YAP Beyləqan rayon təşkilatının yaranmasının 20 illiyi qeyd olundu
YAP Beyləqan rayon təşkilatının yaranmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.Yığıncağı giriş sözü ilə açan YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyev öncə partiya üzvlərini bu əlamətdar gün münasibətilə təbrik edib. Daha sonra 1992-ci il, noyabrın 21-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə keçirilən yığıncaqda təsis edilən Yeni Azərbaycan Partiyasının yaranmasından və şərəfli inkişaf yolundan danışan natiq, YAP-ın regionda ən güclü siyasi partiya olduğunu bildirib: "Rayon təşkilatının hazırda özündə 55 ərazi ilk təşkilatını və 4 mindən çox üzvünü birləşdirir.
Partiya üzvləri cəmiyyətdə baş verən proseslərin önündə gedir, şəhərin ictimai-siyasi, mədəni, iqtisadi həyatında öz fəallıqları ilə daima seçilirlər. Rayon təşkilatı ölkəmizdə keçirilən prezident, parlament və bələdiyyə seçkiləri, həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsinə dair ümumxalq səsverməsi (referendum) zamanı öz fəallığı ilə seçilib. Əminik ki, bundan əvvəl olduğu kimi, bundan sonra da ölkəmizdə keçiriləcək bütün seçkilərdə YAP-ın namizədləri qalib gələcəklər. Çünki ölkənin hər yerində olduğu kimi, Beyləqan ictimaiyyəti də əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasına inanır və etimad göstərirlər".
Tədbirdə çıxış edənlər iştirakçıları əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizdə qazanılan uğurlarda YAP-ın mühüm rolu və xidmətlərindən danışmışlar. Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında rolunun yüksək qiymətləndirilmiş, Ulu Öndərin siyasi xəttinin partiyanın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.
Yığıncağın sonunda partiya sıralarına yeni qəbul edilən gənclərə üzvlük vəsiqələri təqdim olunub.
R.Kamalqızı