YAP Qax rayon təşkilatı partiyanın 20 illiyini təntənə ilə qeyd edir
Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi ilə bağlı YAP Qax rayon təşkilatı tərəfindən tədbirlər davam edir. Növbəti tədbir rayon mədəniyyət evində keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüblər. Rayon mədəniyyət evinin zalında keçirilən tədbiri giriş sözü ilə YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov açaraq qeyd etdi ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 ili tamam olur:
"20 illik fəaliyyəti dövründə sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan Partiyasına xalqın sevgisi, dəstəyi inkaredilməzdir. Bu bayram hər bir YAP üzvünün və hər bir azərbaycanlının bayramıdır".
N.Əhmədov "Yeni Azərbaycan Partiyası-zamanın tələbi, xalqın istəyi" mövzusunda geniş məruzə ilə çıxış etdi. Məruzədə Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, inkişaf yolundan, partiyanın Azərbaycanın keçdiyi şərəfli yoldakı uğurlarından geniş bəhs olundu: "YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır." Ulu Öndər Heydər Əliyevin bu fikri ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da genişlənən, qələbələr partiyası kimi qazandığı imici möhkəmləndirən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələdçilik edir. Müstəqil Azərbaycan dövləti ilə, eyni zamanda, təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 20 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, biri-birindən əhəmiyyətli uğurlara imza atır. Partiyanın yaradıcısı Ümummilli Lider Heydər Əliyevin zəngin təcrübəsi, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən etmişdir".
Məruzə ətrafında çıxış edən YAP Qax rayon təşkilatının sədr müavini Məmməd Xasıyev, rayon təşkilatı qadınlar şurasının sədri Şəkər Abdullayeva, veteran, YAP üzvü Əbdürrəhman Aşurov, rayon təşkilatı gənclər birliyinin sədri Elbrus Tağıyev və başqaları Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətindəki müstəsna rolu, partiyaya ümumxalq məhəbbətindən danışdılar. Qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin sayəsində təşəkkül tapmış, Onun nurlu şəxsiyyəti ətrafında sıx birləşərək möhkəmlənmiş və respublikamızın siyasi həyatında indiki mövqeyini tutmuşdur.
Bayram mərasimində YAP Siyasi Şurasının üzvü, millət vəkili Yaqub Mahmudov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov çıxış edərək, qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Çıxış edənlər onu da vurğuladılar ki, qısa müddətdə Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin təminatçısı kimi də özünü doğrultdu. Heç bir çətinlikdən, məsuliyyətdən qorxmayan partiyanın lideri kimi bütün üzvləri də milli məfkurənin, təfəkkürün formalaşması, suverenliyin əbədiliyi naminə qətiyyət göstərdi. Və bu gün də Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünyada ən yüksək sosial, iqtisadi və siyasi uğurlara nail olub.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə və partiya həyatında fəal iştirakına görə bir qrup partiya üzvü YAP Qax rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif edildi. Sonda partiya sıralarına yeni qəbul olunmuş gənclərə partiya üzvlük vəsiqələri təqdim edildi.
RƏFİQƏ KAMALQIZI