Gülər Əhmədova ilə bağlı yaylılan videogörüntülərin siyasiləşdirilməsinə cəhdlər edilir
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videogörüntülərdə əks olunan məlumatların həqiqətə uyğun olub, olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Ölkədə bu hadisəni siyasiləşdirməyə cəhd edən dağıdıcı müxalifət, xüsusilə, "İctimai Palata" təmsilçiləri müxtəlif açıqlamalar verməklə, bunu dövlətin adına çıxması, xüsusilə, şoular düzənləməsi dağıdıcı müxalifətin yenidən çirkin məqsədlərinin göstəricisidir. Söhbət etdiyimiz müsahiblərimiz məsələnin siyasiləşdirilməsinin yolverilməz olduğunu və baş verənlərlə əlaqədar Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb və araşdırmalar getdiyini söylədilər.
Millət vəkili Adil Əliyev: "Azərbaycan xalqı müdrik xalqdır və heç kim bu dedi-qodulara inanmayacaq"
-Müxalifətin hər fikirinə reaksiya vermək düzgün deyil. Çünki onların bu cür addımları məqsədyönlü gərginlik yaratmaq üçün söylənən fikirlərdir. Azərbaycan xalqı müdrik xalqdır və heç kim bu dedi-qodulara inanmayacaq. Azərbaycanın dövləti, dövlətçiliyi və qanunvericiliyi var. Ölkədə daxili gərginliyin aradan qaldırılması üçün dövlət qurumları var. Hüquq-mühafizə orqanları baş verən məlum hadisə ilə bağlı cinayət işi qaldırıb və araşdırmalara başlayıb. Cinayət işi bitdikdən sonra hər kəs daha ətraflı məlumat əldə edəcək. Ona görə də kimsənin kənardan bu məsələnin siyasiləşdirilməsi istiqamətində dediyi hər hansı bir sözü ciddiyə almaq lazım deyil. Bununla bağlı prokurorluq orqanı var. İşin ədalətli həlli üçün lazımı tədbirlərin görüləcəyini düşünürəm.
Millət vəkili Musa Quliyev: "Belə görünür ki, müxalifətin, xüsusilə, "İctimai Palata"nın işi-gücü yoxdur"
Bu məsələ ilə bağlı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öz mövqeyini açıqladı. Əli Həsənovun fikiləri ilə tam razıyam. O yayılan videomaterialda göstərdi ki, azad, demokratik seçkidən başqa, digər yollarla parlamentə seçilmək olmaz. Bu sövdələşməni dövlətlə əlaqələndirmək doğru deyil. Bu hadisəni müxalifətin dövlətə bağlaması, dövlət qurumlarındakı ayrı-ayrı rəhbər şəxslərə bağlaması onların bulanıq sudan balıq tutması cəhdidir. Hər bir insanın həyatında müəyyən hadisələr baş verə bilər. Amma bir insanın həyatında baş verən hadisəni ümumiləşdirib kollektivin adına yazmaq olmaz. O cümlədən, Gülər Əhmədovanın törətdiyi və ya törədildiyi ehtimal edilən hadisəni dövlətin adına bağlamaq absuddur. Belə görünür ki, müxalifət bu hadisədən sui-istifadə edib subyektiv maraqlarına yönəltməyə cəhd edir. Mən buna çox təəssüf edirəm. Xüsusilə, "İctimai Palata" bunu siyasiləşdirməyə cəhd edir. Onlar Gülər Əhmədova ilə bağlı baş verən hadisəni çirkin təbliğat məqsədi seçib. Bu nə hadisədir ki, "İctimai Palata" bunu müzakirə edir? Nə dövlətin strateji həyatında hər hansısa bir hadisə baş verməyib, xalqın sosial vəziyyətinə təsir edən bir hadisə baş verməyib. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparacaq və işə ədalətli qiymətini verəcək. Belə görünür ki, müxalifətin, xüsusilə, "İctimai Palata"nın işi-gücü yoxdur. Ona görə də belə sensaion bəyanatlar vermək, ictimaiyyəti qıcıqlandıran mülahizələr irəli sürmək onların gündəmdə qalmaq cəhdidir. Düşünürəm ki, bununla bağlı araşdırma aparılacaq. Azərbaycan hüquqi dövlətdir və bu hüquqi dövlətin tələbləri, qanun çərçivəsində təqsirli olanlar cəzalandırılacaq.
