Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü qeyd olunub
Dünən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Öncə tədbir iştirakçıları komitənin foyesində qoyulan Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, büstü önünə əklil qoyublar. Komitənin akt zalında davam edən tədbirdə mərasim iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədrinin müavini, DTXK sədri Qərib Məmmədov tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə təbrik edərək, ötən illər ərzində partiyanın çox mühüm nailiyyətlərə imza atdığını vurğulayıb: "Yarandığı vaxtdan YAP dövlətçilik mövqeyində dayanmış, geniş və çoxşaxəli islahatların həyata keçirilməsi ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərmişdir. Yarandığı vaxtdan cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilmiş Yeni Azərbaycan Partiyası qısa zamanda ictimaiyyətin rəğbətini və inamını qazanmışdır".
Komitə sədrinin sözlərinə görə, Yeni Azərbaycan Partiyası siyasi arenaya daxil olan zaman Azərbaycanın ağır və mürəkkəb zamanı idi: "Həmin vaxt ölkəyə rəhbərlik edən səriştəsiz qüvvələr nəinki qarşıda duran ümummilli vəzifələri həll etmədilər, hətta özlərinin səriştəsiz və xəyanətkar əməlləri ilə ölkənin vəziyyətini daha da ağırlaşdırdılar. Lakin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkəmizi düşdüyü ağır durumdan xilas edə bildi. Bu gün Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tərəqqi yolunda sürətlə irəliləyir".
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayilov partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək, bildirib ki, yeni müstəqillik əldə etmiş Azərbaycanın qarşısında önəmli vəzifələr dursa da, 1991-1993-cü illər ərzində hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasəti nəticəsində ölkədə xaos, hərc-mərclik yarandı, müstəqilliyimizin itirilməsi təhlükəsi meydana çıxdı: "Yalnız Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan sabit, inkişaf edən, beynəlxalq aləmdə tanınan ölkəyə çevrildi. Bu gün isə Ulu Öndər Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, vətəndaşlar Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşiblər və partiyamız xalqın mənafeyinin ifadəçisi kimi tanınır".
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bildirib ki, Yeni Azərbaycan Partiyası olduqca mürrək bir dönəm və şəraitdə yaradılıb: "Müstəqilliyin ilk iki ilində ölkəmizdə sosial, siyasi, iqtisadi, hüquqi və ideoloji sahələrdə xaos və anarxiya ilə müşayiət edilən dərin böhran halları baş verirdi. Eyni zamanda, hakimiyyətdə olan səriştəsiz qüvvələrin fəaliyyəti sayəsində Azərbaycan müxtəlif xarici imperialist güclərin ideoloji mübarizə və siyasi qarşıdurma meydanına çevrilmişdi. O zaman xalqın ümummilli maraqlarını ifadə edə biləcək təsisatın - ümumxalq partiyasının yaranmasına ehtiyac var idi. Məhz Yeni Azərbaycan Partiyası belə bir zərurətdən yarandı və xalqımızın ali mənafeyinin ifadəçisinə çevrildi. Ulu Öndər Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi və liderlik keyfiyyəti ilə Azərbaycanı dərin xaos və kəskin kataklizm meyillərindən xilas edərək yeni inkişaf yolunu açmış oldu".
H.Babaoğlu onu da vurğulayıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi: "Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi".
H.Babaoğlunun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində Azərbaycan sabitlik adası kimi səciyyələndirilir, iqtisadi inkişaf sürətinə görə dünya miqyasında lider dövlətlərdən biri kimi çıxış edir və müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, Yeni Azərbaycan Partiyasının iqtidar partiyası kimi fəaliyyəti Azərbaycanın bugünkü uğurlarını təmin edən ən başlıca şərt olmuşdur. YAP nəinki Azərbaycanın, həm də bölgənin ən güclü siyasi qüvvəsidir.
R.KAMALQIZI