. O, qeyd edib ki, Azərbaycan dövləti gəncliyin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir.
Daha sonra xaricdə təhsil alan gənclər çıxış ediblər. Şimai Kiprin Doğu Akdeniz Universitetində təhsil alan Tofiq Hüseynov təhsil aldığı ölkədə Azərbaycanın təbliğinə xüsusi fikir verildiyini deyib. Azərbaycanın qüdrətli dövlət olduğunu deyən T.Hüseynov Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etdiklərini vurğulayıb.
Fərid Həsənzadə isə bakalavr təhsilini Şimali Kiprdə aldığını, növbəti tədris ilindən isə Polşada magistratura təhsili alacağını bildirib. O, qeyd edib ki, təhsil aldığı müddətdə Azərbaycan diasporu ilə sıx əməkdaşlıq edili və ölkəmizlə bağlı bir sıra tədbirlərin keçirilməsində fəal iştirak edib: "Xüsusilə, Şimali Kiprdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirmişik. Bu yöndə fəaliyyətimi Polşada da davam etdirəcəm".
Fransada bakalavr təhili alan Aydan Məmmədova isə Portuqaliyada magistratura təhsilini davam etdirir: "Portuqaliyada təhsil alan azərbaycanlılar cəmi bir neçə nəfərdir. Amma buna baxmayaraq, ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Çünki orada ermənlər də təhsil alır. Biz Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında tutarlı faktlarla ictimaiyyəti məlumatlandırmağa çalışırıq.
Elçin Qasımov isə Almaniyanın Münhen şəhərində olan Avropa Universitetində təhsil alır: "Mənim məqsədim yüksək biliklərə yiyələnərək və ölkəmizə layiqli xidmət göstərməkdən ibarətdir".
R.HÜSEYNOVA