Güclü və nüfuzlu siyasi qüvvə
Göygöl rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü qeyd olundu
Dünən Göygöl icra hakimiyyəti Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın yaradılmasının 20-ci ildönümünə həsr olunmuş möhtəşəm bayram tədbirini keçirib. Tədbir iştirakçıları öncə rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər. Tədbirdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, SİA-nın baş direktoru, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Göygöl rayon icra hakimiyyətinin başçısı Arif Seyidov, partiyanını rayon təşkilatının sədri Turani Əliyev və fəal üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev bildirdi ki, 1992-ci ildə Ulu Öndər, böyük siyasi xadim Heydər Əliyev tərəfindən yaradılan partiya tarixi zərurətdən yaranıb: "Ölkəmizin çətin siyasi dönəmlərində AXC-Müsavat cütlüyünün səriştəsizliyi, azadlığımızın yox olması təhlükəsi ilə üzləşdiyi bir vaxtda Ulu Öndər Azərbaycan dövlətinin yeni iqtisadi inkişaf mərhələsinin təməlini qoydu. Bu gün bu siyasi kursu layiqincə davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev partiyaya olan xalq məhəbbətini daha da gücləndirir. Artıq qürur hissi ilə deyə bildirək ki, partiyanın Göygöl rayon təşkilatının 4200-dən artıq üzvü var".
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə son 20 ildə partiyanın keçdiyi yola nəzər salaraq zamanın çətin sınaqlarından çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini vurğuladı: "Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür"
SİA-nın baş direktoru, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında isə partiyaının bu gün gənclərə və qadınlara verdiyi önəmdən söz açdı. B.Quliyev YAP-ın keçdiyi keşməkeşli yola nəzər salaraq bildirdi ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır".
B.Quliyev ölkəmizdə xaos hökm sürdüyü bir zamanda - 1991-ci ilin 16 oktyabrında ziyalılar tərəfindən Ulu Öndər Heydər Əliyevə ünvanlanan müraciət və 24 oktyabrda Ulu Öndərin cavabının "Səs" qəzetində dərc olunduğunu bildirdi: "Uzaqgörən siyasi xadimin geniş miqyaslı siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası əsil ümumxalq partiyasına çevrildi. Bu gün öz sıralarında 600 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Bu gün Ümummilli Liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında tərəqqi edən nüfuzlu dövlət kimi tanınır. Bu siyasətin əsasında insan amili dayanır və Azərbaycan güclü, müasir və nüfuzlu dövlət kimi tanınır".
Tədbirdə digər natiqlər də partiyanın 20 illik fəaliyyət dönəminə nəzər salıb, öz fikirlərini bildirdilər. Tədbir bayram konserti ilə davam etdi.
R.KAMALQIZI