Dünən Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə 2012-ci ildə görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.
İclasda hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2012-ci il Azərbaycanın müstəqil inkişaf tarixində mühüm nailiyyətlərlə yadda qalıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinə müvafiq olaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılmış "Müstəqil inkişafın Azərbaycan modeli" konsepsiyasının məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində çox böyük işlər görülüb, möhtəşəm layihələr reallaşdırılıb. Dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi addımlar atılıb. Bildirilib ki, son dövrlərdə Bakı şəhərində və İsmayıllı rayonunda baş vermiş destruktiv qüvvələrin təsiri altında ölkədə ictimai-siyasi sabitliyin pozulmasında, vətəndaş qarşıdurması yaradılmasında, hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsində və əmlaka ziyan vurulmasında ifadə olunan qanunsuzluqlara yol verilməsi faktlarına görə başlanmış cinayət işləri üzrə təxirəsalınmaz tədbirlər həyata keçirilməklə bütün təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və belə halların təkrarlanmaması üçün zəruri qabaqlayıcı tədbirlərin görülür.
Vurğulanıb ki, 2012-ci il prokurorluq orqanları üçün də uğurlu olmuş, digər hüquq mühafizə, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli fəaliyyət göstərilməklə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. Bu dövrdə prokurorluq orqanlarının bütün səyləri, ilk növbədə dövlət başçısının rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, işin keyfiyyətinin yüksəldilməsinə, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla mənfi təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib.
Bildirilib ki, korrupsiya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə fəaliyyətin forma və metodlarının daha da təkmilləşdirilməsi 2012-ci ildə prokurorluğun qarşısında duran mühüm vəzifələrdən biri olub. Korrupsiyaya qarşı mübarizənin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirilməsinin nəticəsidir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin çevik strukturu formalaşdırılıb, işçilərin say tərkibi artırılıb, onların sosial müdafiəsi gücləndirilib, ilk dəfə olaraq, idarəyə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilib. İdarə tərəfindən ötən il rüşvət, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və bu xarakterli digər faktlar üzrə 298 şəxs barəsində 170 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan vətəndaş müraciətləri üzrə çevik tədbirlər görülməklə vəzifəli şəxslərin korrupsioner fəaliyyəti ilə bağlı 34 cinayət işi başlanıb idarənin öz imkanları hesabına reallaşdırdığı əməliyyat tədbirləri nəticəsində 32 vəzifəli şəxsin cinayətkar əməlləri ifşa edilib.
Hesabat ilində bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olub. Prokurorluq orqanlarında 24,5 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 11,3 min, Baş Prokurorluqda isə 3035 vətəndaş qəbul edilib. İclasda qeyd edilib ki, 2012-ci ildə ədalətli kadr siyasəti həyata keçirilmiş, prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində ən qəti tədbirlər görülüb. Ötən il müxtəlif xətalara yol verdiyinə görə 62 əməkdaş intizam qaydasında cəzalandırılıb, 6 əməkdaş tutduğu vəzifədən azad edilib, xidmətlə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan, "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi"nin tələblərini pozan 10 əməkdaş prokurorluq orqanlarından xaric olunub. Həmçinin, səlahiyyət hədləri daxilində Respublika Hərbi prokurorunun əmrləri ilə 21 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. 2013-cü ildə də xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər eyni prinsipiallıqla davam etdiriləcəkdir. 2012-ci ildə Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən də səlahiyyət hədləri daxilində "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəli təşkilinə və digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəldilmiş bir sıra məqsədyönlü tədbirlər görülüb. Nəticədə, bir çox cinayətlərin sayı azalmış və onların açılması üzrə göstəricilər yaxşılaşdırılıb, habelə keçmiş illərdə törədilməklə bağlı qalan 252 cinayət üzrə təqsirkar şəxslər müəyyənləşdirilib.
Kollegiya iclasında görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub, yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Kollegiya iclasında Silahlı Qüvvələrdə və bütün hərbi birləşmələrdə qanunçuluğun təmin olunması və hərbi nizam-intizamın möhkəmləndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun öz səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərdiyi, işin düzgün təşkili, xidməti, icra və əmək intizamının möhkəmləndirildiyi, mövcud strukturun təkmilləşdirilməsi və fəaliyyətin müasirləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb. Dövlət əmlakının mənimsənilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, o cümlədən, 2011-ci illə müqayisədə hesabat ilində 121 fakt və ya 44 faiz çox korrupsiya və rüşvətxorluq cinayətləri aşkarlandığı, müstəqil şöbə statusunda fəaliyyət göstərən xüsusi istintaq şöbəsində erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar görülən məqsədyönlü işlər barədə məlumat verilib.
Bildirilmişdir ki, 2012-ci il Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanları üçün də uğurlu bir dövr olub, digər əlaqədar dövlət təsisatları ilə qarşılıqlı birgə fəaliyyət nəticəsində, muxtar respublika ərazisində cinayətkarlığa qarşı kəsərli mübarizədə səmərəli tədbirlər görülüb. Ötən il ərzində qeydə alınmış cinayətlərin sayı 31 faiz azalıb, onların hamısının, habelə keçmiş illərdə törədilməklə bağlı qalan 34 hadisənin üstü açılıb. Baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və digər natiqlərin çıxışlarında 2012-ci ildə görülmüş işlər barədə ətraflı məlumat verib, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsinə yönəldilmiş konkret təkliflər irəli sürülüb.
Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov ümidvar olduğunu bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi və hər bir əməkdaşı ölkəmizdə reallaşdırılan böyük quruculuq işlərində öz səlahiyyətləri daxilində yaxından iştirak etməklə, digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə bütün uğurlarımızın əsas təminatçısı kimi ölkədə formalaşdırılmış dayanıqlı ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlət maraqlarımızın hər cür cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı qətiyyətli mübarizənin təşkili, vətəndaş cəmiyyətinə xas olan demokratik dəyərlərin etibarlı müdafiəsi işində öz xidmətlərini göstərəcəkdir.