"Rəhim Qaziyev kimi bir xəyanətkarın yazdığı məktuba cavab olaraq bildirmək istəyirəm ki, Rəhim Qazıyev, əgər söhbət deyilən sözün üstündə kişi kimi dayanmaqdan gedirsə, onda sənin xalqın adından danışmağa heç bir üzün olmamalıdır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin (GB) sədri Seymur Orucov AXC hakimiyyəti dövründə müdafiə naziri postunu tutmuş Rəhim Qazıyevin Prezidentə ünvanladığı məktubuna münasibət bildirərkən deyib."Televiziyada xalq qarşısında çıxışını, verdiyin "Şuşa işğal olunarsa başıma bir güllə vuraram" "kişi sözü"nü nə tez unutmusan? Kişi sözünün ağasıdır. Bəs sən? Sən verdiyin sözü unuda bilərsən, amma Azərbaycan xalqı sənin kimi satqınları əsla unutmayıb", - deyə Seymur Orucov qeyd edib.
"Azərbaycanın dilbər guşələri işğal olunanda harada idin, sualını R.Qazıyevə ünvanlayan GB-nin sədri qeyd edib ki, belə bir satqının azərbaycanlı adını daşımağa haqqı yoxdur: "İnsan kiminsə acısından öz xeyri üçün istifadə etməz. Son vaxtlar əsgər analarının çəkdiyi acıları önə çəkib onların arxasında gizlənməyin kimliyindən xəbər verir. Biz öz övladlarımızı onların yerinə qoymuruq, çünki onlar elə bizim övladlarımızdır. Sənin bu məsələyə mövqe bildirməyə haqqın yoxdur".
GB-nin sədri həmçinin R.Qazıyevin müdafiə naziri işlədiyi dövrdə yüzlərlə əsgəri, dinc sakini güllə qabağına verdiyini, satdığı torpaqlarda minlərlə azərbaycanlı ailəsinin məhvinə səbəb olduğunu xatırladıb: "İndi nə üzlə meyadana çıxıb mövqe bildirirsən, Ölkə başçısına şər-böhtan dolu məktub yazırsan?!".
Seymur Orucov vurğulayıb ki, bu gün Azərbaycanın inkişafı, beynəlxalq arenada mövqeyi göz qabağındadır: "Biz dərin iftixar hissi ilə söyləyə bilərik ki, xalqımızın hər bir övladı, bütün vətəndaşlar müasir həyatımızı yeniləndirmək, inkişafımızı sürətləndirmək üçün səylə çalışırıq. Bunun üçün Cənab Prezidentimiz bizə hər cür şərait yaradıb. Bu gözəlliyi görməmək və ya görməzliyə vurmaq xainlikdir".
Sonda S.Orucov onu da əlavə edib ki, Azərbaycan xalqı müdrik xalqdır: "Rəhim Qazıyev kimi xainlərin hakimiyyətə gəlib, xalqa acı günləri yenidən yaşatmaq niyyəti elə ürəklərində qalacaq".
sia.az