Vəhdər Partiyasının sədri Tahir Kərimli: "Bu məsələni siyasiləşdirməklə dividend qazanmaq istəyənlər yanılırlar"
-Bu məsələni siyasiləşdirməyə ehtiyac yoxdur. Hazırda bununla bağlı cinayət işi başlanılıb, araşdırma gedir. Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bu məsələyə öz münasibətini bildirib. Eyni zamanda, Gülər Əhmədova öz mandatından imtina edib. Məsələ hüquq mühafizə orqanlarında ciddi şəkildə araşdırılır. Baş prokurorun da bu məsələ ilə bağlı mövqeyi var. Ona görə də bu məsələni siyasiləşdirməklə dividend qazanmaq istəyənlər yanılırlar. Düşünürəm ki, bu hadisəni siyasiləşdirib, Azərbaycan dövlətini ləkələyən və gözdən salan hadisəyə çevirmək qətiyyən yolverilməzdir. Ona görə də sədri olduğum partiyanın və şəxsi mövqeyim bundan ibarətdir. Məlum video ilə bağlı hər şey səbrlə, təmkinlə həll olunur. Baş prokuror özü də bildirib ki, Elşad Abdullayev özü də Azərbaycana gəlməli və istintaqa ifadə verməlidir. Onu da qeyd edim ki, artıq ölkədə korrupsiyaya qarşı ciddi mübarizə tədbirləri həyata keçirilir. Elə bu videogörüntülərdə də belə halların olması ehtimalı olduğu üçün ciddi araşdırılmaların aparılması vacibdir. Çünki hadisəyə dövlət tərəfindən buna nəzarət var.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə: "Bu hadisənin nə Yeni Azərbaycan Partiyasına, nə də dövlətə aidiyyatı var"
-Düşünmürəm ki, o, təmsil etdiyi partiyaya ləkə yaxsın. Belə bir hal onun öz şəxsiyyətinin üzərinə ləkə salır. O videogörüntülərini mən də izləmişəm. Açıq şəkildə görünür ki, 2 fırıldaqçı bir-biri ilə söhbət edirlər. Bunun montaj olduğu deyilsə də, şəxsən mən buna inanmıram. Çünki videoda görüntüləri o cür montaj etmək mümkün deyil. Bu hadisənin nə Yeni Azərbaycan Partiyasına, nə də dövlətə aidiyyatı var. Hər bir pariyanın daxilində bəzi şəxslər dələduzluq hallarına yol verə bilərlər. Ona görə də bu hadisənin siyasiləşdirilməsi yolverilməzdir. Bu məsələ hüquq-mühafizə orqanlarının işidir. Düşünürəm ki, lazımı tədbirlər görüləcək.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı: "Bunu dövlət adına, partiya adına hallandırmaq düşünürəm ki, səhv bir addım sayılar"
-Bu hüquq-mühafizə orqanlarının araşdırması vacib olan məsələdir. Həmin hadisə haqqında artıq müvafiq orqanlar araşdırma aparır və bu araşdırmanın yekununda daha da dəqiq bilinəcək. Bunu dövlət adına, partiya adına hallandırmaq, düşünürəm ki, səhv bir addım sayılar. Eyni zamanda, bu hadisəni siyasiləşdirmək də doğru deyil. Bu, hansısa qüvvələrin işidir. Ona görə də baş prokurorluq bununla bağlı araşdırma aparılır və güman ki, hadisə ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcəkdir.
