London, Paris, Berlin və Moskvada keçirilən sərginin növbəti məkanı Roma olsa da, bu hələ son deyil
Müasir dövrümüzdə dünya Azərbaycan reallıqlarına biganə qala bilmir. Həqiqətlər birmənalı, qeyd-şərtsiz qəbul olunur. Buna səbəb ölkəmizin beynəlxalq aləmdə nüfuzu ilə yanaşı, onun gerçəklikləri, inkişafı, sülhsevərliyi, humanizm prinsiləri ilə yaşaması, maddi-mənəvi dəyərləridir. Dünya ilə sərhədsiz bir münasibət quran Azərbaycan müxtəlif qitələrdə öz sözünü əməli çərçvəsində deyə bilir. İstənilən bir sahədəki nailiyyətlərimiz Azərbaycan məfhumunu dünyaya yaxınlaşdırıb.
Azərbaycan milli mədəniyyətinin, dəyərlərinin qorunması və dünyanın müxtəlif qitələrində layiqincə təmsili dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə Heydər Əliyev Fondunun da həyata keçirdiyi layihələr geniş sferanın əhatəliyi və əhəmiyyəti baxımından önəmlidir. Sosial, mədəniyyət, səhiyyə, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi layihələr dünya ölkələrində belə əks-səda doğurur, ölkəmizin həqiqətlərini saysız insanlara təqdim edir. Bu sırada Heydər Əliyev Fondunun Azərbaycanı dünyaya daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında əhəmiyyəti olan sərgilərin təşkilini xüsusi vurğulamaq vacibdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə keçirilən sərgilər Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasında bir körpü rolunu oynayır. Son vaxtlar müxtəlif dünya ölkələrində bir-birinin ardınca təşkil olunan "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" mövzusunda təşkil olunan sərgi də bu qəbildəndir. Qeyd olunan ad altında təşkil edilən sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu Azərbaycanda baş verənlərin böyük bir hissəsini əlvan boyalar vasitəsi ilə diqqətə çatdırır. Azərbaycanın qədim tarixi də sənət əsərlərdə əksini tapır. Orijinal sərgilərdə nümayiş olunan əsərlər bir daha sübut etdi ki, incəsənətin imkanları sonsuzdur və heç bir məhdudiyyət tanımır. Avanqard çalarlar ilə zəngin olan sərgilər onu da təsdiqləyir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət yetirilib. Ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm tədbirlər həyata keçirilir.
Təbii ki, Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi üçün "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi daha bir məqamdır. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehrli aləminə tamaşa etmək imkanındadır. Bu gün deyə bilərik ki, dünyanın bir sıra ölkələrində sənətsevərlərə təqdim olunan sərginin coğrafiyası günü-gündən genişlənir. Londonda, Berlində, Parisdə keçirilən sərgi böyük maraqla qarşılanıb. Bu sərgilərdə Azərbaycanın müasir incəsənətinin faktiki olaraq bütün istiqamətləri əksini tapıb.
Bütün dünyanı sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycan bu sərgilər vasitəsi ilə qədim və zəngin tarixə malik ölkə olmaqla yanaşı, Şərqdə ilk baletin, operanın yaradıcısı olduğu da diqqətə çatdırılır. Ölkəmizdə müxtəlif mədəniyyətlər, millətlər sülh şəraitində vahid bir ailə kimi yaşayırlar. Azərbaycan tolerant bir ölkədir.
"Bakıya uçuş: Müasir Azərbaycan İncəsənəti" sərgisi Azərbaycanı dünyaya müasir, inkişaf edən və zəngin mədəni irsə malik ölkə kimi tanıtdıra bilir. Martın 5-də Romada təşkil olunan növbəti "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisində də Azərbaycan rəssamlarının universal dəyərlərə malik olması da diqqətdən yayınmamışdır. Azərbaycan rəssamlarının əl işləri müasir dövlətimizin palitrasını rənglərin dili ilə qeyri-millətlərə çatdırır. Azərbaycan müasir incəsənət ölkəsi kimi dünya dövlətləri tərəfindən bir daha kəşf edilir.
Onu da qeyd edək ki, digər ölkələrdə təşkil olunan sərgilərdə olduğu kimi, bu sərgidə də Leyla xanım Əliyevanın müəllifi olduğu əsərlər də iştirakçılar tərəfindən xüsusi diqqətlə izlənilib və yüksək qiymətləndirilib. Leyla xanım Əliyeva dünya memarlığının şah əsəri olan Romada açılan sərgidə müsəlman Şərqində ilk dəfə - 1918-ci ildə qadınlara səsvermə hüququnun Azərbaycanda verildiyini, müsəlman qızları üçün ilk dünyəvi məktəbin Bakıda açıldığını, Şərqdə ilk opera və baletin də Azərbaycanda səhnələşdirildiyini xatırladıb. "İyirmi ildən çoxdur müstəqil olan ölkəmiz hazırda sürətlə inkişaf edir" - deyən Leyla xanım Əliyeva Azərbaycanın artıq ilk peykini səmaya buraxdığını da diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun reallaşdırdığı bütün layihələr kimi "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi də böyük maraq və diqqətlə izlənilir. Sərgi vasitəsi ilə dünya ictimaiyyətinə Azərbaycanın müasir incəsənəti barədə daha dolğun məlumat çatdırılır.
Avropanın bir çox şəhərində - London, Paris, Berlin və Moskvada keçirilən sərginin növbəti məkanı Roma olsa da, bu, hələ son deyildi. Hələ dünyanın çox ölkələri "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi ilə ölkəmizin incəsənəti ilə tanış olacaqlar. Leyla xanım Əliyevanın dediyi kimi, "qarşıda bizi hələ daha çox gözəl şəhərlər gözləyir".
Nəzakət ƏLƏDDİNQIZI