YAP Şəmkir rayon təşkilatı və Şəmkir rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir keçirildi
Dünən YAP Şəmkir rayon təşkilatı və Şəmkir rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Liderin anım gününə həsr olunmuş tədbir keçirildi. İlk öncə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin rayonunun mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzdülər. Heydər Əliyev Mərkəzində davam edən anım mərasimini Şəmkir rayon icra hakimiyyətinin başçısı Nazim Veysov açaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə geniş nitq söylədi: "Azərbaycan xalqı hər zaman Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edir. Onun adı xalqımızın yaddaşında əbədi həkk olunmuşdur. Çünki Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya şöhrətli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır".
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək, qeyd etdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 9 il ötür: "Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bizə ərmağan etdi. Ulu Öndər Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığın inkişafına xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi".
F.Vəliyev onu da qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev dövlətçilik tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Bu gün təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu uğurlu siyasətin davamçısı olan ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi alternativi olmayan siyasi kurs dayanır".
Tədbirdə Şəmkir rayon mədəniyyət və turizm şöbəsinin müdüri Qüdrət Əliyev, rayon gənclər və idman idarəsinin rəisi Pərvin Gözəlova və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlərini söylədilər.
Tədbirin sonunda Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığına aid film nümaiş etdirildi.
Ülvi