PDF Oxu

Əsas

  • 81

“Azərbaycanın bir dövlət olaraq inkişafı, dünya birliyində mövqeyinin möhkəmlənməsi Azərbaycanın hər bir vətəndaşında qürur mənbəyinə çevrilib”

“Azərbaycanın bir dövlət olaraq inkişafı, dünya birliyində mövqeyinin möhkəmlənməsi Azərbaycanın hər bir vətəndaşında qürur mənbəyinə çevrilib”

YAP-ın Sədr müavini Əli Əhmədov Salyan rayonunda partiyanın fəalları və gənclərlə görüşüb

Fevralın 21-də Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov Salyan rayonunda partiyanın Salyan rayon təşkilatının fəalları ilə görüşüb.

Görüşü açan Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov deyib ki, rayon təşkilatı öz fəaliyyətini partiyanın nizamnaməsinə və Mərkəzi Aparatın tapşırıq və tövsiyələrinə uyğun şəkildə qurub. Rayon təşkilatının Salyan rayonunun ictimai-siyasi həyatında mühüm rol oynadığını və partiya üzvlərinin öz fəallıqları ilə seçidiyini söyləyən R.Cəbrayılovun sözlərinə görə, YAP Salyan rayon təşkilatı 17 iyul 1993-cü ildə təsis olunub. Bu gün rayon təşkilatının 6588 nəfər üzvü 92 ərazi ilk partiya təşkilatında birləşib. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov deyib ki, son illər ərzində Azərbaycan dövləti bütün istiqamətlərdən əsaslı şəkildə inkişaf edib, müasirləşibdir. Onun sözlərinə görə, Azərbaycanın bir dövlət olaraq inkişafı, dünya birliyində mövqeyinin möhkəmlənməsi Azərbaycanın hər bir vətəndaşında qürur mənbəyinə çevrilmişdir. "Azərbaycan müasirləşir, yeniləşir, Azərbaycanın hər bir yerində böyük infrastruktur layihələri həyata keçirilir, eyni zamanda, Azərbaycanın müasirləşən siması Azərbaycan vətəndaşlarının duyğularında, düşüncələrində də əhəmiyyətli dəyişikliklər yaratmışdır. Biz indi həm dövlətimizin gücünə inamını dərk edərək, eyni zamanda, həyatımızda baş verən dəyişiklikləri dəyərləndirərək özümüzü daha inamlı hiss edirik. Azərbaycanın hər bir vətəndaşı gələcəyə böyük ümidlərlə baxır. Hesab edirəm ki, bizim nailiyyətlərimizin içərisində gələcəyə ümidlə baxmaq amili də əhəmiyyətli rol oynayır. Heç bir Azərbaycan vətəndaşı gələcəyindən nigaran deyil. Heç bir Azərbaycan vətəndaşı öz övladlarının gələcəyindən nigaran deyil. Ona görə ki, Azərbaycanın inkişaf etməsi, dirçəlişi hər bir vətəndaşın, ailənin həyatında bu və ya digər dərəcədə öz əksini tapır. Ona görə ki, hər bir Azərbaycan vətəndaşı hər gələn yeni ildə öz həyatında yeniliyin, dəyişikliyin olacağına əmindir", - deyən YAP İcra katibi vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, hər bir vətəndaşımız ölkəmizdə sabitliyin, əmin-amanlığın böyük bir sərvət olduğunu dərk edir və bu dinclik, əmin-amanlıq şəraitində yaşayır: "Əlbəttə, biz bir mənalı şəkildə onu da etiraf etməliyik ki, sabitlik, dinclik, əmin-amanlıq inkişafın fundamental əsaslarından biridir. Elə bir ölkəni nümunə göstərmək mümkün deyil ki, sabitliyin pozulması zəmnində qeyri-sabitlik əsasında inkişafa nail ola bilsin. Əksinə biz dünyada baş verən hadisələri dəyərləndirməli olsaq, təbiidir ki, sabitliyin pozulmasının ən çox əziyyətini çəkənlərin insanlar, adi vətəndaşlar olduğunu dərk edir, qiymətləndiririk. Çünki sabitlik pozulanda ailələrin rahatlığı pozulur, dinclik pozulur, insanların gələcəyə ümidləri qalmır. Ölkədə nə qədər sərvət olsa da sabitlik yoxdursa, əmin-amanlıq yoxdursa, bu sərvətin heç kəs üçün bir dəyəri olmur. Ona görə də Azərbaycanda insanlarımızın yüksək qiymətləndirdiyi reallıqlardan və gerçəkliklərdən biri də ondan ibarətdir ki, bizim insanlarımız sabitlik, dinclik içərisində yaşayırlar. Bu, bir tərəfdən, bizim həyatımızın keyfiyyətidir, əhəmiyyətli bir amilidir, digər tərəfdən isə inkişaf üçün etibarlı bir bazadır". Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov həmçinin, qeyd edib ki, bu gün Azərbaycanın inkişafının fundamental əsaslarından biri də Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində yaratdığı, təmin etdiyi sabitlik, dinclik, əmin-amanlıqdır ki, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin böyük səyləri və qətiyyəti nəticəsində sabitlik və əmin amanlıq qorunub saxlanılır, bu sabitlik və əmin - amanlıq hər bir Azərbaycan vətəndaşına, ailəsinə xidmət edir.

Görüşdə çıxış edən partiya fəalları və digər natiqlər xüsusilə qeyd ediblər ki, hər zaman dövlətimizə və partiyamıza sədaqətli olan, Ulu öndər Heydər Əliyev siyasi yolunu və Onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının həyata keçirldiyi siyasəti dəstəkləyən Salyan rayon sakinləri bu ilin sonunda keçiriləcək prezident seçkilərində YAP Sədri, Prezident İlham Əliyevin namizəliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyir. Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov həmçinin, YAP Salyan rayon təşkilatının gəncləri ilə də görüşüb. Görüşdə çıxış edən Əli Əhmədov deyib ki, Azərbaycanda fəal, ictimai-siyasi həyatımızda iştirak edən, siyasi cəhətdən və ictimai fəallıq baxımından özünü ifadə etməyə ehtiyacı olan gənc nəsil formalaşıbdır. Yeni Azərbaycan Partiyası gənclərinə fəallığını nümayiş etdirməsi üçün, onların öz potensiallarından istifadə etmələrindən ötrü hər cür şəraiti yaradıbdır. Yeni Azərbaycan Partiyası olaraq, hesab edirik ki, bu, böyük platformada Azərbaycanın fəal gəncləri özlərini ifadə etmək, özlərini cəmiyyətə təqdim etmək şansı qazanıblar. Görüşün sonunda gənclərin müxtəlif sualları cavablandırılıb. Qeyd edək ki, görüşlərdə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib.

Digər xəbərlər