YAP-ın yaranmasının 20 illiyi ilə əlaqədar Yasamal rayonunda tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar YAP Yasamal rayon təşkilatı tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, idarə heyətinin üzvləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, rayon təşkilatının fəal üzvləri və qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zəruriyyətdir: "1992-ci ildə Yeni Azərbaycan Partiyası qarşısına tarixin çətin sınaqlarından keçib. O vaxtlar partiyanın yaradılması üçün maneələrin olmasına baxmayaraq, xalqın çətin gündən nicat oluna çıxaran partiyanın yaradılması zəruri idi. Təsadüfi deyil ki, yaranmasından 1 il keçməmiş YAP iqtidar partiyasına çevrildi. 1992-ci ildə yaranan Yeni Azərbaycan Partiyasının gördüyü işlər göz qabağındadır. Ulu Öndər Heydər Əliyevdən sonra da bu siyasi kurs uğurla davam etdirildi. Həyata keçirilən güclü siyasət nəticəsində Azərbaycan dövləti bu gün dünya dövlətləri arasında özünməxsus yer tutur". Daha sonra S.Müslümov YAP-ın 20 illiyi münasibətilə tədbir iştirakçılarını bir daha təbrik etdi və partiya üzvlərini fəal olmağa çağırdı.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov çıxışında ilk olaraq bütün partiya üzvlərini YAP-ın yaradılmasının 20-ci ildönümü ilə bağlı təbrik etdi. Bildirdi ki, oktyabrın 14-də Milli Elmlər Akademiyasında "Əlincə" Xeyriyyə Cəmiyyətinin toplantısı keçirildi. Orda belə bir qərar qəbul olundu ki, bir pariya yaradılsın və bu partiyaya Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev rəhbərlik etsin. Açıq deməliyik ki, bəzi şəxslər öz məkirlikləri, xəyanətləri nəticəsində zalı tərk etdilər. Həmin toplantıda Heydər Əliyevə müraciət qəbul olundu. Bu müraciət 1992-ci il oktyabrın 16-da "Səs" qəzetində çap olundu. Ulu Öndər Heydər Əliyev ziyalıların bu müraciətini cavabsız qoymadı. Ulu Öndər o zaman bildirdi ki, Azərbaycan müharibə şəraitindədir, ona görə də, ordu quruculuğuna başlamaq lazımdır. Azərbaycanın iqtisadiyyatı çox zəifdir, Azərbaycanın təbii sərvətlərindən istifadə etmək lazımdır. Nəhayət, 1992-ci il noyabrın 21-də çətin şəraitdə YAP-ın təsis konfransı keçirildi. Daha sonra rayon təşkilatarı yaradıldı. 20 fevral 1993-cü ildə YAP-ın Yasamal rayon təşkilatı yaradıldı. Bu günə qədər Yasamal rayon təşkilatının 8 konfransı keçirilib, partiya üzvlərinin sayı 26 minə yaxındır.
Daha sonra idarə heyətinin üzvü Tağı Əhmədov çıxış edərək, 1992-ci ildə YAP-ın yaradılmasının Azərbaycan üçün böyük hadisə olduğunu vurğuladı. Bildirdi ki, belə bir siyasi partiya yaratmaq və bu pariyaya rəhbərlik etmək heç də asan məsələ deyildi. Çətin vəziyyətdə olan xalq Heydər Əliyevə arxalanırdı. Heydər Əliyev ona göstərilən etimadı doğruldaraq, xalqı böhran vəziyyətindən çıxardı və nicat yoluna istiqamətləndirdi.
Babək Hacıyev