İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Romanın məşhur Palazzo Rondinini sarayında "Azərbaycan çoxqütblü dünyada" mövzusunda konfrans keçirmişdir. Tədbiri BMİ-nin prezidenti professor Stefano Silvestri açmışdır. Sonra üç paneldə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva, "Caucasus International" jurnalının baş redaktoru Zaur Şiriyev, NATO-Azərbaycan Beynəlxalq Məktəbinin icraçı direktoru Hüseyn Pənahov, Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə əlaqələndiricisi Sabina Freyzer, ABŞ-ın Karnegi Fondunun nümayəndəsi Tomas de Vaal, "Heritage" Fondunun eksperti Ariel Kohen, Türkiyə İqtisadi Siyasət Araşdırma Fondunun tədqiqatçısı Burcu Gültekin Punsman, BMİ-nin tədqiqatçısı Nikolo Sartori, Norveç Sülh Tədqiqatları İnstitutunun tədqiqatçısı Pavel Bayev çıxış etmişlər. Azərbaycanın İtaliyadakı səfirliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın daxili və xarici siyasəti, regional təhlükəsizlik məsələləri, müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratikləşmə, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər barədə geniş fikir mübadiləsi aparılmış, auditoriyanın sualları cavablandırılmışdır. Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrinin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak etmişlər. Tədbir 2011-2012-ci illərdə BMİ tərəfindən Azərbaycan və Cənubi Qafqaz regionu ilə bağlı müxtəlif mövzular üzrə təşkil edilmiş beş konfransın yekunu olmuşdur.