Astarada "İdman ili" ilə əlaqədar görüş keçirilib
"İdman ili" ilə bağlı Astara rayonunda görüş keçirilib. Görüşdə müxtəlif idman növləri üzrə respublika birinciliklərində, çempionatlarda və beynəlxalq turnirlərdə yüksək nailiyyətlər əldə etmiş idmançılar, məşqçilər, veteran idmançılar və əlaqədar idarələrin rəhbərləri, həmçinin, ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın əməkdar məşqçisi, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Aslan Ağayev, ikiqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı, 2012-ci il London Olimpiadasının iştirakçısı Cəbrayıl Həsənov iştirak ediblər.
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev idmançıları salamlayaraq, bu görüşün Yeni Azərbaycan Partiyasının 20 illiyi ərəfəsində keçirildiyini söyləyib. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyevin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Q.Ağayev Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı yüksək göstəricilərdə Astara idmançılarının da layiqli payı olduğunu deyib: "İkiqat Avropa çempionu, Dünya çempionatının bürünc mükafatçısı, Əməkdar məşqçi, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Aslan Ağayev, Avropa çempionu, Dünya çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Cəbrayıl Həsənov və başqa həmyerlilərimizin idmanın müxtəlif növlərində qazandıqları medallar dediklərimizə əyani sübutdur".
Astara rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, rayon olimpiya İdman Kompleksinin direktoru Famil Səlimov, Astara pedaqoji kollecin direktoru Əlihəsən Həmzəyev, uşaq-gənclər idman məktəbinin direktoru Tofiq Həmidov, şəhər 2 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Afaq Əkbərov, məşqçilər Qəhrəman Mirzəyev, Rəşad Abdullayev, Tofiq Sultanov və başqaları çıxış edərək rayonda idmanın inkişafı sahəsində qazanılan nailiyyətlər və mövcud problemlər barədə fikirlərini bildiriblər. Çıxış edənlər Olimpiya İdman Kompleksində ixtisaslı məşqçilərə ehtiyac olması və digər məsələlər barədə təkliflər söylədilər.
İkiqat Avropa çempionu, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının məşqçisi Aslan Ağayev rayon rəhbərliyi tərəfindən təşkil olunan belə bir görüşün ilk dəfə olaraq keçirildiyini söyləyib: "Astara idmançılarına göstərilən bu qayğı və diqqət həmyerlilərimizin gələcəkdə daha yüksək nailiyyətlər qazanmasına stimul verəcəkdir".
R.Hüseynova