"Biz hər bir əhəmiyyətli məsələ ilə əlaqədar zona, eləcə də rayon təşkilatı sədrlərinin müşavirəsini keçiririk və müvafiq təlimatlarımızı veririk". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov YAP Xətai rayonunda təşkil olunmuş rayon və şəhər təşkilatının müşavirəsində iştirakı zamanı bildirib.
Partiyanın Sədr müavininin sözlərinə görə, YAP partiya daxilində, həmçinin partiyanın yerli strukturlarında qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar işlərə start verib. Bu müşavirənin özü də yerli strukturların seçki kampaniyasının yüksək şəraitdə təmin edilməsi ilə əlaqədar qarşıda duran vəzifələrə həsr olunub: "Bildiyiniz kimi, 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Təbii ki, partiyamız öz ənənəsinə uyğun olaraq, prezident seçkiləri kampaniyasının yüksək fəallılıq şəraitində keçirilməsi və irəliyə sürülən namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verir. Hakim partiyada bu ənənə özünü doğruldub. Biz əvvəlcədən böyük zəhmət çəkərək seçki kampaniyasına hazırlaşmaqla, irəli sürdüyümüz namizədin yüksək qələbəsinin təmin edilməsinə nail oluruq".
sia.az