PDF Oxu

Əsas

  • 22

Müxalifət faliyyətsiliyini gizlətməkdən ötrü hər cür rəzilliyə gedir

Siyavuş Novruzov: "Onlar 2013-cü il prezident seçkilərində bir yerdə iştirak etsələr belə, heç bir alternativ ola bilməz, 1% səs də toplaya bilməyəcəklər"

Müxalifət faliyyətsiliyini gizlətməkdən ötrü hər cür rəzilliyə gedir

Siyasi müxalifətin getdikcə uçuruma doğru daha sürətlə irəliləməsi düşərgə "liderləri"nin və onların təbliğat maşını olan mətbuat orqanlarının rəzil addımlar atmaları ilə nəticələnir. Qarayaxma və şantaj yolunu tutmağa adətkar olmuş "Azadlıq" və "Yeni Müsavat" kimi mətbu orqanlar xüsusilə, seçkilər ərəfəsində şər və böhtan xarakterli məqalələrlə cəmiyyəti aldatmaq yolunu tuturlar. Ən xırda məsələləri belə şişirdərək bunu "qlobal problemə" çevirməyə səy göstərən müxalifət mətbuatı əslində bu vasitə ilə "liderləri"nin ucuz düşüncə tərzlərini ifşa etmiş olurlar.

Belə ki, son günlər radikal müxalifət mətbuatının (Xüsusilə, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin və bu mətbu orqanlara bağlı informasiya saytlarının - R.R.) Moskvada bir qrup nüfuzlu azərbaycanlı iş adamının birləşdiyi "Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı" ilə bağlı qərəzli və qalmaqal xarakterli qeyri-obyektiv məlumatları səngimir. Eləcə də dağıdıcı müxalifət mətbuatı ölkədə post-seçki dövrü ictimai çaşqınlıq yaratmaq məqsədi ilə guya "Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı" -nın yaradılmasından "hakimiyyətdaxili" qüvvələrin öz xeyirlərinə istifadə edəcəyini iddia edirlər.

"...Bunu bəziləri arzu edir, belə arzu edənlərin də arzusu gözlərində qalacaq"

Həmin gülünc iddialara görə, adıçəkilən qurum guya Rusiya siyasi dairələrinin əsasında yaradılıb və şimal qonşumuz bu qurumdan 2013-cü il prezident seçkilərində istifadə edəcək. Bu da üçüncü "müxalifət"in siyasi arenaya girməsi deməkdir (?!-R.R.).

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, onlar özləri üçün nəsə qurum yaradıblar: "Bunların hələ məqsəd və qarşıya qoyduqları vəzifələri bəlli deyil. Onlar öz məqsədlərini elan edərlər, biz də buna uyğun münasibət bildirərik".

Buradan da bəlli olur ki, yaradılmış təşkilat hələ öz vəzifəsini müəyyən etməsə də müxalifət artıq həmin təşkilatın adından fərziyyələr irəli sürür. Adını da qoyurlar ki, guya burada hər hansısa hakimiyyətdaxili qruplaşma məsələsi mövcuddur. Məhz bu baxımdan, millət vəkili Siyavuş Novruzov onu da vurğulayıb ki, Azərbaycan hakimiyyətinin daxilində heç bir qruplaşmadan söhbət gedə bilməz: "Hakimiyyət vahiddir. Bunu bəziləri arzu edir, belə arzu edənlərin də arzusu gözlərində qalacaq. Onlar 2013-cü il prezident seçkilərində bir yerdə iştirak etsələr belə, heç bir alternativ ola bilməz, 1% səs də toplaya bilməyəcəklər".

Mümkün deyil və olmayacaq

YAP İcra katibinin müavini Siyavuş Novruzovun sözlərindən həm də belə bir qənaətə gəlmək mümkündür ki, dağıdıcı müxalifət fəaliyyətsiliyini, zəifliyini və 2013-cü ildə məruz qalacağı biabırçı məğlubiyyətini indidən nəzərə alaraq, cılızlığını ictimaiyyətdən gizlətməkdən ötrü bu kimi rəzilliklərə imza atır. Ancaq belə köhnəlmiş, yararsız, xalq tərəfindən barmaqarası baxılan siyasi oyunbazlıqlar ciddi qəbul olunmamaqla yanaşı, dağıdıcı müxalifətin ucuz təfəkkürünü daha çox üzə çıxarır. Bu amil isə, bütövlükdə onların "liderlərini" xalqdan təcrid edir. Xalqdan təcrid olunanların isə istənilən seçkilərdə hər hansı qələbə əldə etməsi, ümumiyyətlə, mümkün deyil və olmayacaq.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər