Azərbaycan əksər hallarda Türkiyənin maraqları uğrunda Türkiyədən daha artıq mübarizə aparıb
"Türkiyəyə qarşı münasibətimizin azacıq zəifləməsi fonunda Azərbaycana geniş mənada regionun liderliyi perspektivini işarə ediblər". SİA-nın verdiyi xəbərə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə rəhbərliyi Türkiyə-Azərbaycan münasibətlərinin özəlliyini və bu münasibətlərin Azərbaycan üçün yaratdığı əlavə gərginlikləri tam mahiyyəti ilə anlamalıdır. "Azərbaycan əksər hallarda Türkiyənin maraqları uğrunda Türkiyədən daha artıq mübarizə aparıb.Türkiyə-Azərbaycan münasibətlərinin pisləşməsi istər Qərb, istər Rusiya, istərsə də İran tərəfindən həmişə diqqət mərkəzində olub. Bəzi dövlətlərin Dağlıq Qarabağ məsələsində Azərbaycanın ziyanına inadkar mövqeyi də Azərbaycanın Türkiyə ilə münasibətlərinin hesabınadır. Buna baxmayaraq, Azərbaycan əksər hallarda Türkiyənin maraqları uğrunda Türkiyədən daha artıq mübarizə aparıb. Son illər ərzində Azərbaycan tərəfinin apardığı mübarizə daha effektli olub. Azərbaycan Türkiyə ilə münasibətlərini təzyiqlərdən qoruya bildiyi halda, Türkiyə özünü belə təzyiqlərdən qoruya bilmir.
Politoloq bundan əlavə bildirib ki, Türkiyənin indiki iqtidarı indiyə kimi Azərbaycanın əleyhinə bir sıra addımlar atıb: "Təsadüfi deyil ki, Türkiyə prezidenti Abdulla Gül hələ prezident seçilməsi MSK tərəfindən açıqlanmayan Serj Sarkisyanı təbrik edən ikinci dövlət başçısı olub. Bu məsələdə Türkiyə hakimiyyəti Azərbaycanı nəzərə almadı. Baxmayaraq ki, həmin vaxt Xocalı soyqırımının ildönümünə bir həftə qalmışdı. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev Yunan Kiprində prezident seçkilərinin başa çatmasına baxmayaraq, bu günə kimi onu təbrik etməyib. Amma ölkə başçısı bu addımı atmaqla Azərbaycan üçün xeyli iqtisadi dvident əldə edə bilərdi. Azərbaycanın Yunanıstanda enerji maraqları var. Türkiyə faktoruna görə Azərbaycan Prezidenti bu addımı atmadı. Baxamayaraq ki, "DEPA" şirkətinin Azərbaycana satılması ilə bağlı tenderdə ARDNŞ-in rəqibi Rusiyanın "Qazprom" şirkətidir. Bu kifayət qədər riskli məsələdir. Yunan Kipri ilə münasibətləri normallaşdırmaqla risk xeyli azalır, divident isə artır".
Mübariz Əhmədoğlu onu da qeyd etdi ki, Yunan Kiprinin Avropa İttifaqının üzvü olmasında məhz Türkiyənin indiki rəhbərliyinin günahkardır.
sia.az