“Səs” qəzetinin 22-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib
Tədbiri "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev açaraq ilk öncə qonaqları salamlayıb, eyni zamanda, növbəti 22-ci ildönümü münasibətilə qəzetin kollektivini təbrik edib. "Səs" qəzetinin dövlətçilik tarixində yeri və rolundan söhbət açan B. Quliyev bildirib ki, dəyirmi masada iştirak edən qonaqlarımızın bir çoxu qəzetin müxtəlif vaxtlarda fəaliyyətində xidmətlər göstərən, missiyası olan insanlardır. Ona görə də mən qəzetin keçmişi ilə bağlı tarixə qısa bir ekskurs etmək istəyirəm.
Hamıya yaxşı bəllidir ki, "Səs" qəzeti tarixi bir missiyanı yerinə yetirib. Ötən əsrdə - 1990-cı ilin sonunda rəsmi olaraq qeydiyyatdan keçən qəzet 1991-ci il, yanvarın 11-də işıq üzü görüb. Fəaliyyəti dövründə sağlam ideyanın cəmiyyətə çatdırılmasında öz missiyasını şərəflə yerinə yetirib. Qəzet haqqında danışarkən, onu da qeyd etmək lazımıdır ki, o dövrdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi istiqamətində "Səs" qəzeti çox böyük məharətlə Ümummilli Liderin ideyalarının xalqa çatdırılmasında vasitəçiyə çevrilib. Ziyalıların həmin dövrdə qəzet vasitəsilə Dahi Öndərə müraciəti və Ulu Öndərimizin həmin müraciətə cavabı bir tarixdir. Bunun nəticəsidir ki, Ulu Öndərimiz dəfələrlə öz çıxışlarında "Səs" qəzetinin onun üçün əziz qəzet olduğunu dilə gətirib və qəzetin adının tarixə qızıl hərflərlə yazılmasına bilavasitə öz imzasını atıb. Sonrakı dövrlərdə də qəzet öz fəaliyyətini uğurla davam etdirib. Ulu Öndərin qəzetlə bağlı dediyi ""Səs" qəzeti öz ənənəsinə sadiqdir, öz mövqeyi ilə daim fəaliyyətdədir və modernləşməli, inkişaf etməlidir", fikirlərini əlimizdə rəhbər tutaraq qəzeti modernləşdirərək, müasir, günün tələblərinə uyğunlaşdıraraq onun bazasında, 2008-ci ildə seçkiöncəsi sağlam informasiyanın obyektiv olaraq insanlara çatdırılmasını təmin etmək məqsədilə "Səs" İnformasiya Agentliyi yaratdıq və agentlik tezliklə cəmiyyətdə öz yerini tuta bildi. Sonrakı dövrlərdə biz qəzeti modernləşdirərək, onun bazasında internet -televiziya yaratmağa nail olduq və internet-televiziya informasiyaların görüntülü şəkildə izləyicilərə çatdırılmasına xidmət edir. Bu gün də Səs TV öz missiyasını məharətlə yerinə yetirir.
Bu gün qəzetin beynəlxalq əlaqələri də sürətlə inkişaf edir. Eyni zamanda, "Səs" İnformasiya Agentliyi üç dildə fəaliyyət göstərir. Gələcəkdə internet televiziyada da bir neçə dildə verilişlərin yayımını planlaşdırırıq. Beynəlxalq cəmiyyətə informasiyanın çatdırılmasında "Səs" qəzeti öz missiyasını bütün gücü ilə yerinə yetirməyə çalışır. Onu da vurğulamaq istəyirəm ki, "Səs" qəzetinin 13 illik tarixi Ağabəy Əsgərovun adı ilə bağlıdır. Həmin illər qəzetin tarixinə qızıl hərflərlə, eyni zamanda, şərəflə yazılan tarixdir. Burada əyləşənlərin, demək olar ki, hər biri müxtəlif vaxtlarda "Səs" qəzetində çalışan, əməkdaşlıq edən insanlardır. Onların səmimi fikrini, qəzetlə bağlı xatirələrini dinləmək bizim üçün maraqlı olardı.
