Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının VIII konfransı keçirilib
Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının VIII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Rayon mədəniyyət evində davam edən konfransda Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov, Gəncə avtomobil zavodunun baş direktoru, Milli Məclisin üzvü Xanlar Fətiyev, Milli Məclisin üzvü Rauf Əliyev, RİH-nin başçısı Ramiz Yediyarov, YAP Mərkəzi Aparatının məsul işçisi Rəfael Gülməmmədov, müəssisə rəhbərləri də iştirak ediblər.
Hesabat məruzəsi ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədr əvəzi Namiq Rüstəmov hesabat dövründə bir-neçə təşkilatın müraciətinə əsasən yeni yaranmış 4 ərazi ilk partiya təşkilatı da daxil olmaqla, hazırda 78 ərazi ilk partiya təşkilatında 5507 nəfər partiya üzvlərinin birləşdiyini bildirdi: " Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasətin nəticəsində partiyanın boy sırası artmış, xüsusilə də, partiyaya gənclərin axını daha çox olmuşdur. Məhz bu səbəbdəndir ki, YAP Gədəbəy rayon təşkilatında 5507 nəfər partiya üzvlərinin 35 faizini gənclər təşkil edir".
Konfransda, həmçinin, bütün rayon tədbirlərində öz fəallığı ilə seçilən rayon təşkilatının üzvləri siyasi fəallıq göstərərək, qarşıdan gələn növbəti prezident seçkilərində Yeni Azərbaycan Partiyasının vahid namizədi İlham Əliyev cənablarının qələbəsi üçün çalışacaqları vurğulanıb.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkə Prezident İlham Əliyevin rəhbərliyilə sosial-iqtisadi və siyasi sahələrdə əhəmiyyətli uğurların əldə edilməsindən danışıb. Bildirib ki, əldə olunan nailiyyətlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun təntənəsinin bəhrəsidir. Ölkəmizin qazandığı bütün uğurlarda YAP-ın imzasının olduğunu deyən İcra katibinin müavini vurğuladı ki, qazanılan nailiyyətlərlə yanaşı, qarşıda duran vəzifələr də çoxdur. Onun sözlərinə görə, bu gün Azərbaycan dövləti xeyli güclənib, beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirib. "İstər daxildən, istər xaricdən Azərbaycanı parçalamaq, idarə olunan dövlətə çevirmək istəyənlərin qarşısında Azərbaycan Prezidenti, YAP ətrafında birləşən Azərbaycan gəncliyi dayanır. Bunun üçün isə, sadəcə, verilən tapşırıqları yerinə yetirmək kifayət etmir, bizim hər birimiz təşəbbüskar olmalıyıq. Bu günün özündə, Azərbaycan indiyə qədər qeydə alınmayan bir inkişaf yolunda addımlamaqdadır. Azərbaycanda hər bir şəxs gələcəyə inamla baxmalı və respublikamızın əbədi, dönməz və sarsılmaz olduğunu sübut etmək üçün Prezident İlham Əliyevin və YAP-ın ətrafında sıx birləşməlidir" - deyə Siyavuş Novruzov əlavə edib.
Millət vəkili Siyavuş Novruzov, həmçinin, rayon təşkilatının üzvlərinə öz tövsiyələrini də verib.
Konfransda Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 20 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb. O, qeyd edib ki, partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlarda özünün böyük töhfələrini verib. İcra başçısı müstəqillik illərində Azərbaycanın bütün sahələrinin inkişaf etdiyini və əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb. İcra başçısı, həmçinin, rayonda həyata keçirilən abadlıq-quruculuq işlərindən də bəhs edib.
Konfransda daha sonra təşkilati məsələlərə baxıldı. Gədəbəy RİH başçısının aqrar məsələlər üzrə müavini-şöbə müdiri Rüstəm Nağıyev Vaqif oğlu təşkilata sədr, həmçinin, təşkilat sədrinin müavinləri seçildilər. Eyni zamanda, YAP Gədəbəy rayon təşkilatının 31 nəfər şura, idarə heyəti, eləcə də, 7 nəfər nəzarət-təftiş qrupunun üzvləri müəyyənləşdirildi.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
R.HÜSEYNOVA