"Jirinovski həmin mitinqdə özünü siyasətçi kimi deyil, xalis provakator kimi aparıb. Rusiya tarixində ibrətamiz provakotorçuluq nümunəsi var. Lakin Liberal Demokrat partiyasının sədrinin ənənə halını almış belə hərəkətləri, görünür onun beynindəki ziddiyyətlə əlaqədardır". SİA-nın xəbərinə görə, bu fikirləri YAP-ın sədr müavini - İcra katibi Əli Əhmədov Moskvada Ramil Səfərovun əfv edilməsinə etiraz olaraq erməni diasporunun təşkil etdiyi mitinqdə çıxış edən Liberal Demokrat partiyasının sədri Vladimir Jirinovskinin ermənilərə azərbaycanlılara qarşı terror aksiyaları həyata keçirmək barədə çağırışına münasibət bildirərkən səsləndirib.
Əli Əhmədovun sözlərinə görə, Jirinovski bununla əslində erməni terrorizmini etiraf etmiş oldu: "Bir vaxtlar Jirinovski Səddam Hüseynin sarayından çıxmırdı. Düşünmürəm ki, bu, Səddam Hüseynə sevgidən irəli gəlirdi. Xeyr, sadəcə olaraq Səddamın sarayında olanlar oradan yaxşı hədiyyələrlə geri dönürdülər. Səddamın axırına çıxdılar, Müəmmar Qəddafinin sarayına ayaq açdı. Motiv eyni idi. Səddamı da, Qəddafini də provakasiyalara çəkib məhvə apardı. Jirinovski onları da silahlanmağa, terrora əl atmağa çağırırdı. İndi erməniləri silahlanmağa, terror əməliyyatlarına səsləyir. Üzdə liberal-demokrat, batində provakator və terrorçu ideoloqu - Jirinovskinin mahiyyəti budur. Ancaq mən ermənilərə ehtiyatlı olmağı məsləhət görərdim. Jirinovskinin dostları Səddam Hüseyn və Mühəmmar Qəddafinin taleyini unutmasınlar. Bu provakator siyasətçi kiminlə dostluq edib məsləhətlər veribsə, nəticəsi yaxşı olmayıb".
YAP-ın Sədr müavini daha sonra qeyd edib ki, Jirinovski erməniləri onlara olan xoş münasibətindən terrorçuluğa səsləmir. "Qoy bir sual versinlər, zəngin iş adamı Ara Abramyanın mitinqdə iştirak etməməsi niyə Jirinovskinin kefinə soğan doğrayıb? Görünür, Jirinovski daha böyük qonarar alacağına ümid edirmiş, lakin zəngin iş adamının mitinqə qatılmaması onun istəyini gözündə qoyub. Yəqin Ara Abramyan Vladimir Volfoviçin xasiyyətinə yaxşı bələddir. Jirinovski ilk dəfə deyil ki, Azərbaycana və azərbaycanlılara qarşı hədyanlarla danışır. Əlbəttə, bunun nə Azərbaycana, nə də azərbaycanlılara təsiri yoxdur. Necə deyərlər, it hürər, karvan keçər. Lakin bütöv bir xalqın qəzəbini və nifrətini artıq qazanıb. Bu faktdır"- deyə, Əli Əhmədov bildirib.