Politoloq Cümşüd Nuriyev: "Bu videogörüntülərin uzun müddət gizlədilməsi və indi yayılmasının arxasında xarici qüvvələr durur"
Əvvəla, qeyd edim ki, bu hər kəsin başına gələ bilcək bir hadisədir. Gülər Əhmədova Elşad Abdullayevə olan etibarından istifadə edərək, bir növ dələduzluqla məşğul olub. Bu video görüntülərin uzun müddət gizlədilməsi və indi yayılmasının arxasında xarici qüvvələr durur. Videonun xaricə aparılmasında Elşad Abdullayevin yox, Ramin Nağıyevin dəsti-xətti var. Ramin Nağıyevin kimliyinə gəlincə, o, Milli Təhlükəsizlik Nazirliyindən öz işinin öhdəsindən gələ bilmədiyi üçün kənarlaşdırılıb və orda Elşad Abdullayevin məsləhətçisi rolunda çıxış edir. O, MTN-dən kənarlaşdırıldıqdan sonra, onun "Azadlıq" qəzetində yazıları çıxamağa başladı. Dinəndə dövlətdən, dövlətçilikdən danışan AXCP, ümumiyyətlə, özünü müxalifət hesab edənlər, bu milləti, dövləti satan insanların əli ilə Azərbaycana "xidmət" göstərməsi növbəti şərəfsiz bir yoldur. Əli Kərimli öz ağlını necə itirib ki, öz müsahibəsində az qasın deyə ki, Azərbaycan Prezidenti ilə Ermənistan prezidenti Qarabağ məsələsinin həllində maraqlı deyil. Görün, bu insan nə qədər şərəfsiz bir yol seçib. Bu da onların hakimiyyətə həris olmalarından irəli gəlir. Ona görə də bunların Gülər Əhmədova ilə bağlı yayılan videogörüntülərin yayılmasını siyasiləşdirməsi heç də təəccüblü deyil. Gülər Əhmədovanın yol verdiyi bu məsələ heç də ürəkaçan deyil. YAP üzvləri barədə məsuliyyət daşımır. Bu insan o qədər çaşıb ki, ondan pul qopartmaq üçün bütün variantlardan istifadə edib. Bu məsələni hüquqmühafizə orqanları araşdırır və günahkarlar cəzalandırılacaq. Bu videonun uzun müddətdən sonra yayılmasının və Elşad Abdullayevin danışmasının səbəbinə gəlincə, deyim ki, bu şəxs Azərbaycanda törətmədiyi cinayət qalmadı. Bunun üzərinə Azərbaycan dövləti gedəndən sonra, istər təhsillə, istərsə də böyrək köçürməklə bağlı Elşad Abdullayev nəyi varsa yığışdırıb, qaçdı xaricə. Onların əsas məqsədi Azərbaycanın başını digər məsələlərə qatmaqla, Azərbaycan Prezidentinin Qarabağa olan hal-hazırki diqqətini daxili problemlərə yönəltməklə, eyni zamanda, qarşıdan gələn prezident seçkilərində Azərbaycanı qarışdırmaq cəhdidir. Gülər Əhmədovanın hərəkətləri ayrı-ayrı adamların öz şəxsi nəfislərinə sahiblənə bilməməsi və bundan yararlanmağa çalışmasıdır. Bu adam əgər bunu etməmişdisə niyə o zaman ərizə yazıb mandatından imtina etdi. Bəs müxalifət bunu niyə dəyərləndirmir? Bununla bağlı "Yeni Müsavat" qəzeti palaz-palaz yazılar verirlər. Təkcə həmin qəzetin 1 oktyabr sayına diqqət yetirsək, görərik ki, Gülər Əhmədova ilə bağlı 11 dənə yazı var. Belə deyək qəzetin 50 faizini bu məsələyə yönəldiblər. Əslində, bu çox gülünc görünən bir məsələdir.
Babək Hacıyev