"Azərbaycan" nəşriyyatının baş direktoru, "Səs" qəzetinin keçmiş baş redaktoru Ağabəy Əsgərov:
- Əvvəlcə qəzetin kollektivini təbrik edirəm. Məndən öncə çıxış edən Bəhruz müəllim qəzetin fəaliyyəti ilə bağlı geniş və əhatəli danışdı. Sevinirəm ki, "Səs" qəzetinə 13 illik rəhbərlik etmək şərəfi mənə qismət olub. Tam səmimi deyirəm ki, bu 13 il mənim həyatımda ən şərəfli, qürurlu illər olub. Doğrudan da, bu illər ərzində "Səs" qəzeti, onun kollektivi, demək olar ki, sözün əsl mənasında, oddan, alovdan keçib. Ulu Öndər özü hər zaman qeyd edirdi ki, "Səs" qəzeti mənim üçün ən əziz qəzetdir". "Səs" qəzeti Azərbaycanın dövlətçilik tarixinə, Yeni Azərbaycan Partiyasının tarixinə düşmüş qəzetdir. Burada qəzetin qocaman, eləcə də, gənc əməkdaşları ilə yanaşı, vaxtilə qəzetlə əməkdaşlıq edən insanlar əyləşib. Onların da hamısının deməyə sözü, bölüşməyə xatirələri var.
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı:
- Mən əvvəlcə Yeni Azərbaycan Partiyası İcra Katibliyi adından "Səs" qəzetinin kollektivini qəzetin təsis olunmasının 22 illiyi münasibətilə təbrik edirəm, onun yaradıcı kollektivinə uğurlar arzulayıram.
Ümumiyyətlə, bu auditoriyada jurnalistikanın korifeyləri ilə yanaşı, gənc nəslin nümayəndələri də əyləşiblər. Və gənc nəsillə bizim nəsil arasında müəyyən mənada keçmişə yanaşmada, keçmiş hadisələri təkrarən duyma baxımından bir az fərq ola bilər. Çünki bir var hadisələri yaşayasınız, bir də var onları kitablardan oxuyasınız. Bu gün Azərbaycanda azad mətbuat, internet mövcuddur. Azad mətbuatın, azad şəkildə qəzet çıxarmağın nə demək olduğunu, onun çətinliyini, mürəkkəbliyini bəlkə də bugünkü nəsil, jurnalistikanın köhnə nəsli qədər duya bilməz. Ona görə ki, indi istənilən Azərbaycan vətəndaşı istədiyi adda, bəzi istisnalar olmaqla, qəzet təsis və nəşr edə bilər. Amma sovet imperiyasının mövcud olduğu dövrdə, hələ sovet sisteminin yaşadığı zamanda qəzet qeydiyyatdan keçirmək, nəşr etdirmək çox mürəkkəb və çətin məsələ idi. Xalq hərəkatı dövründə yeni-yeni qəzetlər yaranmağa başlayırdı. O dövrdə qəzetə, mətbuata olan münasibət indiki dövrlə müqayisədə çox fərqli idi. O dövrdə qəzetlərin köşklərdə qalması ehtimalı sıfıra bərabər idi. Hər çıxan qəzet həmin gün günortaya qədər satılırdı. Mənim yadımdadır "Səs" qəzeti 35 min tiraja qalxmışdı və qəzetin yeni nömrəsini günortadan sonra tapmaq mümkün deyildi. Çünki o dövrdə Azərbaycan cəmiyyəti totalitar rejimdən demokratiyaya keçid dövrünü yaşayırdı. Təbii ki, həmin dövrdə informasiya azadlığına münasibət olduqca yüksək səviyyədə idi. Əlbəttə ki, indiki cəmiyyət, gənclik belə bir informasiya aclığı duymur. İstədiyi yerdən kifayət qədər informasiya almaq imkanına malikdir. Ona görə də qəzetin cəmiyyətdə yeri və rolu məsələsinə gəldikdə, hesab edirəm ki, "Səs" qəzeti Azərbaycanın dövlət müstəqilliyinin təbliği və təşviqi, o cümlədən, o dövrdə Azərbaycanda gedən siyasi mübarizənin obyektiv mənzərəsinin verilməsi baxımdan çox ciddi və obyektiv rol oynayıb.
