PDF Oxu

Əsas

  • 17

YAP Xaçmaz rayon təşkilatının VII konfransı keçirilib

YAP Xaçmaz rayon təşkilatının VII konfransı keçirilib

Dünən YAP Xaçmaz rayon təşkilatının VII konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzərək, Onun xatirəsini yad etdilər.

Konfransı YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq, keçən müddət ərzində rayon təşkilatının gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. O, Yeni Azərbaycan Partiyasının zəngin həyat yolu keçdiyini, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqlədiyini vurğuladı: "Rayon təşkilatının fəalları prezident, bələdiyyə və parlament seçkilərində sistemli və aktiv fəaliyyət sərgiləməklə keçirilmiş seçkilərdə YAP-ın ümumi qələbəsinin əldə olunmasına öz töhfələrini veriblər. Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu yolla irəliləyir, inkişaf edir, böyüyür, böyüdükcə ölkəmiz də güclənir. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev bu gün sadəcə YAP-çıların deyil, hər bir azərbaycanlının rəhbəri olaraq, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir, ölkəmizin və millətimizin maraqlarını yüksək səviyyədə qoruyur. Ancaq biz təşkilat olaraq, bugünkü uğurlarımızla kifayətlənmək fikrində deyilik. Daha da yüksəlmək, qazandığımız uğuru itirməmək üçün bundan sonra da siyasi meydanda bacarığımızı ortaya qoyacağıq".

Konfransın işində YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Abel Məhərrəmov, millət vəkili Arif Əşrəfov, YAP Xaçmaz rayon təşkilatının idarə heyətinin üzvləri Elman Allahyarov, Sevinc Sədullayeva çıxış edərək, YAP-ın yaranma tarixinə və ötən 21 ildə partiyanın əldə etdiyi böyük nailiyyətlərə toxunublar. Çıxış edənlər bildiriblər ki, partiyanın yaranması, həqiqətən də, çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas etdi. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev konfransın işində çıxış edərək partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi. O bildirdi ki, təşkilat üzvləri Xaçmaz rayonunun ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ş.Xanbabayev, həmçinin, rayonda həyata keçirilən abadlıq və quruculuq işləri haqqında da ətraflı məlumat verdi. Onun sözlərinə görə, ölkə Prezidentinin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq bir sıra layihələr həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində lazımi addımlar atılır. İcra başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmaz rayonunda mühüm layihələrin reallaşdığını da vurğuladı.

Konfransda YAP Xaçmaz rayon təşkilatından Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçildi.

R.KAMALQIZI

Digər xəbərlər