BÖYÜK VƏ ŞƏRƏFLİ YOL KEÇMİŞ YAP-IN YARADILMASINDAN 20 İL KEÇİR
Dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetində tədbir keçirlib. Görkəmli ictima-siyasi xadimlərin, ziyalıların və elm adamlarının iştirakı ilə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın Azərbaycan tarixindəki rolundan danışılıb. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədov çıxış edərək bildirib ki, YAP uzun illərin sınağından çıxmış böyük sosial bazaya malik partiyadır: "YAP bu günə kimi Respublikamızda keçirilən 4 prezident, 4 parlament və 3 bələdiyyə seçkisində qələbə qazanıb. YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində son 8 ildə 1 milyon 100 min iş yeri açılıb ki, onlardan da 800 mini daimi iş yeridir. Son 8 ildə Azərbaycan iqtisadiyyatı 8 dəfə, dövlət büdcəsi 20 dəfəyə yaxın artmışdır. Ölkəmizdə yoxulluğun səviyyəsi 50 %-dən 7 %-ə düşmüşdür, işsizliyin səviyyəsi isə 5,4 %-dir".
Tədbirdə digər çıxış edən YAP Səbail Rayon Təşkilatının sədri Zahid Qaralov bildirib ki, dövlət başçımız İlham Əliyev ölkəmizin iqtisadi potensialını intellekt potensialına çevirib: "Sabitlikdən modernləşməyə doğru kurs götürən Azərbaycanda bütün sahələrdə hərtərəfli tərəqqi, inkişaf müşahidə olunur. Azərbaycanı ağır durumdan çıxarıb dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirən məhz YAP-ın qurucusu, Ulu Öndər Heydər Əliyev və YAP-ın Sədri, Prezident İlham Əliyevdir".
YAP-ın fəaliyyətindən danışan digər tədbir iştirakçıları vurğulayıblar ki, YAP Cənubi Qafqazın ən güclü siaysi partiyasıdır. YAP-la heç bir siaysi partiya nə sosial baza baxımından, nə intellekt səviyyə, nə də idarətetmə təcrübəsi baxımından müqayisə oluna bilməz. YAP həm də bir beyin mərkəzidir, xalqımızın böyük elm və təhsil xadimləri, görkməli ziyalıları məhz bu partiyada təmsil olunurlar.
Samir Feyruzov