PDF Oxu

Əsas

  • 33

Yeniləşən və inkişaf edən Yeni Azərbaycan Partiyası

İsmayıllıda Yeni Azərbaycan Partiyasının 20 illiyi böyük coşqu ilə qeyd olunub

Yeniləşən və inkişaf edən Yeni Azərbaycan Partiyası

Dünən Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 20 illik yubileyi münasibətilə təntənəli bayram tədbiri keçirilib. Tədbirdə millət vəkilləri, rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər. YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova partiyanın yarandığı tarixi şərait, keçdiyi şərəfli yol, partiyanın yaradılmasında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Rayon təşkilatının fəaliyyəti barədə ətraflı məlumat verən natiq qeyd edib ki, 1993-cü ildə yaranan rayon təşkilatının 86 ilk ərazi təşkilatında 7108 nəfər partiya üzvü birləşir.

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov bayram mərasimində çıxış edərək vurğulayıb ki, müstəqilliyimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövlət yaratmaq üçün siyasi partiya lazım idi: "Ulu Öndərin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə cevrildi. YAP yaranmaqla Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu. Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş quruculuq işləri gedir, regionlar, o cümlədən rayonumuz sürətlə inkişaf edir, abadlaşır."

Tədbirdə Millət vəkili Novruz Aslan çıxış edərək müstəqilliyimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövləti qorumaq və möhkəmləndirmək üçün siyasi partiyanın yaramasının vacibliyini qeyd edib: "Mövcudluğumuzun sual altında olduğu bir vaxtda taleyüklü bu məsələdə xalqımızın dahi oğlu Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür. Məhz Ulu Öndərin gərgin səyləri ilə Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu".

Millət vəkili Ərəstun Cavadov ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edib, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıb.

SİA-nın baş direktoru, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev YAP-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, Azərbaycanın bugünkü uğurlarındakı tarixi xidmətlərindən danışıb: "YAP bu gün ölkəmizin hakim partiyası olaraq dövlətimizin idarəçiliyində əsas və aparıcı yerlərdən birini tutur. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu partiya və onun söykəndiyi ideoloji-siyasi prinsiplər hazırda Azərbaycanın müstəqil dövlətçiliyinin təməl prinsipləri kimi hamı tərəfindən qəbul edilir. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir".

Bayram mərasimində YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin sədri Taleh Salehov, İsmayıllı şəhər ərazi ilk partiya təşkilatının sədri Məhərrəm Əhmədov, rayon təşkilatınnı idarə heyətinin üzvü Olqa Jabina və başqaları çıxış edərək, ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edib, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar.

Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edilib.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər