Daşkəsən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə təşkilatın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərə yekun vurulmuşdur. Tədbirlər planına əsasən, şəhər ərazisində yerləşən məktəbəqədər uşaq tərbiyə müəssisələrində, ümumtəhsil məktəblərinin, RİH Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin həyətlərində yüzlərlə ağac əkilmiş, müxtəlif idman yarışları keçirilmişdir.
Yekun tədbirinin iştirakçıları ilk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsinin önünə tər çiçək dəstələri düzmüşlər.Sonra tədbir "Yeni həyat" sarayında davam etdirilmişdir.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə təntənəli tədbirin açılış mərasimində iştirakçıları əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edərək geniş nitq söyləmiş, ölkəmizdə Yeni Azərbaycan Partiyasının uzun illərə hesablanmış proqramından danışmış, xalqına, vətəninə, Heydər Əliyev zirvəsindən yüksək səviyyədə xidmət edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin daim qalib gəlməsindən, qəlbi torpaq üçün, vətən üçün döyünən hər bir Azərbaycan vətəndaşına göstərdiyi xüsusi diqqət və qayğıdan geniş söhbət açmışdır.
Əhəd Abıyev YAP-ın tarixi zərurətdən yarandığını qeyd edərək bildirdi ki, 1991-ci ildə dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmiz faciələrlə üzləşdi. Bacarıqsız rəhbərlərin hakimiyyət uğrunda çəkişmələri, şəxsi maraqların dövlət mənafelərindən üstün tutulması daxili ictimai – siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalqı ağır durumdan çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan siyasi partiyanın yaradılması tarixin tələbi idi. 1992-ci ilin noyabr ayında Azərbaycanın mütərəqqi qüvvələri Ulu öndər Heydər Əliyev ətrafında birləşərək xalqımızın həyatını kökündən dəyişən YAP-ın yaradılması Azərbaycanın müasir tarixində çox mühüm hadisəyə çevrildi.
Natiq YAP Daşkəsən rayon təşkilatının rayonda gördüyü işlərə də münasibət bildirərək qeyd etmişdir ki, rayonun inkişafında Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının uğurları danılmazdır. Rayon təşkilatı fəaliyyəti dövründə partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinin həyata keçirilməsində yaxından iştirak edir.
Toplantıda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxışında partiyanın ötən dövr ərzində qazandığı uğurlardan bəhs etmiş, YAP-ın 20 illik fəaliyyətinin Azərbaycan tarixində qürur doğuran səhifələrdən olduğunu qeyd etmişdir.
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı toplantıda çıxış edərək bu əlamtdar hadisə münasibəti ilə rayon təşkilatının fəallarını təbrik etmişdir. Mübariz Qurbanlı qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının yaranması mövcud tarixi şəraitin diktəsi idi. YAP zamanın tələbi ilə yarandı və yenicə dövlət müstəqilliyini qazanmış Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi. Bu gün dünya xəritəsində özünəməxsus yeri və sözü olan Azərbaycanın möhtəşəm uğurlarında Ulu öndərin yaradıcısı olduğu bu partiyanın müstəsna xidmətləri oldu.
Toplantıda həmçinin YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov çıxış edərək, tədbir iştirakçılarını təbrik etmişdir.
Yubiley toplantısının sonunda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən rayon təşkilatına avtomobil bağışlanıldı.
yap.org.az