Şəmkir rayon icra hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May Respublika Günü münasibəti ilə tədbir keçirilib. YAP Şəmkir rayon təşkilatının akt zalında keçirilən tədbirdə dövlət himni səsləndi. Tədbiri giriş sözü ilə açan rayon mərkəzləşdirilmiş kitabxana sistemi Şəmkir rayon şöbəsinin direktoru Sahibə Əmiraslanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və qazandığı uğurlar barədə geniş məruzə ilə çıxış etdi. Natiq 28 may gününün Azərbaycan xalqının tarixinə parlaq səhifə kimi əbədi daxil olduğunu bildirərək qeyd etdi ki, 95 il bundan əvvəl, 1918-ci il mayın 28-də Azərbaycan xalqının tarixində çox əlamətdar bir hadisə baş vermişdir. Məhz həmin gün İstiqlal bəyannaməsi qəbul olunmuş, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilmişdir.
Tədbirdə çıxış edən Şəmkir rayon icra hakimiyyəti başçısının təhsil, səhiyyə, mədəniyyət və humanitar məsələlər üzrə müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, artıq 21 ildir ki, xalqımız müstəqil və azad şəraitdə ilk demokratik dövlətin yaranması gününü böyük təntənə və iftixar hissi ilə qeyd edir: "Əsrlər boyu müstəqillik, milli azadlıq həsrətində olan xalqımızın ilk demokratik respublikası çox az bir müddət, cəmi 23 ay yaşamasına baxmayaraq, onun fəaliyyət dövrü milli dövlətçilik tariximizin ən yaddaqalan mərhələlərindən biri olmuşdur".
F.Vəliyev 1991-ci ildə yenidən öz dövlət müstəqilliyinə qovuşan Azərbaycanın daha da inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutmasında Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətlərini önə çəkmiş, müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurlar barədə danışmışdır.
Şəmkir rayon mədəniyyət və turizm şöbəsinin müdiri Qüdrət Əliyev çıxış edərək xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdığını bildirdi: "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir."
Sonda Şəmkir rayon Heydər Əliyev Mərkəzinin direktoru Fəxri Yusibov, rayon tarix və diyarşünaslıq muzeyinin direktoru Cavanşir Pirverdiyev və başqaları çıxışlarında qeyd etdilər ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Daha sonra rayon məktəblilərinin, müsiqiçilərinin çıxışı ilə tədbir davam etdirildi.
Yekunda bir qrup oxuculara məktəblilərə və uşaq baxçasının körpələrinə YAP Şəmkir rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr verildi.
ÜLVİ