Rüstəm İbrahimbəyov neçə vaxtdır ki, bu mahnını oxuyur, ancaq bu mahnıda yeni çalarlar, yeni notlar yoxdur. Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Rüstəm İbrahimbəyovun mətbuatda yayılan müsahibəsini şərh edərkən deyib.
Ağamalının sözlərinə görə, Rüstəm İbrahimbəyov öz sözündən daha çox bir icraçı kimi fəaliyyətini qurmaqdadır, bu gün onun bütün fikirləri, ideyaları satqınlıq zəminində qurulub və o, Rusiyanın sözünü deyir, Rəsul Quliyevin arzularını həyata keçirməyə çalışır.
"İbrahimbəyovun Azərbaycan xalqı, onun taleyi, bu günü, sabahı ilə hər hansı bir bağlılığı yoxdur, çünki İbrahimbəyov heç zaman Azərbaycan xalqı ilə birgə olmayıb. Sual olunur ki, neçə illərdən bəri Rüstəm İbrahimbəyov harada idi ki, onun bu qədər fəallığı görünmürdü? Nə oldu birdən birə?", - partiya sədri deyib.
Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun bu günki fəaliyyəti mahiyyət etibarı ilə ermənilərin strateji maraqlarına xidmət edir.
yap.org.az