PDF Oxu

Əsas

  • 31

Yeni Azərbaycan Partiyası növbəti yaşıllaşdırma aksiyası keçirib

Yeni Azərbaycan Partiyası növbəti yaşıllaşdırma aksiyası keçirib

Dünən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Nərimanov rayonu ərazisində yaşıllaşdırma aksiyası keçirilib. Aksiyada YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının fəalları, gənclər iştirak ediblər.

YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, YAP-ın 20 illik yubileyi münasibətilə keçirilən bu kampaniya böyük əhəmiyyət kəsb edir. YAP-ın həmişə müxtəlif aksiyalar keçirdiyini xatırladan Əli Əhmədovun sözlərinə görə, bu aksiyaların içərisində Bakı şəhərində yaşıllaşdırma işlərinə dəstək verilməsi önəmli yer tutur: "Biz dəfələrlə paytaxtın müxtəlif ərazilərində ağaclar əkmişik. Məmnuniyyətlə deyə bilərəm ki, əkdiyimiz ağaclar indi həmin ərazilərin yaşıllığına əhəmiyyətli töhfə verirlər. İndi də partiyamızın 20 illik yubileyi ərəfəsində Bakının bu hissəsində ağacəkmə kampaniyasını həyata keçiririk. Gördüyünüz kimi bu yaşıllıq zonasının formalaşmasına YAP bundan əvvəl keçirdiyi aksiya ilə dəstək vermişdi. Bir neçə ay öncə burada ağaclar əkmişdik və həmin ağacların xeyli hissəsi inkişaf edib. İndi də partiyamızın 20 illik yubileyi münasibətilə burada yaşıllaşdırma işlərini davam etdiririk. YAP-ın çağırışı ilə partiyamızın fəallarının bir hissəsi 2000-dən çox yeni ağacların əkilməsindən ibarət olan bu aksiyada iştirak edirlər. Güman edirəm ki, bu, bizim sonuncu aksiyamız olmayacaq".

YAP İcra katibi Əli Əhmədov onu da qeyd edib ki, YAP yalnız ölkənin siyasi həyatında iştirak etməklə öz missiyasını başa çatmış hesab etmir. Partiya siyasi həyatda yüksək mövqe tutmaqla yanaşı ölkəmizin ictimai həyatında da çox müxtəlif aksiyalar keçirməklə iştirak edir: "Biz quruculuq, yaradıcılıq işlərinə dəstək veririk. Bütün bunların hamısı YAP-ın geniş və çoxşaxəli fəaliyyətindən xəbər verir. Partiyamız həmişə istər siyasət sahəsində, istərsə də, həyatımızın digər sahələrində dövlətimizə, cəmiyyətimizə və insanlarımıza faydalı olan işlərlə məşğuldur. Güman edirəm ki, əkdiyimiz ağaclar da Azərbaycanda, Bakı şəhərində ekologiyanın təmizliyinə dəstək olacaq və şəhərimizin oksigenlə zənginləşməsinə kömək edəcək. Biz bundan sonra faydalı işlər görəcəyik. YAP-ın bütövlükdə fəaliyyət prinsipləri bundan ibarətdir".

Milli Məclisin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə bu aksiyanın YAP-ın ənənəvi tədbirlərindən biri olduğunu deyib: "Amma bu dəfə özəllik ondan ibarətdir ki, bu aksiya partiyamızın yaranmasının 20 illik yubileyinə həsr olunub. Mən bu yubiley münasibətilə hər bir kəsi tədbrik edirəm. Partiyamız yarandığı 20 il ərzində hər anını xalqa xidmətdə keçirib. Bu xidmətin də bəhrəsi olaraq hər zaman xalqdan etimad mandatını alıb. Qarşıdan 20 illik yubileymiz gəlir. Hesab edirəm ki, bu bayram təkcə YAP-ın yox, partiyanın siyasətini dəstəkləyən Azərbaycan xalqının mütləq əksəriyyətinin bayramıdır. Ona görə də, bu gözəl bayram ərəfəsində YAP-ın fəalları, xüsusilə gənclər böyük ruh yüksəkliyi ilə bu kampaniyaya qoşulublar. Hesab edirəm ki, əkdiyimiz ağaclar bir müddət sonra bu parkı bəzəyəcək və Bakı şəhərinin abadlaşmasına, daha da gözəlləşməsinə böyük töhfə olacaq".

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, partiyamızın 20 illik yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də yaşıllaşdırma kampaniyasıdır. Onun sözlərinə görə, partiyamızın Milli Məclisdə təmsil olunan deputatları, yerli təşkilatların fəalları bu işə qoşulublar: "Ümumilikdə, YAP mütəmadi olaraq ağacəkmə mövsümündə yaşıllaşdırma aksiyası həyata keçirir. Bu məsələ daim diqqət mərkəzindədir. İndiki aksiya zamanı partiyamızın üzvləri tərəfindən xeyli sayda ağac əkilib ki, bu da çox vacib işdir".

S.Novruzov onu da vurğulayıb ki, partiyanın 20 illik yubileyilə bağlı qarşıdakı günlərdə də tədbirlər keçiriləcək. Məsələn, noyabrın 10-da respublika üzrə futbol turnirinin finalı olacaq. YAP İcra katibinin müavini deyib ki, yubiley tədbirlərinin yekununda partiyanın böyük, təntənəli toplantısı keçiriləcək.

YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, partiyamız tərəfindən hər il yaşıllaşdırma kampaniyası keçirilir. Onun sözlərinə görə, istər Bakı şəhərində, istərsə də, rayonlarda YAP üzvləri minlərlə ağacın əkilməsində iştirak edirlər. "Bu tədbir də partiyamızın 20 illik yubileyinə həsr olunub. Ağac əkmək bizim tarixi ənənəmizdir. Hər biri insan ömründə dəfələrlə ağac əkməlidir. Çünki ağac əkmək savab bir işdir. Biz də bu savab işlə məşğuluq" deyə YAP İcra katibinin müavini qeyd edib.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər