Sabunçu rayon icra hakimiyyəti YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə 1 Oktyabr Ahıllar Günü qeyd olunub
Dünən Beynəlxalq Ahıllar Günü münasibətilə Sabunçu rayon icra hakimiyyəti YAP Sabunçu rayon təşkilatçılığı ilə Ahıllar Günü qeyd olunub. Bilgəhdə yerləşən ahıllar evində keçirilən tədbirdə çıxış edən Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev ahılları salamlayaraq, onlara can sağlığı, uzun ömür arzulayıb, qeyd etmişdir ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 2001-ci il iyunun 22-də "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl hesab olunur".
Ölkəmizdə ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati təlabatlarının ödənilməsi və bütün bunların beynəlxalq qanunvericilik normalarına uyğun şəkildə həyata keçirilməsinin dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən A.Vəliyev son on ildə bu sahədə görülən işlərdən ətraflı bəhs etdi.
Mərasimdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək ahıllara daim dövlət tərəfindən diqqət və qayğı göstərildiyini deyərək bildirib ki, bu məkanda sizin heç bir çatışmazlığınız, ehtiyacınızın olmadığının bir daha şahidi olduq: "Azərbaycan Prezidenti İlham Əliyev ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Hər il 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü, ölkəmizin hər yerində olduğu kimi, Sabunçu rayonunda da yüksək səviyyədə qeyd olunur. Respublikamızda qəbul edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq rayonda bu istiqamətdə müvafiq işlər görülür. Çünki bütün sahələr kimi yaşlı nəslə qayğı və diqqətdə ölkə başçısının diqqət mərkəzindədir. Bu hal da bir daha göstərir ki, siz tənha deyilsiniz və hər zaman dövlətimiz və bizlər sizin yanınızdayıq".
Tədbirdə çıxış edən ahıllar da onlara göstərilən xüsusi diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə ediblər. Azərbaycanın günü-gündən çiçəklənməsini, pensiyaların artırılmasını xüsusi qeyd edən ahıllar, rayonda onlara göstərilən sosial-məişət xidmətlərindən razı qaldıqlarını qeyd ediblər.
Sonda Sabunçu rayon icra hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı adından Bilgəhdə yerləşən ahıllar evinə iki dənə soyuducu və 192 ahıla bayram hədiyyəsi təqdim olunub.
Aytən Səmədova