YAP Sabunçu rayon təşkilatında 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı görüş keçirildi
YAP Sabunçu rayon təşkilatı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə partiya fəalları, rayonun ictimai-siyasi həyatında səmərəli işlərilə fərqlənən qadınlar iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatı idarə heyətinin üzvü, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev qadınları təbrik edərək vurğulayıb ki, Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir: "Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Bu gün Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır".
A.Vəliyev qadınların cəmiyyətdəki çoxşaxəli rolundan bəhs edərək, zərif cinsin nümayəndələrinin ölkəmizin aparıcı sahələrində tutmuş olduğu mövqelərindən, onların milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında və təbliğində aparıcı rolunu vurğuladı: "Bu gün ölkəmizin bütün qadınları, o cümlədən, Qax rayonun qadınları Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin və hər bir azərbaycanlı qadın üçün örnək olan YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın ətrafında sıx birləşərək, dövlətimizin inkişafı naminə fəaliyyətlərini davam etdirəcəklər".
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva tədbir iştirakçılarını təbrik edərək, Azərbaycan qadınlarının ziyalı olduğu qədər çox güclü və qüvvətlidir: "Tarix boyu da mərd və cəsur Azərbaycan qadını igidlərimizlə yanaşı, böyük qəhrəmanlıq səlnamələri yaratmışlar. Onların göstərmiş olduğu şücaətlər, ailələrinin, həyat yoldaşlarının, özlərinin mənəvi keyfiyyətlərini qorumaq üçün nə dərəcədə çətin əzablara qatlaşmağı bacarmış Azərbaycan qadını özünün milli kimliyini də isbat etmişdir. Təkcə Dağlıq Qarabağ münaqişəsi tarixində ermənilər tərəfindən başımıza gətirilən müsibətlərdə qadınlarımız böyük iztirablar çəkmiş, öz övladlarını itirmiş, ailə başçılarını şəhid vermişlər. Bu günlərdə 21-ci ildönümünü qeyd etdiyimiz əsrin faciəsi olan Xocalı soyqırımında da Azərbaycan qadınına ağır zərbələr dəymişdir. Amma bütün bunlara baxmayaraq, özünün milli-mənəvi keyfiyyətlərini daima hər şeydən uca tutan ailə dəyərlərinin toxunulmazlığına heç bir halda razı olmayan cəsur qadınlarımız öz canlarına belə qıymağı bacarmışlar. Bütün bunlar isə qadınlarımızın nə dərəcədə yüksək dəyərlərə malik olduğunu sübut edir".
M.Abasquliyeva onu da vurğuladı ki, Azərbaycan qadınları ölkənin ictimai-siyasi həyatında baş verən proseslərdə də yaxından iştirak edirlər: "Təbii ki, Yeni Azərbaycan Partiyası da Azərbaycanın ən aparıcı siyasi partiyası olaraq öz sıralarında qadınların say tərkibinin daha da artmasına xüsusi önəm verir. Bu da partiyamızın fəaliyyətinin daha da çoxşaxəli olmasına öz töhfəsini vermiş olur. Bir sıra məktəblərə, səhiyyə müəssisələrinə rəhbərlik edən qadınlarımız ailənin bir xanımı olmaqla yanaşı, öz üzərlərinə düşən vəzifənin də öhdəsindən layiqincə gəlməyi bacarırlar. Bir faktı da diqqətinizə çatdırım ki, son bələdiyyə və parlament seçkilərində qadınların iştirak faizi əhəmiyyətli dərəcədə yüksəlmiş və onlar seçki orqanlarında yüksək təmsilçilik hüququ əldə etmişlər. Bütün bunlarla yanaşı, Azərbaycan qadını həmişə böyük istedadı və ziyalılığı ilə seçilib. Çünki Azərbaycan qadını bütün hallarda ən yüksək intellektə və milli-mənəvi keyfiyyətlərə malik olduğunu isbatlamış olur".
Sonda Sabunçu rayon icra hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı tərəfindən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
RƏFİQƏ HÜSEYNOVA