2 Fevral Gənclər Gününə həsr edilmiş dəyirmi masa keçirildi
(Əvvəli ötən sayımızda)
Dünən "Səs" qəzeti redaksiyasında 2 Fevral Gənclər Gününə həsr edilmiş dəyirmi masa keçirildi. Hər zaman ölkənin ictimai-siyasi və mədəni həyatında baş verən önəmli hadisələrlə bağlı ənənəvi olaraq keçirilən dəyirmi masaya Yeni Azərbaycan Partiyasının fəal gəncləri dəvət olunmuşdur. Tədbirdə YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov, YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva, YAP Gənclər Birliyinin koordinatoru Vüsalə Niftəliyeva, YAP Xətai rayon gənclər birliyinin idarə heyətinin üzvü Tərlan Səfərov, YAP Yasamal rayon gənclər birliyinin üzvü Nərminə Yunusova iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı qeyd etdi ki, 1996-cı il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən Gənclər Gününün qeyd edilməsi ilə bağlı imzalanan Sərəncama əsasən, artıq neçə illərdir ki, 2 Fevral Gənclər Günü kimi qeyd olunur. Bu, Heydər Əliyevin Azərbaycan gənciliyinə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq, Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Ulu Öndərin qeyd olunuan Sərəncamı təsadüfi bir qərar deyildi. Bu, Ulu Öndərin digər gələcəyə hesablanmış siyasətinin məntiqidir.
AYGÜN ƏLİYEVA:
- YAP gənclər təşkilatı olaraq, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı qərəzli ünvanlanan fikirlərə münasibətimizi, qərarımızı bildiririk. 2013-cü il Azərbaycan üçün uğurlu illərdən biridir. Belə ki, bildiyiniz kimi, prezident seçkiləri ərəfəsindəyik. Bəzi beynəlxalq təşkilatlar, müxalifətdə duran qüvvələr, anti-Azərbaycan siyasəti aparanlar artıq ölkəmizdə Prezident İlham Əliyevin böyük bir təbəqə-xalq tərəfindən dəstəkləndiyini görürlər. Azərbaycanın daxilində sabitlik hökm sürür ki, bu ab-hava digər müsəlman ölkələrində müşahidə edilmir. Regionda, eləcə də, Cənubi Qafqazda bir müsəlman dövlətinin yüksək arenaya çıxması, söz sahibinə çevrilməsi, iqtisadi inkişafa malik olması, görünür, Azərbaycanı sevməyən qüvvələr tərəfindən birmənalı şəkildə qəbul edilmir. Bütün bunların nəticəsidir ki, xarici qüvvələr müəyyən hesabatlarla ölkəmizə qarşı mənfi fikir formalaşdırmağa çalışırlar. Bir daha vurğulayım ki, bu hesabatlar qərəzlidir. Ölkəyə səfər etmədən və buradakı hadisələrlə yaxından tanış olmadan fikir söyləmək heç bir məntiqə söykənmir və qərəzli mövqe açıq-aydın sezilir. Bu yaxınlarda, bildiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının plenar iclasında almaniyalı deputat Kristofer Ştrasserin Azərbaycanla bağlı hazırladığı hesabatda çox ürəkaçan hal odur ki, hesabat qəbul edilmədi. Bu, Azərbaycan diplomatiyasının növbəti uğuru idi. Artıq Avropa Azərbaycana ikili stanlartlarla yanaşmaqdan əl çəkməlidir. Qəbul etməlidir ki, Azərbaycanın müsəlman dövləti olmasına baxmayaraq, 21 illik müstəqillik tarixində inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlmişdir. Azərbaycanda Avropa ölkələri ilə müqayisədə işsizlik səviyyəsinin aşağı düşməsi, ümumdaxili məhsulun ilbəil artması, kredit faizləri ilə bağlı ölkəmizin nailiyyətləri və s. dövlətimizin uğurları olduğundan onların üzərinə xətt çəkib, reallığı əks etdirməyən fikirlərlə qərəzli mövqedən çıxış etmək məkrli siyasəti üzə çıxarır. İnkişaf etmiş dövlətə qarşı belə qərəzli mövqenin olması da təbiidir. Biz də, gənc olaraq, belə hesabatlara və mövqelərə hansı formada cavab verməyin sivil yollarını bilirik.
"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:
- Azərbaycanın bütün rayonlarında Yeni Azərbaycan Partiyasının təşkilatları fəaliyyətdədir. Bu gün təşkilatların Gənclər Birliyinin ictimai-siyasi həyatdakı fəaliyyətini necə qiymətləndirərdiniz?
VÜSALƏ NİFTƏLİYEVA:
- Bu gün Azərbaycan gəncliyi faktlara əsaslanaraq, Azərbaycanın mövqeyini müdafiə edir, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına nail olur. Azərbaycan Prezidentinin regionlarımıza mütəmadi səfəri, bölgələrimizdə gənclər mərkəzlərinin yaradılması gənclərin fəallığına stimul verir.
Gənclərin və yeniyetmələrin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi istiqamətində işlər görülür. Onların sosial problemlərinin həllinə diqqət artırılır. O cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısı göstərilir. Gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunmasına önəm verilir.
Müasir həyatımızda sosial şəbəkələrə gənclər tərəfindən böyük bir axın var və fikir mübadilələri aparılır, gənclərin bu şəbəkələrdəki respublika üzrə fəallığını görmək mümkündür. Sosial şəbəkələrdə fəal iştirak etmək gərəkdir ki, gənclərin fəaliyyəti ilə tanış olasan. Qeyd edək ki, sosial şəbəkələrə gənclər tərəfindən böyük bir axın var və fikir mübadilələri aparılır. Gənclər sağlam düşüncə və baxış sahibi olaraq müstəqil münasibət bildirir, fikirlərini paylaşırlar. Müasir gənclik böyük qüvvəyə malikdir.
