Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən "Xocalı" abidəsi xalq tərəfindən ziyarət olunur. SİA-nın verdiyi xəbərə görə, abidəni Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri də dərin hüznlə ziyarət ediblər. Onlar Azərbaycan bayraqları və "Xocalıya ədalət" yazılımış plakatlarlarla Xocalı prospekti boyunca yürüş edərək abidəni ziyarət ediblər. Xocalıda şəhid olan həmvətənlərimizin abidəsi önünə YAP GB adından əklil qoyaraq şəhidlərimizin ruhları qarşısında baş əyiblər.YAP GB-nin sədri Seymur Orucov bildirib ki, Xocalı faciəsindən 21 il ötməsinə baxmayaraq, bu qan bizim üçün hələ də təzədir: "Hər il Xocalını müxtəlif tədbirlərlə yad edirik. Bütün il boyu Xocalı bizim yaddaşımızdadır. Qatıldığımız tədbirlərdə, xarici səfərlərdə hər zaman Dağlıq Qarabağ problemi və onun ən ağrılı parçası olan Xocalı soyqırımı barəsində məlumatlar səsləndiririk. Bu gün bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Cənab prezident İlham Əliyev şəxsən Xocalının təbliğatı ilə bağlı göstərişlər verir, təşəbbüslər göstərir. "Heydər Əliyev Fondu"nun da bu sahə ilə bağlı böyük kampaniyaları artıq öz bəhrəsini verməkdədir. Artıq Xocalı soyqırımını bir çox dövlətlərin parlamentləri tanımağa başlayıb. Bu da Azərbaycanın apardığı təbliğat işinin mühüm nəticəsidir. Arzumuz budur ki, bir daha nəinki Azərbaycan, ümumən bəşər tarixində belə bir hadisə baş verməsin".Xocalı abidəsini ziyarət edən gənclər bildirdilər ki, bu tarix Azərbaycan xalqını dərk etdirən, xalqımızın kimliyini tanıtdıran tarixlərdən biridir: "Hər dəfə bu abidəni ziyarət edəndə milləti millətə tanıdan o insanların ruhunu yad etdikcə qürurlanırıq. Öz qanlı tariximizlə fəxr edirik ki, bizim insanlarımız öz qəhramanlıqları ilə şəhid olublar".
yap.org.az