Mənim yadımdadır "Səs" qəzetinin ö dövrdəki nömrələri çox çətinliklə işıq üzü görürdü. Kağız çatışmırdı, nəşriyyatda problemlər olurdu. Belə bir vəziyyətdə qəzet çıxarmaq cəsarət tələb edirdi. Təsadüfi deyil ki, qəzetin 20 illik yubileyində onun fəaliyyəti Prezidentimiz cənab İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirildi. Kollektivdəki bir neçə jurnalist yüksək adlara layiq görüldü. Bunlar bilavasitə qəzetin cəmiyyətdəki yeri və rolunu göstərməkdədir.
"Səs" qəzeti həmçinin, Ulu Öndərin ideyalarının təbliği və təşviqində mühüm rol oynayıb. "Səs" qəzeti "Yeni Azərbaycan" qəzeti yaranana qədər, faktiki olaraq, Yeni Azərbaycan Partiyasının rəsmi qəzeti funksiyasını yerinə yetirib. Bu gün də "Səs" qəzeti Yeni Azərbaycan Partiyasının qəzetidir. Lakin qəzet hazırda partiyanın rəsmi qəzeti olmasa da, Yeni Azərbaycan Partiyasının təşəkkülü, təbliği və təşkilatlanmasında əhəmiyyətli yer tutub. Dövlətçiliyin möhkəmlənməsi istiqamətində isə "Səs" qəzeti müəyyən məqamlarda önəmli rol oynayıb. Xüsusilə, Azərbaycanda böhranlı vəziyyət yarananda, 1994-cü ilin oktyabrında, 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhdlər zamanı "Səs" qəzetinin həmin günlərdə nəşr olunan nömrələrinə baxsanız nə qədər böyük dövlətçilik təfəkkürünü orada ifadə edildiyini görə bilərsiniz. Bu gün də "Səs" qəzeti Azərbaycan mətbuatında özünə məxsus yer tutur və uğurla fəaliyyətini davam etdirir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov:
- Mən Ağabəy Əsgərovu, "Səs" qəzetinin rəhbərini, kollektivini təbrik edirəm. Mən müxtəlif vaxtlarda, bir neçə dəfə "Səs" qəzetinin yubileyinə dəvət olunsam da, müəyyən səbəblər üzündən iştirak edə bilməmişəm. Amma bu gün iştirak etmək mənə nəsib oldu. Mətbuat Şurası "Səs" qəzeti ilə kifayət qədər sıx işləyir. Şuranın əksər tədbirlərinə qəzetin rəhbərliyi dəvət olunur, əməkdaşları iştirak edir.
Müxtəlif dövrlərdə mətbuat vasitələri müxtəlif rollar oynayıb. Cəmiyyət müstəqil olduqdan sonra, tam olaraq demokratik prinsiplərlə yaşadığı müddətdə biz kütləvi informasiya vasitələrinin müstəqilliyi, tam azad olması ilə bağlı mülahizələr irəli sürürük. Ancaq cəmiyyətin elə bir mərhələsi olur ki, həmin mərhələdə qəzet təşviqatçılıq həyata keçirməklə yanaşı, eyni zamanda, təşkilatçıya da çevrilir. Mən "Səs" qəzetini 1903-cü ildə Rusiyada işıq üzü görən "İskra" qəzetinə bənzədirəm. Həmin dövrdə "İskra" qəzeti bolşeviklərin tribunasına çevrildi və bolşevik təbliğatını ölkədə aparmaqla inqilabi dəyişikliyə nail ola bildi. "Səs" qəzeti yarandığı ilkin dövrlərdən nəinki təbliğat və təşviqatla məşğul olurdu, eyni zamanda, kollektiv təşkilatçı idi. Bu baxımdan, qəzet üzərinə düşən missiyanı layiqincə yerinə yetirə bilib. Bu da hər qəzetə, onun rəhbərliyinə nəsib olan məsələ deyil. Mən "Səs" qəzetinə həmişə isti münasibət göstərmişəm, bu gün də belədir. Bunlar mənim "Səs" qəzeti ilə bağlı düşüncələrimdir.
