YAP Binəqədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyini qeyd etdi
Dünən YAP Binəqədi rayon təşkilatı "Yeganə" şadlıq sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə yubiley tədbiri keçirdi. Tədbir başlamazdan öncə partiya fəalları Fəxri Xiyabana gedərək, Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarını böyük ehtiramla ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.
Qeyd edim ki, tədbirdə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Milli Məclisin Aqrar-Siyasət Komitəsinin sədri Eldar İbrahimov, Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədr müavini Musa Quliyev, Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov rayon təşkilatının partiya fəalları və rayon hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edirdilər. Yubiley tədbirində Azərbaycanın Dövlət himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov YAP-ın keçdiyi şərəfli yola nəzər salaraq, bildirdi ki, partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir zaman Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
N.Xəlilov bildirdi ki, Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Bununla belə, yaradılan partiyaların ölkənin düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədiyini, əksinə olaraq, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələrin respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq, təhlükəli böhran vəziyyətinə saldığını nəzərə çatdırdı: "Belə bir vəziyyətdə ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhranın hökm sürdüyü bir zamanda ziyalılar, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə təsis konfransı keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı".
Nəbi Xədilov bildirdi ki, qısa bir müddətdə YAP-ın rayonlarda, yerlərdə təşkilatları yarandı və formalaşmağa başladı. O qeyd etdi ki, 450 nəfərdən ibarət 1993-cü il martın 7-də Binəqədi rayon təşkilatı yaranıb. Hazırda rayon təşkilatının 13469 nəfər üzvü var. 209 nəfərdən ibarət olan ərazi ilk partiya təşkilatlarının 59-u son illərdə yaradılıb. Rayonda fəaliyyət göstərən 7 Gənclər Birliyindən biri 10 May Gənclər Birliyi adlanır. 10 May gənclər təşkilatı 2008-ci ilin mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olduğu gün yaradılıb. Həmin gün 18 yaşı tamam olan gənclər partiyanın sıralarına qəbul olunur.
YAP-ın rayon təşkilatının sədri çıxışında qeyd etdi ki, 2013-cü ildə bizi böyük bir sınaq gözləyir. Nəbi Xəlilov qarşıdan gələn prezident seçkilərində partiyanın yeganə namizədi olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirdi. Sonra tədbir iştirakçılarını partiyanın 20 illik yubileyi münasibəti ilə təbrik etdi.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar-Siyasət Komitəsinin sədri Eldar İbrahimov partiyanın keçdiyi dövrə qısa ekskurs etdi. Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının iyirminci ildönümünün qeyd olunmasını ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi qiymətləndirdi. O bildirdi ki, ölkəmizi xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvə olan Yeni Azərbaycan Partiyası xalqımızın taleyində müstəsna rol oynadı. E.İbrahimov böyük bir inkişaf dövrü keçmiş Azərbaycanın 50 ildə geçdiyi yolu 20 ildə böyük uğurlarla qət etdiyini diqqətə çatdırdı. Təkcə neft, qaz sektorunda deyil, eyni zamanda, qeyri-neft sektorunda nailiyyətlər əldə olunmuşdur. Tənəzzüldən tərəqqiyə doğru irəliləyən Azərbaycanın bütün sahələrində dönüş yaranmışdır. O, xalqımızı işıqlı gələcəyə aparan Yeni Azərbaycan Partiyasını rolunu vurğuladı. YAP Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynadı.
Millət vəkili 2013-cü ildə keçirilən prezident seçkilərində ölkə Prezidenti İlham Əliyev cənablarını dəstəkləməyə və Onun ətrafında sıx birləşməyə çağırdı.
Milli Məclisin Sosial-Siyasət Komitəsinin sədr müavini Musa Quliyev çıxışında bildirdi ki, Yeni Azərbaycan Partiyası zamanın istəyi, millətin işıqlı gələcəyi naminə yaranmışdır. Partiyanın yaradıcısı olan Ulu Öndər öz parlaq siyasi zəkası və bacarığı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.
Millət vəkili Azərbaycanın bu gün hər sahədə inkişaf, tərəqqi dövrünü yaşadığına diqqətə çəkdi. O, qeyd etdi ki, iqtisadiyyatın inkişafının aynası olan dövlət büdcəsi ildən-ilə artır: "Cari ilin dövlət büdcəsi 25 milyard dollardan artıqdır. 20 il ərzində demək olar ki, dövlət büdcəmiz 100 dəfə artıb. Bu iqtisadi inkişafımızın yüksək göstəricisindən xəbər verir. Əhəmiyyətli sosial proqramlar həyata keçirilir. Hər sahə üzrə konkret proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi və uğurlu icrası ölkənin hərtərəfli inkişafını sürətləndirir".
M.Quliyev hər bir azərbaycanlını ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında bu xətti qoruyub inkişaf etdirməyə və böyük uğurlara imza atmağa çağırdı.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı, Xaləddin İsgəndərov YAP-ın yarandığı tarixə qısa nəzər saldı. Sonra rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Prezident İlham Əliyevin imzaladığı və Onun rəhbərliyilə reallışdırılan regionların sosial-iqtisadi inkişafı, dövlət proqramları artıq bölgələrlə paytaxt arasındakı fərqi minimuma endirib. İmzalanmış iki böyük dövlət proqramının icrası nəticəsində bölgələrin siması tamamilə dəyişdiyini, iri istehsal müəssisələri açıldığını, minlərlə iş yerlərinin yaradıldığını, insanların güzəranının yüksəldiyini vurğuladı. X.İsgəndərov, eyni zamanda, rayon sakinlərinin rifahının yüksəldilməsi həyat tərzinin yaxşılaşdırılması istiqamətində Binəqədidə aparılan qurculuq işlərindən danışdı.
X.İsgəndərov dövlət başçısı İlham Əliyevin xalqımıza göstərdiyi nümunələrin hər birimizə örnək olmasını tövsiyə etdi.
Tədbirdə bir qrup partiya fəalları, o cümlədən, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü Həsən Mirzəyev və başqaları, eyni zamanda, ərazi ilk partiya təşkilatları YAP Binəqədi rayon təşkilatı tərəfindən YAP-ın yaradılmasınnı 20 illiyi münasibətilə fəxri fərmanlarla təltif edildi. Partiya üzvülüyünə yeni qəbul olunan gənclərə partiya vəsiqələri təqdim edildi.
Tədbir konsert proqramı ilə başa çatdı.
ZÜMRÜD BAYRAMOVA