İNTELLEKTUAL SƏVİYYƏLİ POTENSİAL KADRLARIN YETİŞDİRİLMƏSİ GƏLƏCƏYİN ETİBARLI TƏMİNATIDIR
NƏRMİNƏ YUNUSOVA:
- Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər.
Gənclərlə bağlı dövlət proqramları mövcuddur ki, həmin proqramlar əsasında istər ölkə daxilində, istərsə də xarici məkanda ən xırda bir məsələnin həlli istiqamətində layihələrin hazırlanması belə gənclərin cəmiyyətə töhfəsi ola bilər. Bu və ya digər işlərdə gənclərin fəallaşması üçün dövlət tərəfindən qayğı və diqqət var. Bütün sahələri əhatə edə biləcək inkişafda gənclər öz məqsədlərini gerçəkləşdirmək və qarşıya qoyduğu hansısa işin öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malikdir. Təbii ki, dövlət tərəfindən göstərilən qayğının nəticəsidir ki, bizim gənclərin uğurları təkcə ölkə daxilində deyil, xarici məkanda belə diqqətdədir.
Mən bu gün münasibəti ilə bütün Azərbaycan gənclərini təbrik edirəm, o cümlədən, Azərbaycan Prezidentini bu gün münasibəti ilə təbrik etmək istərdim.
SƏRRAF HÜSEYNOV:
- Ölkəmizdə gənc nəslin fiziki, sosial və mənəvi inkişafının təminatı, gənclərin dünya dəyərlərinə yiyələnməsi və digər məsələlər daim diqqətdədir. Onların sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələri üçün lazımi şərait var. Gənclərimizin problemlərinin həlli istiqamətində görülən işlər, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması dövlətin gənclərimizə göstərilən diqqətidir.
Belə bir əlamətdar gün ərəfəsində üzümü gənclərə tutaraq, müstəqil dövlətin vətəndaşı kimi hər bir dəqiqənin, hər bir zamanın vətənin, millətin inkişafı, tərəqqisi naminə addım atmağı tövsiyyə edirəm. Azərbaycanın dünya məkanında daha da yüksək bir səviyyədə tanınması üçün gənclərimizin də kifayət qədər potensialı mövcuddur. Böyük güc, elm, bacarıq və istedad vətənə xidmət etməlidir.
AZƏRBAYCAN GƏNCLİYİ CƏMİYYƏTİN İNKİŞAFINDA FƏAL SOSİAL TƏBƏQƏYƏ ÇEVRİLİB
TƏRLAN SƏFƏROV:
- Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin edib. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.
Bu gün Azərbaycanda gənclər üçün yaradılan səmərəli vasitələrdən hər bir gənc istifadə etməlidirlər. Azərbaycan gəncləri üçün müxtəlif resurslar var ki, onlardan yararlansınlar. Gənclər fondu mövcuddur ki, müəyyən tədbirin keçirilməsi, eləcə də, müzakirələrin aparılması və s. üçün bütün imkanlar yaradılıb. Hər bir gənc Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında birləşərək, vahid bir şəkildə mübarizə aparılmalıdır.
GƏNCLİK DİNAMİKADIR, İNKİŞAFDIR, ÖLKƏNİN GƏLƏCƏYİNİN QARANTI VƏ TƏMİNATIDIR
AYGÜN ƏLİYEVA:
- 2 Fevral Gənclər Günü münasibətilə özünü gənc hesab edən hər bir kəsi təbrik edirəm. Gənclər unutmamalıdır ki, gənclik dinamikadır, inkişafdır, ölkənin gələcəyinin qarantı və təminatıdır. Gənclik üzərinə böyük bir məsuliyyət düşür, hər bir ölkədə gənclik böyük bir qüvvədir. Xüsusilə də, Azərbaycanda əhalinin 35 faizdən çoxunu uşaq və gənclər təşkil edir. Azərbaycan gəncinin üzərinə böyük bir məsuliyyət düşür. Bu baxımdan ki, Azərbaycanın sərhədlərini, milli maraqları qorumaq kimi şərəfli missiyanın daşıyıcılarıdır. Daşıdığı vəzifədən, yaşadığı məkandan asılı olmayaraq, hər bir gənc Azərbaycanın uğurlarına sevinməli və bu nailiyyətlərin davamlılığı üçün var qüvvəsi ilə çalışmalıdır.
VÜSALƏ NİFTƏLİYEVA:
- Azərbaycan gəncliyi əzmkardır, dönməzdir. Onların bu dəyərlərindən, potensiallarından yüksək səviyyədə istifadə etmək lazımdır. Azərbaycan gənci bu gün xarici görkəmcə müasir formada dəyişsə də, amma əqidə, vicdan, düşüncə, dəyərlər baxımından heç zaman dəyişməsin. Müasir dövrümüzdə ölkəsinin gələcəyini düşünən gənclərimizin sayı daha çoxdur və tədbirlərdə, forumlarda müstəqil fikirlərini bildirir, təbliğat-təşviqat kampaniyası aparırlar. Biz YAP gəncləri də mərkəzləşdirilmiş şəkildə üzərimizə düşən öhdəliyi məsuliyyətlə yerinə yetiririk.
Zümrüd BAYRAMOVA,
Nəzakət ƏLƏDDİNQIZI