PDF Oxu

Əsas

  • 74

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində Əkrəm Əylislinin “Daş yuxular” yazısı müzakirə olunub

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyində Əkrəm Əylislinin “Daş yuxular” yazısı müzakirə olunub

Fevralın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin mərkəzi ofisində Əkrəm Əylislinin Moskvada çıxan "Drujba narodov" jurnalında (2012, №12) dərc olunmuş "Daş yuxular" yazısının müzakirəsi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə dövlət tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu tədbirlərin keçirilməsində əsil azərbaycanlı ziyalılarının rolu danılmazdır. Amma təəssüflər olsun ki, bəzən özünü "ziyalı" adlandıran insanların səhvləri ucbatından dünyada həyata keçirdiyimiz təbliğat kampaniyasına ciddi ziyan vurulur və "yaradıcılıq azadlığı" bəhanəsi ilə heç bir tarixi əsası olmayan məlumatlar dünya ictimaiyyətinin müzakirəsinə verilir. Bu baxımdan Əkrəm Əylislinin "Daş yuxular"ı qədər Azərbaycan xalqını təhqir edən, onun milli mənəvi dəyərlərini aşağılayan ikinci bir əsər yoxdur.

Qeyd olunmuşdur ki, roman Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olmuş, istər dövlət qurumları, istərsə də sadə vətəndaşlar bu romana öz etirazlarını bildirmişlər. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əkrəm Əylislinin "Xalq yazıçısı" fəxri adından və Prezident təqaüdündən məhrum edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Sonra Sərəncam diqqətə çatdırılmış və dövlətimizin başçısının bu addımı tədbir iştirakçılarının alqışları ilə qarşılanmışdır. "Daş yuxular"ın Azərbaycan xalqının milli və dini heysiyyətinə zərbə vurduğunu bildirən AMEA-nın müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov demişdir ki, Ə.Əylisli bu yazısında siyasi mövqe nümayiş etdirmişdir. Bu əsər zahirən ermənilərə mesaj kimi görünə bilər. Əslində isə belə deyildir. Əslində Ə.Əylisli bu yazısında özünün erməni xislətini ortaya qoymuşdur. N.Cəfərov vurğulamışdır ki, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin və digər klassiklərimizin əsərlərində azərbaycanlılara qarşı tənqidi motivlər olsa da, xalqa sevgi və məhəbbət də duyulur. Ə.Əylislinin əsərində isə Azərbaycan xalqına nifrət hissi hakimdir. "Daş yuxular"ın ideya-məzmun xüsusiyyətlərindən danışan N.Cəfərov demişdir ki, Ə.Əylisli bu yazısında Əylis kəndinin timsalında bütöv Azərbaycanı erməni torpağı kimi qələmə vermişdir. Bu, onun nankorluğu və Vətənə xəyanətidir. Milli Məclisin deputatı, şair Musa Urud isə demişdir ki, "Daş yuxular" yazısı roman janrının tələblərinə cavab vermir. Siyasi publisistikanın üstünlük təşkil etdiyi bu yazıda Azərbaycan xalqı qaniçən, vəhşi kimi təqdim edilir. M.Urud qeyd etmişdir ki, Azərbaycanın tarixi gerçəkliklərini, toponimlərini saxtalaşdıran və xalqımızı təhqir edən Ə.Əylislinin qələmi ancaq şərə və böhtana xidmət edir. "Ulduz" jurnalının baş redaktoru, tanınmış yazıçı Elçin Hüseynbəyli çıxışında bildirmişdir ki, Ə.Əylisli heç bir tarixi mənbəyə istinad etməmişdir. Eyni zamanda, onun bu yazısı bədii cəhətdən də mükəmməl deyildir. Birtərəfli həqiqət isə qəbul olunmur.

E.Hüsenbəyli bəzi gənc yazarların, hətta yaşı 60-ı keçmiş insanların Ə.Əylislinin fikirlərini bölüşmələrindən təəssüfləndiyini bildirmişdir.

Tədbir müzakirələrlə davam etmişdir. Bildirilmişdir ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu ermənilərə böyük sevgi bəsləyən Ə.Əylisliyə heç zaman rahatlıq verməyəcəkdir. Vurğulanmışdır ki, ona verilən orden və medallar geri alınmalı, Azərbaycan vətəndaşlığından çıxarılaraq, ölkədən qovulmalıdır.

Digər xəbərlər