Əhəd Abıyev: "Daşkəsənlilər Ulu Öndərimizin ideyalarına, və möhtərəm Prezidentimizin siyasətinə sadiqdirlər"
Son illər ölkəmizdə sosial-iqtisadi tərəqqini təmin edən əsas amillərdən biri də regionların davamlı inkişafına nail olunmasıdır. Bu baxımdan respublikamızın hər yerində, o cümlədən, Daşkəsən rayonunda da böyük quruculuq və abadılıq işləri aparılır. 23 sentyabr tarixində 80 ildən çox tam yararsız hala düşmüş və istifadə müddəti keçmiş Quşçu kəndində 360 şagird yerlik yeni müasir tipli məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Rayon ictimaiyyətinin və kənd fəallarının, qonşu məktəblərin pedaqoji kollektivlərinin iştirak etdiyi təməlqoyma mərasimində çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, müəllimlərin yüksək hazırlıqlı olmasının, şagirdlərin təhsilə ciddi yanaşmasının vətəndaşlıq borcu olduğunu bildirərək, bu borcu sədaqətlə yerinə yetirməyə cağırdı: "Məhəmməd Peyğəmbər elmdən, təhsildən söz düşəndə, deyirdi ki, xalqın övladlarına, hər bir ağıl sahibinə dörd şey vacibdir : elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Hər iki açılış tədbirində iştirakçıların əksəriyyətini ziyalılar - siz müəllimlər təşkil edirsiniz".
"Ulu Öndərimiz Heydər Əliyevin təhsil sahəsindəki siyasətinin bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi göz qabağındadır. Müəllimlərimiz isə, həmin ideyalara sədaqətlə xidmət göstəriblər" -deyən rayon icra hakimiyyətinin başçısı dünyanın ən gözəl peşəsinin müəllimlik olduğunu vurğuladı: "Müəllim sevgidir, sərvətdir, biliyini, ürəyini paylaşmaqdır. Gələcəyimiz olan uşaqlarımızın ilk dəfə həyata baxışını da formalaşdıran siz müəllimlərsiniz. Dünyanın, bəşəriyyətin sevgiyə, səmimiyyətə, müəllim təliminə həmişə ehtiyacı olubdur. Çinlilərin gözəl bir atalar sözü vardır : bir il sonranı düşünürsənsə, düyü ək, on il sonranı düşünürsənsə, ağac ək, yüz il sonranı düşünürsənsə, tərbiyəli və elmli nəsil yetişdir".
Rayon rəhbəri son illər ölkəmizin təhsil sistemində aparılan islahatların verdiyi bəhrələri diqqətə çatdırıb. Ə.Abıyev bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Daşkəsəndə də yeni məktəb layihələrinə start verilmişdir: "Təkcə bu il rayonun Bayan kəndində və Daşkəsən qəsəbəsində ən müasir standartlara cavab verən yeni tədris ocaqları istifadəyə verilmiş, bir uşaq bağçası əsaslı təmir olunmuşdur".
Ə.Abıyev onu da bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə rayonda son illər xeyli iş görülmüşdür: "Fondun hesabına rayonda iki orta məktəb tikilmiş, bir uşaq bağçası və Uşaq-Gənclər İdman Məktəbi əsaslı təmir olunmuşdur. Belə diqqət, qayğı üçün daşkəsənlilər Heydər Əliyev Fondunun rəhbərliyinə həmişə minnətdarlıq edirlər".
Təməlqoyma mərasimində Quşçu kənd inzibati-ərazi dairəsi üzrə nümayədəsi Firudin Həsənov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev və başqaları ölkə Prezidenti İlham Əliyevə və "Yeniləşən Azərbaycana yeni məktəblər" proqramı çərçivəsində həyata keçirdiyi layihələrə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra kənd sakinlərinin iştirakı ilə yeni məktəb binasının təməli qoyulubdur.
RƏFİQƏ HÜSEYNOVA