Saziş müstəqil Azərbaycanın iqtisadi inkişaf doktrinasının fundamental konturlarının müəyyən olunmasında strateji rol oynadı
I yazı
Müasir müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amilinin xüsusi rolu vardır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb.
Azərbaycanın neft sənayesi tarixində və iqtisadi-siyasi həyatında tarixi dönüş nöqtəsi müstəqillik əldə olunduqdan sonrakı dövr - Ulu Öndər Heydər Əliyevin ikinci hakimiyyətinin ilk illəri hesab oluna bilər. Bu dövrə kimi neft milli faktordan daha çox, ümumittifaq sənayesinin strateji sahəsi rolunu oynayırdı. Azərbaycanın müstəqil geosiyasi-geocoğrafi-iqtisadi inkişaf trendlerində neft amili xüsusi rol oynadığından müstəqliilikdən sonrakı dövrün neft strategiyası mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi. Çox təəssüf ki, 1992-1993-cü illərdə hakimiyyətdə olan insanların səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması, ölkəni bürümüş daxili ziddiyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda, həmin dövrdə Qərb şirkətləri ilə neftin istismarına dair aparılan danışıqlarda Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu. Bir sözlə, milli iqtisadiyyatın inkişafında mühüm rol oynaya biləcək əsas faktor olan neft amilindən istifadə olunmaması ölkədəki siyasi-iqtisadi-sosial böhranı daha da dərinləşdirirdi. Belə bir vəziyyətdə xalqın çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında, eləcə də, neft strategiyasının müəyyənləşməsində əsaslı dəyişikliklərin başlanğıcını qoydu.
Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu.Ulu Öndər həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
"Əsrin Müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin Müqaviləsi"nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi.
"Əsrin Müqaviləsi" imzalanandan sonra onun iştirakçıları işçi strukturlar - Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü ilin dekabrında "Əsrin Müqaviləsi" Azərbaycan parlamentində təsdiq edildi. Azərbaycan Prezidenti müvafiq Fərman imzaladıqdan sonra bu müqavilə Azərbaycan Respublikasının qanunu kimi qüvvəyə mindi. 1995-ci ildə layihəyə əsasən 100 milyona qədər, 1996-cı ildə isə 600 milyon dollar vəsait qoyuldu.
"Əsrin Müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində "Çıraq-1" özülü Qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək, yeni qazma avadanlıqları ilə təchiz olundu. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.
Ulu Öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri kimi Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdapşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılmasından ibarət idi. Məhz bu məqsədlə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan yanacağın Avropaya nəqlini təmin edə biləcək trans-kommunikasiya dəhlizinin yaradılması olduqca vacib sayılırdı. Ulu Öndər Heydər Əliyev dünyanın ən nüfuzu siyasi liderləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərin rəhbərləri ilə mütəmadi danışıqlar apararaq Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərbə ixracını nəzərdə tutan strateji marşrutun çəkilməsi üçün dövlətlərarası sazişin imzalanmasına çalışırdı. Bunun üçün regionda ən təhlükəsiz və uzunömürlü, rentabelli marşrut olan Bakı-Tbilisi-Ceyhanın (BTC) çəkilməsi təklif olunurdu. Həmin dövrdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini dünya bazarlarına çıxarılmasında rol oynasa da, BTC qədər beynəlxalq miqyas və rentabelli ixrac dəhlizi sayıla bilməzdi. İlkin dövrlərdə BTC-nin reallaşmasını istəməyən qüvvələr çox idi və onlar neftin digər marşrutlarla nəqlinə çalışırdı. Lakin həmin qüvvələrin müxtəlif təxribatlarına və təzyiqlərinə baxmayaraq Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-
Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə Ulu Öndərin qəti əzmkarlığı nəticəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü çərçivəsində Ulu Öndər Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalandı. Eyni zamanda, Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsi"ni imzaladılar. Bununla da, Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atıldı.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə dair dövlətlərarası sazişin imzalanmasından sonra tərəflər BTC-nin çəkilişi üçün real işlərə başladılar. 2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında Ümummilli Lider Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyuldu və kəmərin tikintisinə başlandı. BTC-nin Azərbaycan hissəsinin Gürcüstan hissəsi ilə birləşdirilməsi 2004-cü ilin oktyabrında baş tutdu.
"Səs" Analitik Qrupu