PDF Oxu

Əsas

  • 33

Bakı Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq məkanına çevrilir

Bakı Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq məkanına çevrilir

Aprelin 7-8-də Bakıda keçiriləcək Dünya İqtisadi Forumu (Davos Forumu) regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma olacaq

Məlum olduğu kimi, aprelin 7-8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) keçiriləcək.

Forumun proqramının zənginliyi bu mötəbər tədbirdə müasir dövrümüz üçün olduqca əhəmiyyətli məsələlərin müzakirə olunacağını deməyə əsas verir. Tədbirin "Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar" mövzusunda keçiriləcək birinci sessiyasında həmin regionların iqtisadi imkanları, nəqliyyat infrastrukturu, əlverişli investisiya mühiti kimi məsələlər müzakirə ediləcək.

Perspektiv inkişafın strateji hədəfləri...

"Enerji və təbii resurslar: İmkanlar və çağırışlar" mövzusunda sessiyada Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının təbii resursları, dünya ölkələrinin enerji ehtiyatlarına artan tələbatının təmin edilməsində həmin regionların rolu ilə bağlı fikir mübadilələri aparılacaq. Forumun daha bir sessiyası "Sahibkarlıq və insan kapitalı: İmkanlar və çağırışlar" mövzusuna həsr olunacaq. Bu sessiyada region ölkələrində həyata keçirilən uğurlu islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafı, özəl sahibkarlıq üçün yaradılmış əlverişli şəraitlə bağlı məsələlərə dair müzakirələr aparılacaq.

"Maliyyə və uzunmüddətli investisiya: İmkanlar və çağırışlar" mövzusunda sessiyada isə Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinə son illərdə qoyulan investisiyaların həcminin artması diqqət mərkəzində olacaq. Tədbirin "Ticarət və təchizat şəbəkələri: İmkanlar və çağırışlar" mövzusunda sessiyasında Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının Şərq və Qərb, Şimal və Cənub arasında əlverişli coğrafi mövqedə yerləşməsinin üstünlüklərindən danışılacaq. Forumun digər maraqlı bir sessiyası da "Azərbaycanın gələcəyinə baxış: Yeni iqtisadiyyata doğru" mövzusunda olacaq. Bu sessiyada Azərbaycanın getdikcə artan iqtisadi imkanları, Avropanın enerji təhlükəsizliyinin təminində rolu, ölkədə yaradılmış əlverişli investisiya mühiti, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektoruna, xüsusilə də, innovativ texnologiyalara qoyulan investisiyalar və s. məsələlər müzakirə mövzusu olacaq.

"Enerji və təbii resurslar: Gələcəyə yol", "Sahibkarlıq və insan kapitalı: Gələcəyə yol", "Maliyyə və uzunmüddətli investisiya: Gələcəyə yol" adlı sessiyalarda da qeyd edilən sahələrdə perspektiv imkanlarla bağlı müzakirələr aparılacaq. "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Bakıda keçiriləcək forum gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi baxımından region üçün çox gözəl imkan yaradacaq.

Forum regional və qlobal oyunçulara regionun gələcəyi ilə bağlı əsas çağırışları və imkanları dəyərləndirmək üçün mühüm platforma olacaq, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfə verəcək. Xatırladaq ki, Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi barədə ümumi razılıq yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşündə əldə edilib.

Məqsəd iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaqdır

Məlumat üçün bildirək ki, Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun əsası alman əsilli isveçrəli iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı şirkət idarəçiləri ilə birgə təşkil etdiyi kiçik bir toplantıyla qoyulub. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. Bir müddətdən sonra isə müxtəlif ölkələri təmsil edən çoxsaylı iqtisadçı, biznesmen və siyasətçilərin diqqətini cəlb etməsi forumu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi böyük toplantılar silsiləsinə çevirdi. Forum hər il İsveçrənin Davos şəhərində keçirilir. Məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri səmərəli dialoqa və əməkdaşlığa cəlb etmək, onların arasında əlaqə yaratmaq və yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, bu istiqamətdə müzakirələr aparmaqdır.

