PDF Oxu

Əsas

  • 58

“Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir”

“Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir”

"Prezident İlham Əliyevin diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsindəki proqram xarakterli nitqi xarici siyasətimizin strateji və taktiki vəzifələrini özündə əks etdirir. Ölkə başçısı nitqində Azərbaycanın müasir beynəlxalq aləmdə yeri və rolu, diplomatik xidmət orqanlarımızın qarşısında duran vəzifələr haqqında ətraflı şəkildə öz fikirlərini ifadə etdi". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyev çıxışında xarici siyasətimizin hədəflərini konkret şəkildə bəyan edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli baxımından siyasi, hüquqi, diplomatik, sosial-psixoloji üstünlük Azərbaycanın tərəfindədir. Azərbaycan bütün mənalarda işğalçı Ermənistan üzərində üstunlüyü qazanıb.

"Azərbaycanın xarici siyasəti praqmatik, çevik siyasətdir və hücum diplomatiyasına istinad edir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş ölkəmizin xarici siyasətinin hədəfləri də bəllidir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu öz bəhrəsini verir. Azərbaycanın xarici siyasətinin hədəflərinin mahiyyətində ölkəmizin maraqlarını təmin etmək dayanır. Xarici siyasətimizin başlıca istiqamətlərindən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha geniş miqyasda ifşasına, işğalçı dövlət kimi Ermənistan əleyhinə beynəlxalq təşkilatlarda daha çox sənədlərin qəbul edilməsinə nail olmaqdır. Bu gün Azərbaycanın xarici siyasəti coğrafi baxımdan daha geniş əraziləri əhatə etməkdədir. Ona görə də, dövlətimiz Avropa ilə yanaşı, Latın Amerikası, Asiya, Afrika ölkələri ilə də əlaqələrə diqqət yetirir. Bütün bunlar diplomatik cəbhədə üstün mövqe qazanmaq baxımından əhəmiyyətlidir. Ölkəmizin xarici siyasətindəki bu çeviklik böyük dividentlər verir. Bu gün Azərbaycan 150-yə yaxın ölkə ilə iqtisadi əməkdaşlıq edir. Azərbaycan bloklara qoşulmamaq hərəkatındadır, eyni zamanda, bir sıra beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Bütövlükdə beynəlxalq müstəvidə əlaqələrimiz daha geniş xarakter alır. Bu faktor isə xarici siyasətimizin məqsəd və vəzifələrinə uyğundur. Diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində dövlətimizin başçısı Azərbaycanın tam müstəqil siyasət yeritdiyini birmənalı şəkildə bəyan etdi. Ümumiyyətlə, Prezident İlham Əliyevin bu çıxışı xarici siyasətimizin perspektivləri baxımından böyük əhəmiyyət kəsb edir" - deyə, Mübariz Qurbanlı vurğulayıb.

Digər xəbərlər