YAP SƏBAİL RAYON TƏŞKİLATININ "AZƏRENERJİ" ƏRAZİ İLK TƏŞKİLATINDA PARTİYANIN 20 İLLİYİNƏ HƏSR OLUNAN TƏDBİR KEÇİRİLİB
"Azərenerji" ASC-də Yeni Azərbaycan Partiyasının (YAP) Səbail Rayonu "Azərenerji" ərazi ilk təşkilatı tərəfindən partiyanın 20 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir iştirakçıları partiyanın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin "Azərenerji" ASC-nin Mərkəzi Aparatındakı büstü önünə təzə-tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
"Azərenerji" ASC-nin akt zalında keçirilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, xalqımızın böyük oğlu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Azərenerji" YAP ərazi ilk təşkilatının İdarə Heyətinin üzvü Həsən Həsənov iclası giriş sözü ilə açaraq, tədbir iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib.
Tədbirdə "Azərenerji" YAP ərazi ilk təşkilatının İdarə Heyətinin sədri Ramazan Mehdiyev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olduğunu söyləyib. Yeni Azərbaycan Partiyasının yaranma tarixi və keçdiyi şərəfli yola nəzər yetirən Ramazan Mehdiyev deyib: "Çox ağır bir şəraitdə, böyük təzyiqlər altında Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranması istiqamətində xeyli iş görülüb. 21 noyabr 1992-ci ildə 550 nümayəndənin iştirakı ilə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib. Konfransda yekdilliklə Ulu Öndər partiyaya sədr seçilib.
"Azərenerji" ərazi ilk təşkilatının sədri vurğulayıb ki, zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin gələcək inkişafında mühüm rol oynayıb. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyevin rəhbərliyi ilə partiya müstəqilliyimizin qorunub saxlanılması və inkişafında, həmçinin dünya dövlətləri arasında söz sahibi olması istiqamətində uğurlu addımlarla irəliləyir. Bu nailiyyətlərdə energetiklərin də payı var. Ölkə iqtisadiyyatının inkişafında xüsusi rolu olan enerjisistemin çoxsaylı müəssisələrində Yeni Azərbaycan Partiyasının yüzlərlə üzvü çalışır və onların sayı günü-gündən artır.
İclasda çıxış edənlər enerjisistemin çoxminlik əmək kollektivlərinin Yeni Azərbaycan Partiyasının 20 illik yubileyini böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını bildirib, partiya qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəal iştirak etdiklərini bildiriblər.
İclasda YAP Səbail Rayon Təşkilatı sədrinin müavini Muxtar Nağıyev çıxış edərək, partiyanın yaranmasını zəruri edən tarixi amillərdən ətraflı söz açıb, YAP-ın ümumxalq partiyasına çevrilməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri barədə danışıb. Bildirilib ki, YAP-ın siyasi kursunun mayasında xalqa, dövlətə xidmətin dayanması, Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atdığı uğurlu addımlar onun gələcəyinə inamı artırıb, tərkibinin həm kəmiyyət, həm də keyfiyyət baxımından möhkəmlənməsinə səbəb olub. Bu gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini sıralarında birləşdirən partiyanın ictimai-siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, beynəlxalq nüfuzu artır.
Tədbirin sonunda partiya sıralarına yeni daxil olan 8 nəfərə üzvlük vəsiqələri təqdim edilib.
Samir Feyruzov