ARDNŞ-də YAP-ın yaranmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib
Dünən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümünə həsr olunan toplantı keçirilib. Tədbiri giriş sözü ilə açan ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını və keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıb.
Yubiley mərasimində YAP Səbail rayon təşkilatı ARDNŞ ərazi ilk təşkilatının sədri Aydın Bədəlov isə təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, 20 illik şərəfli mübarizə yolu keçən, xalqın dərin etimadını və etibarını qazanmış partiyanın güclü siyasi təşkilat olaraq formalaşmasından, inkişaf etməsindən və vətənimizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyətini ilə bağlı məruzə edib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq, Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi üçün ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarından son dərəcə səmərəli istifadə edilməsini vacib saymış, yeni neft strategiyasının işlənib hazırlanması və uğurla həyata keçirilməsi üçün əzmlə çalışmışdır. Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasını vacib hesab edən Ulu Öndər aparılan danışıqların xalqımız üçün ən uğurlu bir sonluqla başa çatmasına nail olmuşdur: ""Əsrin müqaviləsi" 1994-cü ilin sentyabr ayında imzalanmış, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi qoyulmuşdur. Bu gün Azərbaycan iqtisadiyyatı Ümummilli Lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Ulu Öndərin inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməkdədir".
Tədbirdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları çıxışlarında Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin dayağı, onun inkişafı istiqamətində mühüm addımlar atan siyasi qüvvə kimi qiymətləndirərək, partiyanın Azərbaycanın ictimai-siyasi həyatında alternativsiz qurum olduğunu diqqətə çatdırıblar.
A.Səmədova