YAP Masallı rayon təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevin anım gününü qeyd ediblər
YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Heydər Əliyevin yolu əbədidir" mövzusunda tədbir keçirib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin ilk dəfə ölkəyə rəhbərliyə gəlməsindən söz açıb. O, söyləyib ki, keçmiş sovet dövrünün məhdud imkanlarından maksimum istifadə edərək, Azərbaycanda milli şüurun dirçəldilməsi, milli ruhlu ziyalıların repressiya və təzyiqlərdən qorunması, mədəniyyətin, elmin, təhsilin inkişaf etdirilməsi, dövlət strukturlarındakı yüksək vəzifələrə milli kadrların yerləşdirilməsi, onlara mənəvi dəstəyin artırılması, güclü sənaye və kənd təsərrüfatının təşkili Azərbaycanda həyata keçirilən geniş quruculuq-abadlıq işləri üçün tarixi hazırlıq mərhələsi hesab olunur: "Ulu Öndərimiz Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində də özünün idarəçilik prinsiplərinə sadiq qalaraq fəaliyyətini bütünlüklə xalqa, dövlətə xidmət amalı üzərində qurub, milli xilaskar və qurucu rəhbər kimi Ümummilli Lider zirvəsinə yüksəlib. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyin ilk illərində milli dövlətçiliyi qorumaq üçün nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq Onun yüksək liderlik əzmini bir daha nümayiş etdirib".
Masallı rayonunda yaradılan Heydər Əliyev Mərkəzinin direktoru Əyyar Tahirov dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərindən danışıb. O,vurğulayıb ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin mükəmməl ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbir iştirakçıları ilə fikirlərini bölüşən partiya üzvlərində Nuşirəvan Hüseynov, İdris Tağıyev, Məmmədağa Dadaşov, gənclərdən Namiq Miriyev, Anar Dadaşov və başqaları çıxış ediblər. Digər çıxışçılar dünya şöhrətli siyasi xadim Heydər Əliyevin mənalı və şərəfli ömür yolundan, Azərbaycan xalqı və dövləti qarşısındakı böyük xidmətlərindən danışıblar. Qeyd olunub ki, Heydər Əliyev bütün həyatını Azərbaycana və türk dünyasına bəxş edib, Azərbaycanın xoşbəxt gələcəyi naminə ömrünü xalqına bağışlayıb, hələ sağlığında özünə əbədi məşəl yandırıb.
R.HÜSEYNOVA