Tovuzda YAP-ın yubileyi ilə bağlı tədbirləri təntənə ilə qeyd olunur
Dünən Tovuz rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə bağlı tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə tər gül dəstələri düzüblər. Tovuz rayonundakı "Dastan" şadlıq sarayında davam edən tədbirdə YAP Siyasi Şurasının üzü, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov iştrak ediblər. Tədbir iştirakçılarını tarixi bayram münasibəti ilə təbrik edən YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov onlara siyasi fəaliyyətlərində uğurlar arzuladı. M.Bayramov Azərbaycan dövlətinin və cəmiyyətinin siyasi həyatında mühüm rol oynayan, Ulu Öndər Heydər Əliyev dühasının ərsəyə gətirdiyi Yeni Azərbaycan Partiyasının tarixi, onun yaranma zərurəti və onun inkişaf mərhələləri barədə ətraflı məruzə etdi.
M.Bayramov onu da bildirdi ki, rayon təşkilatı yaranarkən 511 nəfər üzvü var idisə, bu gün 111 ilk partiya təşkilatında 6500 nəfərdən çox partiya üzvü var ki, onların da 34 faizini gənclər, 49 faizini isə qadınlar təşkil edir: "Bütün bunlar isə Heydər-Xalq birliyinin uğurlu nəticəsidir. Partiyamızın 20 illik tarixi və onun keçdiyi çətin və şərəfli yol göstərdi ki, partiyamız güclü, əzəmətli və qüdrətli siyasi təşkilatdır. Biz tovuzlular bundan sonra da Ulu Öndərimiz Heydər Əliyevin ideyalarına və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı uğurlu siyasətinə sadiq olacaq, rayon təşkilatımız bütün məqsədyönlü dəyərlərə bundan sonra da sədaqətlə xidmət edəcək və bunu əməli işlərimizlə hər zaman sübut edəcəyik".
Tədbirdə YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev, SİA-nın baş direktoru, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov çıxış edərək, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarının əbədiyaşarlığından, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, əldə olunan uğurlu nəticələrindən, partiyanın geniş miqyaslı fəaliyyətindən bəhs etdilər və tədbir iştrakçılarını, bütün partiya üzvlərini bayram münasibətilə təbrik etdilər.
Tədbirdə bir qurup gənc YAP üzvlərinə partiya üzvlük vəsiqələri təqdim edildi. Tədbir boyu şadlıq sarayının divarları boyunca düzülmüş manitorlarda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş etdirildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.
R.HÜSEYNOVA