Bir şeyi də sizinlə bölüşmək istəyirəm. Dünyanın hər bir yerində mətbuatın inkişafı yeni bir mərhələyə daxil olub, mətbuat personallaşıb. Yəni ayrı-ayrı kütləvi informasiya vasitələri müxtəlif insanların maraqlarına xidmət edir. Məsələn, bir çox yerdə müşahidə etmişəm, insanlar qəzeti alır, onun üçün maraqlı olan bölməni, idman, iqtisadiyyat və s. götürür, qalan hissəsini atır. Kütləvi informasiya vasitələrində konvengensiya deyilən bir nüans da meydana gəlib. Forma dəyişir, məzmun qalır. Məsələn, bir qəzetin agentliyi, televiziyası, radiosu olur. Bütün bunlar dünyanın bir çox yerində özünün inkişaf mərhələsinə çatıb. Eyni zamanda, Azərbaycan da buna nail olur. Bunların içərisində internet-media kifayət qədər önəmli yer tutur. Hətta Böyük Britaniyada, ABŞ-da aparılan araşdırmalara görə, gələcək 10 il ərzində ictimai fikir 75 faizə qədər internet resurslarının təsiri ilə formalaşacaq. Bunları nəzərə alaraq mediaya bu sahəsinə çox böyük önəm verilir. Azərbaycanda da buna maraq artır. Artıq ölkədə 65 faiz əhali internetdən istifadə edir, 1 milyondan çox insan sosial şəbəkələrdə öz fikirlərini bölüşür. Bizim qarşımızda duran vəzifələrdən biri də Azərbaycanın təbliğatını məhz bu sahədə aparmaqdır. Mən elə düşünürəm ki, bu, "Səs" qəzetinin, eləcə də, digər kütləvi informasiya vasitələrinin missiyasıdır. Gələcəkdə qalib olmaq istəyən hər hansı bir qurum, partiya, təbəqə mütləq internet resurslarına söykənməlidir və bu vasitə ilə özünün təbliğatını qurmalıdır.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə:
- Azərbaycanda müstəqil mətbuatın formalaşmasında öz yeri və rolu olan "Səs" qəzetinin yubileyini, yəni tarixi bir günü qeyd edirik. Mən qəzetin kollektivini yubiley münasibətilə təbrik edirəm. Ötən əsrin 90-cı illərini gözümün önündə canlandıranda, o dövrdə müstəqil qəzet buraxmağın, təsis etməyin necə böyük fədakarlıq tələb etdiyini xatırlayıram. O illər gərgin məqamlarla, hadisələrlə dolu günlər idi. Xüsusilə də, "Səs" qəzeti kimi bir nəşri təsis etmək qətiyyət, cəsarət tələb edirdi. 1991-ci ilin yanvar ayında hakimiyyətdə olan insanların cəmiyyətə, ölkəyə olan mənfi, kəskin münasibəti, təbii ki, "Səs" qəzetindən yan keçə bilməzdi. "Səs" qəzeti bizim ilk dövlətçilik prinsiplərinin qorunması istiqamətində fəaliyyət göstərən ilk mətbuat orqanlarımızdan biridir. "İki sahil" qəzeti "Səs" qəzetindən 6 ay sonra fəaliyyətə başlayıb və bu nəşr həmişə bizim üçün örnək olub. "Səs" qəzeti ziyalıların, haqqın, ədalətin tribunası olub. Bu gün də öz prinsiplərini cəsarətlə, qətiyyətlə qoruyub-saxlayıb və bu mövqeyi inkişaf etdirərək fəaliyyət göstərir. Bir vaxtlar qəzetin 5-10 əməkdaşı var idisə, bu gün onların sayı dəfələrlə artıb. Bu gün qəzetlə yanaşı, informasiya agentliyi, internet-televiziya fəaliyyət göstərir. Bunların hamısı sevindirici haldır. Hesab edirəm ki, qəzetdə çalışan hər bir insan qürur hissi keçirə bilər ki, o, "Səs"in əməkdaşıdır. Bir daha kollektivi, onun rəhbərini təbrik edirəm və arzu edirəm ki, daha böyük yubileylərinizdə iştirak edək.
(Davamı var...)
İntizarə Məmmədova,
Cabir Məmmədov