Binəqədi rayon icra hakimiyyəti tərəfindən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə "Hollywood" şadlıq sarayında tədbir keçirildi. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Milli Məclisin deputatları Madər Musayev, Rafael Cəbrayılov, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətindəki xidmətlərindən söz açdı. O bildirdi ki, Ulu Öndər Heydər Əliyevin apardığı uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gücləndi. X.İsgəndərov Ulu Öndərin ölkənin ictimai həyatının bütün sahələrində sürətli inkişafa aparan köklü islahatlara yol açdığını vurğuladı. Azərbaycanın qısa vaxt ərzində iqtisadi göstəricilərinə, intellektual potensialına görə inkişaf etmiş ölkələr sırasında yer almasını Onun məhz uzaqgörən siyasətinin məntiqi olduğunu iştirakçıların nəzərinə çatdırdı. Heydər Əliyevin ardıcıl surətdə apardığı islahatlar yalnız iqtisadi sahəni əhatə etmirdi. Bu köklü dəyişikliklər elm və təhsildə, mədəniyyətdə də böyük sıçrayışlarla nəticələndi:"Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratmışdır. Böyük Şəxsiyyət Heydər Əliyevin uzaqgörən müdrik siyasəti dünya ölkələrində Azərbaycanın tanınmasına böyük yollar açmış oldu. Dünyanın hər bir nöqtəsində formalaşmış Azərbaycan diasporu, məhz Heydər Əliyevin diaspora quruculuğu siyasətinin məntiqi nəticəsidir".
X.İsgəndərov 2001-ci il mayın 23-də Dahi Öndərin bu istiqamətdə tarixi Sərəncam imzaladığını və həmin il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyini vurğuladı. Natiq bildirdi ki, bu möhtəşəm tədbir dünya azərbaycanlılarını bir araya gətirmək yolunda ilk və ciddi addım kimi qiymətləndirilir. Bu gün müasir dövrümüzdə dünyanın əksər ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi, vahid ideya, məslək ətrafında birləşməsi Ulu Öndərin xidmətləridir.
Natiq çıxışında bu gün Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Rayon icra başçısı bu görülən işlərin məntiqində Azərbaycanın sosial sferasında, iqtisadi inkişafında əldə edilən yüksək göstəricilərin təkcə kəmiyyəti ilə deyil, yeni keyfiyyət dəyişiklikləri ilə də özünü büruzə verdiyini diqqətə çatdırdı.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası istiqamətində görülən işlərə də nəzər salan X.İsgəndərov bu proqram çərçivəsində Binəqədi rayonunun qəsəbələrində geniş abadlıq-quruculuq işləri aparıldığını qeyd etdi. O, çıxışının sonunda bütün tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar günlər münasibəti ilə təbrik edib, uğurlar arzuladı.
Mərasimdə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup rayon sakininə, o cümlədən, millət vəkili Madər Musayevə, Binəqədi rayon Enerji təchizatının müdiri Kərəm İskəgdərova, rayon uşaq fondunun sədri Esmiralda Rəhimovaya, 83 saylı tam orta ixtisas məktəbinin əməkdar müəllimi Murad Vəliyevə və başqalarına fəxri fərmanlar təqdim olundu.
Tədbir konsert proqramı ilə başa çatdı.
Zümrüd BAYRAMOVA