Azərbaycan investisiya yatırımları üçün cəlbedici məkandır

Qeyd edək ki, Azərbaycan həm siyasi, həm iqtisadi baxımından riskli ölkə deyil, eyni zamanda, investisiya yatırılması üçün əlverişli şəraitə və mənbəyə malikdir. Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının təmin edilməsi, eləcə də, digər tədbirlərin intensiv xarakter alması dünyanın iri investorlarının diqqətini cəlb etməkdədir. Azərbaycanın bu cür üstünlükləri həm də beynəlxalq təşkilatların rəylərində də özünü göstərir. Həmçinin, son dövrlər ən nüfuzlu beynəlxalq maliyyə və reytinq təşkilatlarının hesabatlarından da göründüyü kimi, respublikamızda azad bazar prinsiplərinin və investisiyalar üçün rəqabət qabiliyyətli biznes iqliminin təmin edilməsi təqdir olunan başlıca elementlərdəndir. Xatırladaq ki, Prezident İlham Əliyev biznes mühitini təkmilləşdirmək, iqtisadi diversifikasiyaya şərait yaratmaq və məşğulluğu artırmaq məqsədilə hələ 30 aprel 2007-ci ildə Sərəncam imzalayaraq müvafiq dövlət qurumlarına zəruri addımların atılması üçün tapşırıqlar vermişdi. Bunda əsas məqsəd biznesin qeydiyyatı sistemini yaxşılaşdırmaq və sahibkarlıq bölməsində fəaliyyət üçün tələb olunan prosedurları sadələşdirməkdən ibarət idi. Bundan sonra hökumət islahatların aparılması üçün strateji istiqamətləri müəyyənləşdirdi, diversifikasiya və davamlılığa əsaslanan tədbirlər görüldü. Qısa müddətdə müəssisələrin qeydiyyatının aparılması, lisenziyalaşdırma və icazələr sisteminin, vergi sənədlərinin təqdim olunması, əmlakın qeydiyyatı, kreditdən istifadə, işçi qüvvəsinin və investorların müdafiəsi sahələrində təkmilləşdirmələr həyata keçirildi. Məhz ötən müddət ərzində Milli Məclisdə müxtəlif qanunarın qəbul edilməsi və hökumət tərəfindən qəraraların verilməsi biznes mühitini daha da şəffaflaşdırdı. Bu sektora yatırılan sərmayələr isə ildən-ilə artmağa başladı. Prezident İlham Əliyev "Mən bütün sahibkarları əmin etmək istəyirəm ki, hökumət sahibkarlığın inkişafına bütün mümkün yardımı göstərəcək. Onların sərmayələri ölkənin bütün guşələrində etibarlı müdafiə olunacaq" deyərək biznes sektorunun tam təhlükəsiz şəkildə fəaliyyət göstərdiyinə işarə edirdi.

Eyni zamanda, bu ilin fevral ayının 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bir daha vurğulanıb ki, ölkəmizdə sahibkarlıq sektoruna, biznes mühitinə bütün şərait yaradılıb. Elə, son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kreditin verilməsi, həmçinin, bu il isə sahibkarlara daha 250 milyon manat kreditin veriləcəyini nəzərə alaraq, demək olar ki, bu sektorun inkişafı Azərbaycan dövlətinin prioritetidir.

Bununla yanaşı, vurğulanmalıdır ki, sahibkarlara Prezident İlham Əliyevin də böyük dəstək verməsi öz səmərəsini göstərir. Hətta sonuncu dəfə dövlət başçısı İlham Əliyev çıxışında qəti şəkildə bildirib ki, sahibkarlığa dəstək ölkəmizin uğurlu inkişafını təmin edən əsas faktorlardan biridir: "Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Belə hallar vardır. Deyə bilmərəm ki, bu, belə geniş vüsət alıbdır, amma var və buna son qoyulmalıdır. Sahibkarlığın inkişafı dövlət siyasətidir və yerli icra başçısı yerlərdə dövlət siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ona görə bir daha deyirəm, bütün icra başçıları bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır. Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını alacaqdır. Onlara yalnız kömək göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər".

Bakıda qlobal inkişafın yeni trendləri müəyyənləşdiriləcək

Dünyanın siyasi və iqtisadi elitasının dövlətimizə olan marağının əsasında dayanan daha bir fakt isə son dövrlər ərzində sürətlə inkişaf edərək, Azərbaycanın planet ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilməsidir. Bu, sadə bir fikir deyil, reallıqda öz əksini tapmış faktdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi və şaxələndirməsi nəticəsində 2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artıb. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalıb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil edib və xarici ticarət dövriyyəsi 6,4 dəfə artıb. Təsadüfi deyil ki, dünyanın ən nüfuzlu "Standard & Poor’s", "Fitch" və "Moody’s" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir. Bununla yanaşı, Azərbaycanda 2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə, 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artıb. 2003-cü ildən bəri turizm sektoru 8,5 dəfə və ölkəmizə gələn turistlərin sayı isə 3,3 dəfə yüksəlib. Son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilib. Həmçinin, sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq görərik ki, bu, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir.

Eyni zamanda, həyata keçirilən infrastruktur layihələri də kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə artıq ölkəmiz öncül yerlərdədir, bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılıb. Yəni, göstərilənlərdən ortaya çıxan məntiq ondan ibarətdir ki, Azərbaycan bu gün Cənubi Qafqazın "pələngi" olmaqla yanaşı, dünyanın bir çox dövlətlərinə siyasi və iqtisadi inkişaf nümunəsidir. Məhz bu mənada, aydın olur ki, Azərbaycanın Forumun keçirilməsi üçün seçilməsi ən ideal məkandır. Ona görə də, əminliklə bildirmək olar ki, Bakıda keçiriləcək növbəti Dünya İqtisadi Forumu qlobal inkişafın yeni trendlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər